AZ

"3 yaşlı uşaq mobil cihazlarla gündə maksimum 60 dəqiqə vaxt keçirə bilər" — Valideynlər nədə səhv edir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi ilə bağlı araşdırma aparıb. Sorğuya qatılanların 75 faizi internetdən hər gün yararlandığını bildirib. Çoxluğun fikrincə, internetsiz həyat darıxdırıcı, boş və sevincsiz olardı. Günümüzdə uşaqların çoxu üçün internet bir nömrəli əyləncə, oyun vasitəsinə çevrilib, digər məşğuliyyətlərə maraq azalıb. 

Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, "ALTER" Psixologiya və Təlim mərkəzinin təsisçisi və direktoru, psixoloq Əli Xəlilov Demokrat.az-a açıqlamasında deyib ki, intenetə maraq uşaqların mobil cihazlarla tanışlığından başlayır. 

Onun sözlərinə görə, uşaqların erkən yaşlardan bu vasitələrə əlçatanlığı olmasa, internetə də maraqları olmaz: 

“Oyunlar və cizgi filmlərinə baxmaqla internetlə tanışlıqları başlayan uşaqlar daha sonra müxtəlif saytlara, platformalara, sosial şəbəkələrə daxil olurlar. Uşaqlar arasında internetdən istifadə ona görə çox yayılıb ki, valideynlər tərbiyə metodunu dəyişiblər. 

Əvvəllər uşaqlar ağlayanda, nəsə istəyəndə valideyni ona diqqət və qayğı göstərərdi və ya bir oyuncaqla başını qatardı, böyüdükcə də uşaq yaşıdları ilə əyləncəli vaxt keçirərdi. İndiki dövrdə də bunlar var, lakin çox azalıb. Araşdırmalar göstərir ki, azı 3 yaşa qədər uşağın telefonla, planşetlə tanışlığı olmamalıdır. Amma biz görürük ki, uşaq bir az ağlayan kimi anası telefonu, planşeti qoyur onun qabağına ki, təki sakit olsun, mane olmasın. Analar öz konfortuna görə uşağı mobil cihazlara öyrəşdirirlər. 

Uşağın 7 yaşa qədər xarakteri, vərdişləri formalaşır, yaş artdıqca internetlə tanışlıq daha da dərinləşir və bir nömrəli əyləncəyə çevrilir. Uşaq kiçik yaşlardan nəyə öyrəşirsə, sonradan onu da istəyir. 3-7 yaş aralığında uşaq mobil cihazlarla gündə maksimum 60 dəqiqə vaxt keçirə bilər fasiləli şəkildə olmaq şərtilə. 7 yaşdan yeniyetməliyə qədər gündəlik norma 2 saatdır. 

Yaş artıdıqca isə istər-istəməz uşaq dərslərinə görə internetdə daha çox vaxt keçirməli olur. Əlbəttə, internetlə tanışlığın da müsbət tərəfləri var, amma mənfiləri daha çoxdur. Hər yaş dövrünün öz xüsusiyyətləri var. Uşağı yaşına uyğun şəkildə böyütmək onun inkişafı üçün daha xeyirlidir”.


Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
demokrat.az

1Mənbələr