AZ

Mediada uşaq hüquqlarının pozulması və məsuliyyət

Yaşadığımız dövrdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və sürətli inkişafı, internetin insan fəaliyyətinin bütün sahələrinə nüfuz etməsi bir çox müsbət tərəfləri ilə yanaşı, kifayət qədər zərərli informasiyaların da əlçatanlığını təmin etmişdir.

Zərərli informasiyalar, təhlükəli internet oyunları, eləcə də, son zamanlar valideynlər tərəfindən sosial şəbəkələrdə açılan canlı yayımlarda uşaqların yaş həddinə uyğun olmayan mövzularda söhbətlərə cəlb edilməsi onlarda tədricən psixoloji gərginlik, aqressiya və təhsildən yayınma kimi hallarla müşahidə olunur. 

Bəs uşaqlarla bağlı məlumatların, foto və ya video materialların mediada, xüsusən də sosial şəbəkələrdə və internet mediasında yayılması zamanı uşaqların hüquqlarının pozulması hansı məsuliyyətə səbəb olur?

Uşaq hüquqlarından bəhs edərkən qeyd etmək lazımdır ki, qanunvericiliyə əsasən uşaq dedikdə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər nəzərdə tutulur.

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 

“Uşaq hüquqları haqqında” Konvensiyanın 1-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edirlər. Konvensiyanın 18-ci maddəsinə əsasən valideynlər uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti birlikdə daşıyırlar. Uşağın ən yaxşı maraqları valideynlərin əsas qayğı obyektidir.

1996-cı il 3 may tarixli Dəyişdirilmiş Avropa Sosial Xartiyasının Preambulasında qeyd olunur ki, uşaqlar və yeniyetmələr məruz qaldıqları fiziki və mənəvi ziyan təhlükəsindən xüsusi müdafiə hüququna, müvafiq sosial, hüquqi və iqtisadi müdafiə hüququna malikdirlər.

Azərbaycan Respublikasının Konstitusiyasına, “Uşaq hüquqları haqqında” Bəyannaməyə, “Uşaq hüquqları haqqında” Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqları və azadlıqları, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələri “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində qeyd olunur ki, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.

Bəzən valideynlərin öz övladlarına  qarşı diqqətsizliyi, internet resurslarından istifadə zamanı valideyn nəzarətinin olmaması uşaqların sosial şəbəkələrdə yaşlarına uyğun olmayan paylaşımlar etməsinə, onların təhlükə ilə üzləşməsinə, hətta bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58-ci madəsinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

Mediada uşaqlarla bağlı məlumatların, materialların media subyektləri və jurnalistlər tərəfindən yayılması zamanı qanunvericiliyin tələblərinin pozulması halları müşahidə edilir. Media dedikdə kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti nəzərdə tutulur.

Bir çox media subyektləri tərəfindən yetkinlik yaşına çatmayan şəxslərlə bağlı dərc olunan və ya yayımlanan materiallarda həmin şəxslərin fotoşəkli və ya videogörüntüləri də daxil olmaqla fərdi məlumatlarının aşkar surətdə verilməsi hallarına rast gəlinir. 

Bununla yanaşı, bəzi media subyektləri tərəfindən böyük izləyici kütləsini cəlb etmək məqsədilə uşaqların mənafeyinə, həyat və sağlamlığına zərər gətirməklə, onların iştirakı ilə sensasiya doğuran xəbər şəklində yayımlanan materiallar xüsusilə təəssüf doğurur.

Təəssüflər olsun ki, mediada adı cinayətdə hallanan uşaqlarla bağlı xəbərlərdə onların şəxsi kimliklərinin, lazım olmayan təfərrüatların açıqlandığının şahidi oluruq. 

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən media subyekti və jurnalist tərəfindən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir.

Mediada dərc olunan və (və ya) yayımlanan informasiya “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə cavab verməlidir.

Uşaqlar üçün zərərli informasiya dedikdə  uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumatlar nəzərdə tutulur.

Qanunvericilik uşaqların zərərli informasiyadan qorunması sahəsindəki əsas prinsiplər müəyyən edib ki, bu prinsiplərə uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması və uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi aid edilir.

Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya zorakılığı və qəddarlığı, informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri və onların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli informasiyalar aid edilir.

Müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyaya isə zorakılığı və qəddarlığı nümayiş edən, qeyri-məişət leksik (jarqon) məzmunlu, qorxu məzmunlu, erotik məzmunlu informasiyalar aiddir.

Bütövlükdə zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutumuzu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, qeyri-əxlaqi informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya hesab olunur.

Zərərli informasiyalar uşaqlarda cinayət törətmək həvəsi oyadır, cinayətkar mühiti, o cümlədən cinayətləri və cinayətkarları, kriminal norma və dəyərləri, cinayətkar mühitin kriminal jarqonları da daxil olmaqla atributlarını və simvollarını müsbət mənada təqdim və təbliğ edir. Bu informasiyalar uşaqlarda davamlı qorxu, təlaş, yaxud dəhşət hissi yarada bilir, uydurma məxluqların dəhşətli görüntüsü və ya təsviri, eləcə də ciddi xəsarətləri, intiharı, bədbəxt hadisələri təbliğ edir.

Ölkəmizdə uşaq hüquqlarının müdafiəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında və rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti orqanları  yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, məhkəmə, prokurorluq və digər hüquq-mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsinə əsasən uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmçinin bu Məcəllənin 388-ci maddəsinə görə media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Sonda qeyd etmək istərdim ki, nəinki media subyektləri və jurnalistlər, ümumiyyətlə, hər kəs peşə fəaliyyətini həyata keçirdiyi zaman uşaqların mənafeyini üstün tutmalı, uşaqlarla bağlı məlumatların yayılmasında həssas yanaşmalı, onların hüquqlarının pozulmasına şərait yaratmamalıdır. Uşaqları və onların hüquqlarını qorumaq hər birimizin borcudur.

Orxan Qafarov

Məqalə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” münasibətilə keçirdiyi müsabiqəyə təqdim olunur.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
5
cebheinfo.az

6Mənbələr