AZ

"Manqurt"laşdırma siyasəti... "İnnovasiya əsrində hansısa kitaba "senzura" qoyulması anlaşılan deyil"

Xaricdən dini təmayüllü ədəbiyyatların gətirilməsi üçün Dini Komitənin xüsusi icazəsinin olması və bunun gömrükdə bəyan edilməsi gərəklidir. Məsələn, "Trendyol" vasitəsilə Qurani-Kərim və ya onun kimi başqa bir İslam dininə məxsus kitabların gətirilməsi xüsusi icazə tələb edir. Ona görə də şirkət "Azərbaycan üçün uyğun deyil!" açıqlamasını verir. Ancaq dini təmayüllü kitablar İslamdankənardırsa - İncil, Tövrat, buddizm, şamanizm, ateizm və sair kimi - onların gətirilməsinə heç bir məhdudiyyət qoyulmayıb və "Azərbaycan üçün uyğundur!" təsdiqi verilir. Xülasə, İslami qaynaqlardan başqa digər bütün dini qaynaqlı kitabların gətirilməsinə icazə var, amma sırf İslami ədəbiyyata xüsusi senzura var və mütləq, Dini Komitənin icazəsi olmalıdır. Bu, tolerantlıqdan və dinlərə qarşı eyni məsafədən yanaşma prinsipini pozmurmu? Dinlərarası ayrı-seçkilik hesab olunmurmu? Niyə məhz İslami ədəbiyyatın gətirilməsinə məhdudiyyət var, amma digər dinləri təbliğ edən kitablara bu "senzura" şamil edilmir? İlahiyyatçı Tural İrfan məsələ ilə əlaqədar Bizimyol.info xəbər portalının suallarını cavablandırıb. ilahiyyatçı Tural İrfan "Xaricdən gətirilən kitablara məhdudiyyət qoyulmasının əvəzinə, bu kitabların nəzarətdən keçirilməsinin tərəfdarıyam. Bunu da peşəkar mütəxəssislər müəyyən etməlidirlər. Nəinki dini, hətta siyasi və başqa ədəbiyyat sahələrinə aid olan kitablar olsun, onların ölkəmizə keçirilməsi və burda yayılması kimi məsələlərə nəzarət olunmalıdır. Ancaq İslam dininə məxsus olan mötədil və ənənəvi kitablar ki, misal - Qurani-Kərim, onun ənənəvi təfsirləri, bizə dost və qardaş ölkələrdə də oxunmasında problem olmayan məşhur və mötəbər islami mənbələr - bunların təbii ki, ölkəyə gətirilməsi, onların burda tərcümə və nəşri kimi məsələlərdə problemlər olmamalıdır. Ancaq başqa dinlərin kitablarının ölkəyə gətirilməsinə məhdudiyyət qoyulmayıb. Bu halın sadəcə islami kitablara aid edilməsi, dini ayrı-seçkiliyin təzahürüdür. Əgər belə hallarsa varsa, bu, geniş araşdırma mövzusudur. Mötədil, vəhdətin təşkilini vurğulayan islam təməyüllü kitabların ölkəmizdə izi-tozu da yoxdur. Sizin də qeyd etdiyiniz kimi, bu kitabların gətirilməsinə məhdudiyyətlər var. Mən anlaya bilmirəm ki, bunun səbəbi nədir. Qeyd etdiyiniz qeyri-islami mənbələrin gətirilməsinə məhdudiyyət yoxdur, amma islami kitabların gətirilməsinə məhdudiyyət varsa, bu da tamamilə yanlışdır. Bu, həm dini tolerantlığa, həm də insanların düzgün maariflənib, İslamın dəyərlərini doğru şəkildə mənimsəməsinə ciddi manelər təşkil edir. Ola bilsin ki, bunu hansısa "məqsədli" qara qüvvələr edir. Bəlkə elə Qərbdən dəstək tapan səlibçi təfəkkürlü insanlar var ki, onlar təsir göstərirlər? Bəlkə onlar Türkiyə və başqa ölkələrdən həmin özəl şirkətlərə təsir göstərirlər ki, Azərbaycana islami ədəbiyyatlar getməsin? Missionerlərin, başqa çirkin niyyətləri olan dairələrin təşviq-təbliğ etdiyi mənbələr gətirilsin. Bax, bu suallar, məsələlər şübhə doğurur. Fürsət düşmüşkən, onu da qeyd edim ki, həqiqətən İslama xidmət edən orijinal mənbələr Azərbaycanda yoxdur. Onların gətirilməsinə imkan verilmir. İndi adlarını qeyd etmək istəmədiyim bəzi ölkələrdən mənbəsi ziddiyətli kitablar gətirilir. Onlara aidiyyəti qurum tərəfindən rəy və icazə verilir. Orta əsrlərdə qərəzsiz yazılmış yetərincə islami ədəbiyyatlar var ki, onlar həqiqi alimlərin əsərləridir və İslama xidmət edirlər. Həmin əsərlərə Azərbaycanda rast gəlmək mümkün deyil. İndi internet əsridir, hansısa kitaba qadağa qoymaq mənim üçün anlaşılan bir davranış deyil. Bəli, müəyyən mənada "kim nə istəyir, gətirsin, yaysın, təbliğ etsin" kimi yanaşmalara da senzura və nəzarət olmalıdır. Ancaq elə kitablara qadağa qoyurlar ki... İnnovasiya dövrünü yaşayırq. Hansısa bank kartına pul köçürürsən və həmin kitabın elektron variantını sənə göndərirlər. Bax, bu məsələlər bizdə yaranmış boşluqlardır və müzakirə edilməlidir. Bu məsələlər aidiyyəti qurumlar tərəfindən tənzimlənməlidir. Tanıdığım bir ilahiyyatçının kitabını Azərbaycanda qadağan etdilər ki, burada nəşr olunmasın. O, kitabını Türkiyədə nəşr etdirdi, sonra Azərbaycana dönərək yüksək tirajla onu yaydı. Həmçinin, kitabının elektron variantını da hazırladı, ondan da geniş yaydı. Deməli, tətbiq olunan qanunlar da işlək olmalı və reallığa xidmət etməlidir. Qeyri-real qanunlar qəbul edib, qadağan etmək istədiyin burda təbliğatına baiskar olmaq lazım deyil. Belə anlaşıldı ki, həmin antireklam reklama xidmət etmiş oldu. İstədilər ki, əsərin qarşısını alsınlar, amma ala bilmədilər və kitab dünyada yayıldı. Təəssüf ki, aidiyyəti qurumlar ictimaiyyət nümayəndələri və ilahiyyatçıları dəvət edib, onlarla ortaq müzakirələr aparmır. Ona görə də bu sahədə ciddi ziddiyyətlər var. Müqəddəs kitabın "senzura" ilə qarşılaşması onu göstərir ki, ayrı-seçkilik mövcuddur və burada qaranlıq məqsədlərə xidmət edilə bilər. Hansısa maraqlar var ki, qeyri-ənənəvi və qeyri-islami mənbələri senzurasız və baxılmadan xarici ölkədən idxalına icazə verir, ancaq islami mənbələrə qarşı məhdudiyyətlər təşkil edir. Bu məsələnin ciddi müzakirəyə ehtiyacı var" - deyə, ilahiyyatçı qeyd edib. Mətin Şükürlü, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
bizimyol.info

1Mənbələr