Mayın 23-də Moskva şəhərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov arasında görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında turizm əlaqələrinin davamlı inkişaf etməkdə olduğu vurğulanıb, Azərbaycanın Moskvada turizm nümayəndələyinin açılması, qarşılıqlı turist axını, “2024-2026-cı illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına dair Yol Xəritəsi”nin icrası üzrə həyata keçiriləcək işlər haqqında fikir mübadiləsi aparılıb.
Həmçinin “Şahdağ” Turizm Mərkəzinin timsalında Azərbaycandakı qış və dağ-xizək mərkəzləri ilə Rusiyanın aidiyyəti turizm müəssisələrinin əməkdaşlığı, turizm təhsili üzrə təcrübə mübadiləsi, ikili diplom proqramlarının yaradılması kimi məsələlər müzakirə edilib.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.