AZ

Xəzərdən külək enerjisi ixracı qaz ixracını üstələyəcək- Əliyevin kursunu Bayden də təsdiqlədi...

Image

Fikrət Yusifov: “Bütün bunlar ölkəmizin potensialının qəbul olunması anlamına gəlir”

Xəbər verildiyi kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktubda çox önəmli məqamlara toxunan Bayden həmçinin qeyd edib ki, Azərbaycanın bərpa olunan enerji ixracı neft ixracını üstələyəcək: 

“Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər”.

Ümumən belə yanaşma, əslində Azərbaycanın xüsusilə Vətən müharibəsindən sonra bərpa olunan enerji siyasəti sahəsində ortaya qoyduğu kursun qlobal miqyasda etirafı, qəbul olunması, təsdiqi deyilmi? Çünki müharibədən dərhal sonra Prezident Əliyev bəyan etdi ki, bizim azad edilən ərazilərdə və Xəzər dənizində çox böyük bərpa olunan enerji potensialımız var. Təkcə Xəzərin Azərbaycan sektorunda elektirik enerjisi potensialı 157 giqavat qiymətləndirilir. O baxımdan bu, əslində Azərbaycanın Xəzər dənizinin alternativ enerji mənbəyi olacağı baxımından böyük kursunun təsdiqidir, qəbul olunmasıdır və etirafıdır. 

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir?

“Azərbaycan yaxın illərdə Avropanın yaşıl enerji təchizatçılarından birinə çevriləcək”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq maliyyə naziri, professor Fikrət Yusifov hesab edir ki, prinsipcə, bu, Azərbaycanın potensialının qəbul olunması anlamına gəlir: “Bakıda enerji həftəsi çərçivəsində keçirilən tədbirə 37 ölkədən 300-dən çox nümayəndə heyətinin qatılması Azərbaycanın ev sahibliyi etdiyi tədbirin miqyasının bariz göstəricisidi. Azərbaycanda keçirilən bu tədbir çərçivəsində dünyada yaşıl enerji istehsalının üstün artımının təmin edilməsi kimi mühüm bir məsələnin ətrafında müzakirələr aparılacaqdır. Bu gün dünya qlobal istiləşmənin fəsadlarının törətməyə başladığı böyük bir fəlakətlə üz-üzədir. Bəşəriyyəti bu qədər ciddi narahat edən bir məsələnin həllində müstəsna rol oynaya biləcək yaşıl enerji istehsalının artımının təmin edilməsinə dair məsələlərin Bakı enerji həftəsi çərçivəsində müzakirə olunması nə deməkdir? Bakıda keçirilən bu tədbirə Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Baydenin göndərdiyi təbrik məktubunda bu sualın cavabı aydın şəkildə verilib. Azərbaycanın bu istiqamətdəki fəaliyyəti yüksək qiymətə layiq görülüb. Bu ilin noyabr ayında Bakı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-a ev sahibliyi edəcəkdir. Miqyasına görə BMT Baş Assambleyasının toplantısından sonra ikinci sırada dayanan və dünyanı narahat edən bir saylı məsələnin  müzakirəsinə həsr ediləcək bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu bir qədər də artıracaq. Azərbaycan bu gün alternativ enerji mənbələri hesabına özünün enerjiyə olan tələbatının 21 faizini ödəyir. Bu rəqəmin 2030-cu ildə 30 faizə yüksəldilməsi proqnozlaşdırılır. Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. İşğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları və Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azərbaycan yaxın illərdə Avropanın yaşıl enerji təchizatçılarından birinə çevriləcəkdir. Bu istiqamətdə artıq konkret addımlar atılır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
baki-xeber.com

1Mənbələr