AZ

“Atam həmin uşaqlarla görüşəndən sonra ürəyi partladı”

“Atamdan keçmişdə danışa bilmirəm. Hər dəfə onun haqda danışıb müsahibə verəndə, ötən günləri xatırlayanda özümə gələ bilmirəm. 2-3 gün ağlayıram. Ona görə də bir çox müsahibələrdən imtina edirəm. İstəmirəm atamı keçmişdə xatırlayım. Çünki həyatımın elə bir mərhələsi yoxdur ki, atamı yanımda hiss etməyim. Onun qızı olduğum üçün çox xoşbəxtəm. Bir dəfə Ulu Öndər Heydər Əliyev bizimlə görüşəndə dedi ki, atanın evi haradadır? Ona dedim ki, atamın evini satmışam. Mənə dedi ki, “Xoruz baba”nın evini necə sata bilərsən axı? Ona izah etdim ki, o evə gedə bilmirəm. Heydər Əliyev atamı çox istəyirdi. Həmişə atama deyirdi ki, mən xalqın prezidentiyəm, sən isə Azərbaycan uşaqlarının prezidenti. O dahi şəxsiyyət atama bu qədər dəyər və önəm verirdi”.Gender.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Hüseynağa Sadıqovun qızı Tamilla Sadıqova deyib.“Atam uşaqları, insanları çox istəyirdi. Çalışırdı ki, hər kəsə yaxşılıq etsin. Mənə də öyrədirdi ki, yaxşılıq etsən sənə yaxşılıq qayıdacaq, pislik etsən isə pislik. Uşaqları sevməyinin bir səbəbi də onlara yaxşılığı, zəhməti, dürüstlüyü izah, təbliğ etmək idi. O həmişə deyirdi ki, uşaqlar bilməlidir ki, nağıllarda yaxşılıq pisliyə qalib gəlir. Mən də uşaqları çox sevirəm, çalışıram onlara diqqət göstərim. Bu keyfiyyət mənə atamdan keçib. Bizim evimizə kisələrlə məktublar gəlirdi. Atam həm teatrda çalışırdı, həm də kinolara çəkilirdi. Amma bununla belə o vaxt tapıb bütün məktubları oxuyurdu. Bəzən ona sual verirdim ki, ata, axı bu qədər məktubu oxuyub bitirə bilməzsən, bəlkə oxumayasan?! Mənə deyirdi ki, o uşaqdır, mənə məktub yazıb, onun məktubunu oxumayıb qəlbini qıra bilmərəm. Çox həssas insan idi. Hətta mən uşaq olanda atamı uşaqlara qısqanırdım. Atam onlarla görüşəndə hönkürtü ilə ağladığım vaxtlar da olub”, - deyə sənətkarın övladı bildirib.Tamilla Sadıqova deyir ki, atası uşaqlarla görüşüb gələndən 2 gün sonra dünyasını dəyişib.“Atamın səhhəti bir o qədər də yaxşı deyildi. Bir gün yaxşı olurdu, bir gün də pis. Həkimlər ona televiziyaya getməyi, teatrda çalışmağı qadağan etmişdilər. Əlbəttə ki, sənət üçün darıxırdı. Amma biz də bilirdik ki, onun ömrünə sayılı günlər qalıb. Xəstəxanadan yeni çıxmışdı. Televiziyadan zəng edib ona dedilər ki, gəlin uşaqlar üçün nağıl oxuyun. O vaxt uşaqlar televiziyaya axın edib gəlmişdilər ki, atamla görüşsünlər. Sözün düzü anam bu telefona zənginə əsəbləşmişdi. Dedi ki, Hüseynağa xəstədir, o necə gələ bilər? Amma atam xəstə-xəstə gedib uşaqlarla görüşdü. Bu onun uşaqlarla son görüşü oldu. 2 gündən sonra dünyasını dəyişdi. Ürəyi partlamışdı. Həmişə vəsiyyət edirdi ki, mənə dəbdəbəli başdaşı qoymayın. Dəbdəbədən uzaq biri idi. Biz də onun bu vəsiyyətini yerinə yetirdik. Ona başdaşı qoymadıq, sadə bir məzar hazırlatdıq”, -  deyə sənətkarın qızı bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
8
gender.az

9Mənbələr