AZ

“Uşaq geyimləri vergidən azad olunsun“- Kubra Məhərrəmova

Kubra Məhərrəmova yazır...

Əvvəllər rayonda, kənddə həyətlər dolu olardı uşaqlarla. Ailələrdə 6-10 uşağın olması normal idi. Qonşu uşaqlar da həyətə oynamağa gəlsəydi, elə bilərdin həyətdə bir məktəb uşaq var.

Sonra müharibə başladı, insanlar evindən-eşiyindən didərgin düşüb hərəsi bir səmtə pənah apardılar. Nə həyətlər qaldı, nə də qaçıb-oynayan uşaqlar.

Sonra da aclıq, səfalət, köçkün həyatı və s.

İnsanımız yavaş-yavaş boğazlarından kəsib uşağını yedirtdi, təhsil verdilər. Çünki həyat dəyişdi. Nə torpaq var idi, nə mal-qara, nə də başqa şey.

Təhsilli olmaq sağ qalmaq üçün əsas şərt idi.

Kənd şəhərə sığışdıqca kiçildi, balacalaşdı, lap cılız oldu. Şəhərdə formalaşan ikinci nəsil şəhər formatında yaşamağa başladı, daha doğrusu məcbur oldu. Daha həyətində mağar qurub toy eləmədi. Kəndin bu başından, o başına kimi el-oba da toya gəlmədi. Balaca şadlıq evlərinə yığışıb xudmani toy elədi, ailə qurdu. Sonra da bir, ya iki uşaq dünyaya gətirdi. Elə ikinci nəsil də boğazından kəsib ya bir, ya da iki uşağını böyütdü.

Milyon yarım didərgin düşmüş insanın həyatı 30 il ərzində beləcə kiçildi, balacalaşdı. 6-10 uşaqlı ailələr 1-2 uşaqlı ailələrə çevrildi.

Bu gün 30 ildən sonra işğaldan azad olunmuş rayonlara, kənd və şəhərlərə insan köçünü yola saldıqca görürük ki, sən demə 30 il əvvəl 6-10 uşaqla gələn ailələrin davamçıları, indi iki, ya da bir uşaqla geri dönür.

Elə bu yaxınlarda Bakı Tədqiqat İnstitutunun 2005-22-ci illəri əhatə edən hesabatında deyilir ki, 2005-ci ildə əhalinin 31,8%-ni 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb.

Məsələni Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də təsdiqləyib: "Əhalinin sayının artım dinamikasına fikir versək, görərik ki, son illər ərzində əhalinin ümumi sayında artım müşahidə olunsa da, təbii artımın və doğulanların sayında azalma var".

Bu gün orta statistik ailədə iki uşaq artıq az rast gəlinən haldır. Demək olar ki, son illərin nikahlarından əsasən bir övlad dünyaya gəlir.

Nikahların yarısının boşanma ilə nəticələnməsi də bir başqa problemdir.

Bu gün sanki gənc ailələr sabaha güvənmir, boşanacağı halda iki uşaqla qalmaqdan qorxur deyə, əvvəlcədən özünü bir uşaqla sığortalayır.

Bu hər iki tərəfə aiddir. Qadın düşünür ki, boşansam heç olmasa tək uşağa baxaram, kişi də düşünür ki, boşansam bir uşağa aliment ödəyəcəyəm.

Ekspertlər burada ailə institutunun dağılmasını, evlənənlərin daha uzun perspektivə fokuslanmamasını qeyd edir.

Daha sadə dildə desək, evlilik və ailəyə "tutar qatıq, tutmaz ayran" prizmasından yanaşırlar.

Sosioloqlar uşaq sayının azalmasında birinci iqtisadi problemləri görürlər. Düşünürlər ki, dövlətin çoxuşaqlılıq üçün təşviq proqramları olmalıdır.

Məsələn illərdir bu məsələ gündəmdə olsa da, hələ də müzakirə etapından o yana keçməyib. Hər doğulan uşaq üçün müəyyən olunmuş məbləğdə müavinətin verilməsi nəzərdə tutulsa, bu, ailələrə dünyaya daha çox uşaq gətirmələri üçün də müsbət stimul ola bilər.

İkinci məsələ aliment fondunun yaradılmasıdır. Bu təklif də illərdir müzakirə olunur. Şərt də odur ki, əgər atanın indi aliment ödəməyə imkanı yoxdursa, bu gün uşağa tələb olunan alimenti dövlətin fondu ödəyir, ata iş tapıb maaş alan kimi, aliment borcu maaşından tutulub fonda qaytarılır. Əladırmı? Birmənalı.

Təbii ki, uşaqların dünyaya az gəlməsi təkcə Azərbaycanda problem deyil. Bunu dünyanın bir çox ölkələrində müşahidə edirik. Ailələrdə uşaq sayının çoxaldılması üçün bir sıra dövlətlər təşviq proqramları həyata keçirirlər. Məsələn, dünyaya gələn hər ikinci, üçüncü və dördüncü uşaq üçün birdəfəlik ödənilən pul müavinətləri mövcuddur. Çoxuşaqlı ailələrin yaşayış və məişət şəraitinin yaxşılaşdırılmasına dair müxtəlif tədbirlərin həyata keçirilməsi, uşaqların bağça, məktəb və s. təmin olunması kimi məsələlər gündəmdə durur.

Bu kimi proqramların Azərbaycanda nə dərəcədə keçirildiyi isə göz qarşısındadır.

Lakin düşünürəm ki, ilk addım olaraq ən bəsit hərəkətləri həyata keçirtmək olar.

Məsələn, aztəminatlı ailələr üçün uşaq qidalarına, məktəb ləvazimatlarına müəyyən güzəştlərin olması, uşaq geyimlərini ƏDV vergisindən azad etməklə bu sahədə müəyyən irəliləyişə nail olmaq mümkündür.

Orta statistik ailədə bir uşağın geyimi üçün xeyli miqdarda xərci çıxır. Nəzərə alsaq ki, uşaqlar tez böyüyürlər, onların geyim və ayaqqabı ölçüləri tez-tez dəyişir, bu da valideynlərə bu istiqamətdə daha çox pul xərcləməyə səbəb olur. Böyük adam özünə aldığı hər hansı geyimi bir-iki il geyinə bilirsə, balacalarla bunu etmək müşkül məsələdir. Üstəgəl son dövrlər allergik xəstəlikli uşaqların sayının çoxalması fonunda onların ekoloji cəhətdən daha təmiz geyimlər geyinməsi vacibdir. Çünki sintetik materiallardan hazırlanan geyimlər onların səhhətində özünü olduqca pis göstərir. Qızartı, qaşıntı adi hala çevrilir. Bu da yolverilməz məqamdır.

Buradan belə məlum olur ki, ekoloji cəhətdən təmiz materialların (pambıq, kətan) qiyməti də daha baha olur. Bu məqsədlə uşaq geyimlərini ƏDV vergisindən azad etmək olduqca uyğun görünür. Əslində bu addım gənc ailələrə dəstək üçün ilk qaranquş hesab oluna bilər.

Bir də düşünün ki, övladını tək böyüdən analar var. Kimsədən dəstəyi olmayan. O balalar da, gözəl-qəşəng geyinsə yaxşı olmazmı? Daha kiminsə nimdaş geyimini yox. Öz yeni, təzə, çiçək kimi paltarlarını.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
news365.az

1Mənbələr