AZ

Bakı Enerji Həftəsində COP29-la Orta Dəhlizin bağlılığı belə izah edildi...

Image

Rəsul Cahangirli: “Bakıda keçiriləcək COP29 Orta Dəhlizin önəmini iştirakçı dövlətlərə çatdıracaq”

Rusiya neftinə tətbiq olunan sanksiyalar Azərbaycan üçün geniş imkanlar yaradıb. Bu sözləri “Atlantic Council” Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentz Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Rusiyadan tədarüklər dayandığı üçün diqqət Azərbaycana yönəldiləcək.

“Geosiyasi vəziyyət bizə “Bakı-Tbilisi-Ceyhan” (BTC) boru kəmərinin genişləndirilməsi imkanlarını göstərdi. Dünyada dəyişən geosiyasi vəziyyət BTC ixrac boru kəmərinin fəaliyyətinə mənfi təsir göstərə bilmir. Orta Dəhlizin mərkəzi elementi kimi Azərbaycanın əhəmiyyətini vurğulamaq vacibdir. Azərbaycanın COP29-a sədrliyi Orta Dəhlizin uğur qazanması üçün imkanlar yaratmaqla yanaşı, bu istiqamətdə yeni texnologiya və yolların araşdırılmasını ön plana çıxarır”, - deyə baş direktor vurğulayıb.

Maraqlı yanaşmadır ki, Azərbaycan Orta Dəhlizin mərkəzi elementidir. Həmçinin, ölkəmizinn COP29-a ev sahibliyi Orta Dəhlizin uğur qazanması imkanlarını daha da genişləndirir. Yeni yolların, texnologiyaların araşdırılmasını ön plana çıxardır. Bu, COP29-la Orta Dəhliz arasında çox unikal və maraqlı əlaqə, sinerji yaratmaq üsuludur. O baxımdan nə kimi əlaqələrdən danışmaq olar?

“Bu da öz növbəsində ona gətirib çıxaracaq ki, daha çox ölkə daşımaları Azərbaycan üzərindən həyata keçirəcək” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirli hesab edir ki, COP29 tədbirindən sonra Orta Dəhlizə maraq daha da artacaq: “Orta Dəhlizin əsas halqası olan Azərbaycan üzərindən daşımalar son dövrlər nəzərəçarpacaq dərəcədə artıb. Həm tranzit yük daşımalarda, həm də neft-qaz daşımalarında artım var. Ukrayna müharibəsinin yaratdığı reallıqlar Orta Dəhlizə olan marağı dəyişdi. Baxmayaraq ki, Orta Dəhliz vasitəsilə Avropaya gedən yolun daha qısa olduğu bəlli idi. Ancaq illərlə ənənəvi marşrut xətlərinin olması imkan vermirdi ki, bu yöndə status-kvo dəyişsin. Məsələn, Çin hesab edirdi ki, bir neçə ölkə ilə gömrük razılaşmaları aparmaqdansa, Rusiya vasitəsilə Avropaya yük daşımaq daha sərfəlidir. Halbuki, məsafə baxımından Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan marşurutu yüklərin daha tez çatdırılması üçün uyğun idi. Ancaq Ukrayna müharibəsi və Qırmızı dənizdə yaşananlar bu variantın əlverişli olmasını gündəmə gətirdi. Noyabrda Bakıda keçiriləcək COP29 Orta Dəhlizin önəmini iştirakçı dövlətlərə çatdıracaq. Bu, dəhlizin yaratdığı avantajarı daha yaxından görməyə imkan yaradacaq. Bu da öz növbəsində ona gətirib çıxaracaq ki, daha çox ölkə daşımaları Azərbaycan üzərindən həyata keçirəcək. Ona görə də bunların arasında ahəngdar əlaqə var”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
baki-xeber.com

1Mənbələr