AZ

Fransa və İranın Azərbaycanla Türkiyə əleyhinə PLANI: Deputat DETALLARI AÇIQLADI

“Bu il martın 12-dən üzü bəri SOCAR-ın Türkiyədəki ofislərinə qarşı təxribatçı hərəkətlər haradasa bir zamanlar qərb mediasında ölkəmiz əleyhinə aparılan kampaniyaları xatırladır. Söhbət o kampaniyalardan gedir ki, arxasında heç də qərbdəki bəlli çevrələr deyil, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilməsini istəməyənlər dururdu. Və burada hədəf kimi ölkəmiz göstərilsə də, əslində məqsəd Avropanı özlərindən tam asılı vəziyyətdə saxlamaq, ona enerji qaynaqlarını şaxələndirməyə imkan verməmək idi”.

Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

O qeyd edib ki, həmin kampaniyada yer alanların əksəriyyətinin “Qazprom” və ya Rusiyanın ayrı-ayrı oliqarxlarına necə bağlı olduqları haqda internetdə xeyli materiallar var.

Millət vəkilinin sözlərinə görə, indi isə Fələstinə dəstək adı altında təşkil edilən bu basqılarda məqsəd SOCAR-ın İsrailə neft satmasının qarşısını almaq yox, Azərbaycan-Türkiyə əlaqələrini korlamaq və bundan da çox qardaş ölkəyə zərbə vurmaqdır: “1968-80-ci illərdəki sağ-sol qarşıdurmasını, terrorları orada indi də etnik və dini zəmində canlandırmağa cəhd edənlərin olduğu kimsəyə sirr deyil. Bu baxımdan ən böyük təhdid mənbələri başında məhz ayrı-ayrı dövlətlərin bəlli strukturlarına bağlı “din adamları”nın durduğu örgütlərdir. Belə örgütlərdən birinin 2016-cı il 15 iyulunda Türkiyə Böyük Millət Məclisinə havadan zərbə endirmək qarışıq hansı rəzilliyə əl atdığı gərək ki, unudulmayıb. Düzdür, FETÖ-yə belə bir tapşırıq SOCAR-ın Türkiyədəki ofislərinə basqın təşkil edənlərdən gəlməmişdi. Ancaq qərbdəki bəlli çevrələrlə onları “şeytan” adlandıranların Güney Qafqazdakı proseslərə, türk birliyinə necə müttəfiqcəsinə yanaşdıqlarını biz Fransa ilə İranın Ermənistandakı səfirlərinin sıx, qardaşcasına ünsiyyətlərindən görürük”.

Deputat S.Alıyev deyib ki, SOCAR-ın İstanbuldakı ofisinə qarşı növbəti təxribatçı hərəkət baş verərkən fransalı jurnalistin orada peyda olması da müəyyən suallar yaradır: “O suallardan biri də budur ki, İkinci Qarabağ savaşı zamanı başında duranı hər gün zəhlə tökərək əməliyyatları dayandırmağımızı istəyən ölkə ilə, Zəngilanda ordumuzun qabağını kəsərək qələbəmizə maneçilik törətmək cəhdində bulunanlar, bunu bacarmayanda hansısa “qırmızı xət”dən dəm vuranlar, yenə də sinxron hərəkət etmirlər ki? Digəri isə belədir: SOCAR-ın ofislərinə basqının təşkili guya onun İsrailə neft satmasına etiraz adı altında edilsə də, Azərbaycanın bu şirkətinin hədəfə alınması Türkiyə iqtisadiyyatına verdiyi böyük töhfə, 18 milyard dollarlıq yatırımla bağlı deyil ki?. Qardaş dövləti gözü götürməyənlərin son bir neçə ildə onun iqtisadiyyat və maliyyə sistemini çökdürmək üçün hansı oyunlardan çıxdıqları çoxumuza bəllidir. Paradoksal təsir bağışlasa da, mümkündür ki, həmən çevrələrin iqtisadiyyatını çökdürdükləri İran da onlara qoşulub, yaxud da qoşulmağa hazır olduğunu sərgiləyir. Türkiyənin çox güclü kəşfiyyat qurumu var və yəqin orada bunun belə olub-olmadığını bizdən daha yaxşı bilirlər”.

Millət vəkili söyləyib ki, belə təxribatlarla nə Azərbaycan-Türkiyə əlaqələrinə zərər gətirməyi bacaracaqlar, nə də qardaş dövlətlə bağlı məkrli planlarını reallaşdıracaqlar: “Türk birliyi ilk növbədə məhz Azərbaycan-Türkiyə müttəfiqliyi platformasında durmadan möhkəmlənir, türk dünyası Avrasiyada önəmli güc mərkəzlərindən birinə çevrilir. Çətin ki, kimsə bunun qarşısını almağı bacarsın, o da qala təsiri altındakı kütləni SOCAR-ın Türkiyə ofisinə saldırtdıranlar ola. SOCAR-ın yaydığı rəsmi açıqlamada da vurğulandığı kimi təchizatçı şirkətlərin xam nefti hansı ölkələrə göndərdiklərinə, ondan nə məqsədlə istifadə etdiklərinə nəzarət və ya müdaxilə imkanı yoxdur. Qısası, SOCAR İsrailə neft satmır. Ancaq İsrail bizə özünün ən modern silah-sursatını satıb və bu gün də satmaqdadır. Təsirləri altındakı kütləni SOCAR-ın Türkiydəki ofislərinə qarşı təxribata sürükləyənlər İkinici Qarabağ savaşı günlərində ordumuzun Zəngilanda önünü kəsərkən və Ermənistana hər cür dəstək verərkən də o ölkə bizi qardaş Türkiyə ilə birgə silah-sursatla təmin edirdi. ABŞ-lı analitik Mayk Doranın yazdığına görə, Vaşinqton buna son qoymağı tələb edəndə İsrail rəhbərliyinin verdiyi cavab belə olmuşdu ki, müttəfiqini savaş meydanında tək buraxmaq bizlik deyil. Azərbaycan İsrail-Fələstin qarşıdurmasına yanaşmada beynəlxalq hüququn tələblərini heç vaxt göz ardı etmədiyi, ən yüksək səviyyədə ona uyğun mövqe sərgilədiyi kimi, İkinci Qarabağ savaşında hansı dövlətin necə davrandığını da yaxşı xatırlayır”.

Vüqar MƏMMƏDOV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
medianews.az

3Mənbələr