AZ

Günümüzün aktul problemi: mediada uşaq hüquqlarının pozulması və məsuliyyət...

Yaşadığımız dövrdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və sürətli inkişafı, internetin insan fəaliyyətinin bütün sahələrinə nüfuz etməsi bir çox müsbət tərəfləri ilə yanaşı, kifayət qədər zərərli informasiyaların da əlçatanlığını təmin etmişdir.

Bəs uşaqlarla bağlı məlumatların, foto və ya video materialların mediada, xüsusən də sosial şəbəkələrdə və internet mediasında yayılması zamanı uşaqların hüquqlarının pozulması hansı məsuliyyətə səbəb olur?

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 

Konvensiyanın 18-ci maddəsinə əsasən valideynlər uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti birlikdə daşıyırlar. Uşağın ən yaxşı maraqları valideynlərin əsas qayğı obyektidir.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən media subyekti və jurnalist tərəfindən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir.

Uşaqlar üçün zərərli informasiya dedikdə  uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumatlar nəzərdə tutulur.
Qanunvericilik uşaqların zərərli informasiyadan qorunması sahəsindəki əsas prinsiplər müəyyən etmişdir ki, bu prinsiplərə uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması və uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi aid edilir.

Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında və rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti orqanları  yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, məhkəmə, prokurorluq və digər hüquq-mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsinə əsasən uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmçinin bu Məcəllənin 388-ci maddəsinə görə media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Orxan Qafarov

P.S. Məqalə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” münasibətilə keçirdiyi müsabiqəyə təqdim olunur.

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
5
mia.az

6Mənbələr