“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” (Qara dəniz sualtı enerji kabeli) layihəsi yaxşı perspektivlərə malikdir, çünki belə kabelə tələbat var və bu tələbat artacaq.

İndex.az xəbər verr ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov bu gün Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

“Bu layihə, məlum olduğu kimi, Xəzərdə istehsal olunan offşor külək enerjisinin güc kabeli ilə Avropaya çatdırılması üçün nəzərdə tutulub. Belə kabel çəkilişinə böyük ehtiyac, tələbat var və artacaq. Xəzər dənizinin külək enerjisində yüksək potensialı nəzərə alınaraq, bu layihənin həyata keçirilməsi üçün həm “təmiz enerji” mənbələri, həm də tələbat var”, – o qeyd edib.

Nazir müavini bildirib ki, paralel olaraq Azərbaycan Mərkəzi Asiya regionundan Avropaya “yaşıl enerji”nin ixracı layihəsinin həyata keçirilməsi üzrə Qazaxıstan və Özbəkistanla əməkdaşlığı inkişaf etdirir: “Mərkəzi Asiya külək enerjisi istehsalı üçün yüksək potensiala malikdir, buna görə də belə bir layihənin həyata keçirilməsi onun bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edəcək”.

O.Zeynalov onu da vurğulayıb ki, enerji keçidi tədbirlərini həyata keçirərkən ənənəvi yanacaq növlərini də kənara qoymaq olmaz: “Enerji keçidi mərhələli və balanslı olmalıdır, yəni ənənəvi yanacaq və bərpa olunan enerji mənbələri arasında balans qorunmalıdır”.