AZ

Dövlət büdcəsinə dəyişikliklər parlamentdə müzakirəyə çıxarılıb  


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, hökumət təmsilçiləri ilə birlikdə "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsini müzakirə edir.

Musavat.com xəbər verir ki, müzakirələrdə deputatlarla yanaşı, maliyyə naziri Samir Şərifov və digər hökumət nümayəndələri iştirak edir.

Komitə sədri Tahir Mirkişili iclasdakı çıxışında əvvəlcə 28 May- Müstəqillik günü münasibətilə təbriklərini çatdırdı. Daha sonra qanun layihəsi barədə danışan komitə rəhbəri bildirdi ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması - onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib və burada dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib:

“Qanun layihəsinə dair izahatda 2024-cü il ərzində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə dövlət vəzifələrinin icrasının dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin əlavə daxilolmaları və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsində dövlət büdcəsinə yenidən baxılarkən, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməli sənədlər göstərilib. Bütün sənədlər təqdim edilib. İlkin proqnozlarda 2024-cü ildə qlobal iqtisadi artımın təxminən 2,1%-2,9% ətrafında olacağı gözlənilsə də, cari ildə dərc edilmiş hesabatlara əsasən bu göstəricinin təxminən 2,4%-3,2% ətrafında olacağı proqnozlaşdırılıb. Cari ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 38.2 mlrd. manat olmuş, iqtisadi artım tempi 4,3% təşkil edib. Artım tamamilə qeyri neft-qaz sektoru hesabına təmin edilmiş, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda (14.2 mlrd) istehsal olunmuş əlavə dəyər 0,1% azalıb, qeyri neft-qaz sektorunda (24.2 mlrd) isə 7,7% artıb. Neft-qaz sektorunun azalması isə qaz hasilatının artımı fonunda neft hasilatının 5,7% azalması ilə izah olunur”.

T. Mirkişili bildirdi ki, 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı ÜDM-in 121,3 mlrd. (118.3 mlrd) manatadək artırılması (3 mlrd) nəzərdə tutulur: “ÜDM-in nominal məbləğində nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri neft-qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda 3,0 mlrd. manatın 0,6 mlrd. manatının qeyri neft-qaz, 2,4 mlrd. manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir. Neft-qaz sektoru üzrə artım əsasən neftin qiymətinin yenidən baxılan “Büdcə zərfi”ndə 15,0 ABŞ dolları çox olmaqla, 75,0 ABŞ dolları hesablanması ilə əlaqəlidir”.

Komitə rəhbəri daha sonra bunları bildirdi: “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) dəyişiklikərin edilməsinə ehtiyacın yaranması əsasən dövlət sosial müdafiə fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır. 2023-cü il və cari ilin 4 ayı üzrə büdcə gəlirlərinin icra göstəricilərinin təhlilinə əsasən ilin sonuna işsizlikdən sığorta haqları üzrə mədaxillərin artımı gözlənilir. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi zərurəti yaranıb”.
Komitə sədri dedi ki, bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 ABŞ dolları olub: “Bu və digər amillər nəzərə alaraq neftin büdcə qiymətinin 60 ABŞ dollarından 75 ABŞ dollarına çatdırılması gözlənilir”.

E.Paşasoy,
Musavat.com

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
1
musavat.com

10Mənbələr