AZ

Bakı Enerji Həftəsi başlayır

Pərvanə SULTANOVA [email protected]


Bu gün Azərbaycanda Bakı Enerji Həftəsi öz işinə başlayır. Regionun enerji sahəsində mühüm hadisəsi olan tədbir 4-6 iyun tarixlərində baş tutacaq. Beynəlxalq səviyyədə böyük maraq kəsb edən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsinin liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir.

Qeyd edək ki, Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur.

“Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Builki Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq edib.

Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.

2024-cü ildə Bakı Enerji Həftəsi bir sıra əlamətdar hadisələrə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. Azərbaycanın yeni enerji strategiyasının müəllifi, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın dünyanın neft ixracatçılarından birinə çevrilməsində mühüm rol oynayıb.

Azərbaycan Prezidenti İlham Əliyev ötən il Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı bu məqama toxunaraq deyib ki, 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.

Dövlət başçısı bildirib ki, o zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və əlbəttə ki, bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı: “Bununla yanaşı, ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar, əlbəttə ki, sərmayəçiləri bir növ qorxudurdu. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək. Məsələn, bizim BP kimi 30 illik tərəfdaşımızı və ilk konsorsiumun ovaxtkı üzvlərini də buraya dəvət etmək üçün olduqca böyük səylər lazım oldu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması yeganə addım idi ki, o, Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsində də siyasi müstəqillik gətirdi”.

Bu il Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas” sərgisinin təsis edilməsindən də 30 il ötür. Belə ki, ilk dəfə 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərgi təşkil olunub və həmin dövrdən etibarən, “Caspian Oil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib.

Sərgi və forum iştirakçılarına ABŞ, Böyük Britaniya və Türkiyə dövlət başçılarından təbrik məktubları göndərilib. Bakı Enerji Həftəsinə əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılır. Bu il də Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların iştirakı gözlənilir. Onların arasında Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin (ADNOC) idarəedici direktoru, “Masdar” şirkətinin sədri, COP28-in prezidenti Sultan Əhməd Əl Caber, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Macarıstan xarici işlər və ticarət naziri Piter Siyyarto, Macarıstanın energetika naziri Csaba Lantos, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays, Beynəlxalq Enerji Agentliyinin (IEA) İcraçı Direktoru Fatih Birol, Avropa Komissiyası Energetika üzrə Baş İdarənin direktoru Kristina Lobillo Borrero, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera, Beynəlxalq Enerji Xartiyası Baş katibinin səlahiyyətlərini müvəqqəti icra edən Atsuko Hiroşe, Dünya Enerji Konqresinin Baş katibi və icraçı direktoru Angela Vilkinson, İraq Respublikasının neft nazirinin enerji məsələləri üzrə  müşaviri AbdulBaqi K. AlSalait, Sloveniya Respublikasının Ekologiya, İqlim və Energetika Nazirliyində energetika üzrə dövlət katibi Tina Sersen, Əlcəzairin Energetika və Mədən Nazirliyinin baş katibi Abdelkrim Aouissi və bp Qrupunun Hasilat və Əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell var.

Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan “yaşıl enerji” istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunub.

Məlumdur ki, bu il ölkəmiz həm də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirə ev sahibliyi edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayacaqdır.

Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir.

Qeyd edək ki, Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi “Caspian Oil&Gas” sərgisində müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.

Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaqdır. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaq.

Bakı Enerji Həftəsi çərçivəsində təşkil ediləcək daha bir mötəbər tədbir isə Bakı Enerji Forumudur. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaqdır. Ənənəvi olaraq, foruma 600-dən çox nümayəndənin qatılacağı gözlənilir.

Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
47
525.az

10Mənbələr