AZ

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” adlı konfrans təşkil edilib

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də “Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” adlı konfrans keçirilib. SİA xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin (AUİP), Uşaq Səfirlər Məclisinin (USM) birgə təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə STEAM İnnovasiya Mərkəzində keçirilən konfrans “#BütövAzərbaycan üçün” devizi ilə təşkil olunub.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, eyni zamanda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva uşaqlara diqqət və qayğının, onların hüquqlarının qorunmasının dövlətimizin prioritet məsələlərindən olduğunu vurğulayıb. Vətən müharibəsinin getdiyi həssas bir dönəmdə Azərbaycan Prezidenti tərəfindən imzalanan “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” istiqamətində görülən işlərdən danışan komitə sədri Azərbaycan Uşaqlarının Ümumrespublika Forumunun əhəmiyyətini qeyd edib. A.Sofiyeva Uşaq Səfirlər Məclisinin yaradılmasını çox mühüm və uğurlu layihə kimi dəyərləndirib. Bildirib ki, tərkibində istedadlı, bacarıqlı uşaqları birləşdirən bu qurum ötən 4 il ərzində xeyli iş görüb. O, Uşaq Səfirlər Məclisinin bütün rayonları əhatə etdiyini də diqqətə çatdırıb.

Cəmiyyətdə uşaq iştirakçılığından danışan komitə rəsmisi ölkənin ictimai-siyasi həyatında gənclərin rolunu qeyd edib və onların da üzərinə məsuliyyət düşdüyünü vurğulayıb. Böyük Zəfərimizdən sonra yeni bir dövrə qədəm qoyulduğunu qeyd edən A.Sofiyeva işğaldan azad olunmuş torpaqlara qayıdış prosesinin hər birimizin, o cümlədən gənclərin üzərinə böyük vəzifələr qoyduğunu söyləyib.

"Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin sədri Müslüm Məmmədov dövlət uşaq siyasətindən ilhamlanaraq Qarabağa qayıdışda AUİP-in töhfə verəcəyinə inandığını bildirib. Qeyd edib ki, platforma bundan sonra da daha çox uşağı ətrafına toplamaq üçün ardıcıl layihələr həyata keçirəcək.

"Ümidli Gələcək" Gənclər Təşkilatının sədri Kəmalə Aşumova AUİP ilə hər zaman əməkdaşlıq etməyə hazır olduğunu deyib, təşkilatın üzvlərinin bacarıqları ilə gələcəkdə birgə uğurlu layihələrin reallaşdırılacağına inamını ifadə edib. O, uşaqların cəmiyyətdəki çatışmazlıqlara özünəməxsus baxışı olduğunu qeyd edərək əlavə edib ki, belə platformalar vasitəsilə uşaqların cəmiyyətin inkişafı üçün arzu və istəklərini çatdırması, uşaqdan-uşağa prinsipi ilə onların öz yaşıdlarına səslənməsi çox önəmlidir.

Konfrans panel müzakirə sessiyası ilə davam edib. Sessiya zamanı uşaqların Böyük Qayıdış prosesində reallaşdırıla biləcək təklifləri və sualları səsləndirilib.

Tədbir müzakirələrlə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
sia.az

1Mənbələr