AZ

“Bunların İran və onun qonşuları üçün son dərəcə təhlükəli nəticələri var” – Hasan Oktay

“İran hökuməti sui-qəsd ehtimalını nəzərə alaraq, cəmiyyəti daha dinamik saxlamaq üçün İsraili xarici hücumda və düşmənçilikdə ittiham etməyə davam edəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay deyib.

Analitik İran prezidenti və bir sıra iranlı rəsmilərin ötən gün helikopter qəzasında həlak olması ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Onun sözlərinə görə, bu məsələ müzakirəyə açıq olduğu üçün hazırda İran rəsmiləri hadisənin qəza olduğunu əsas gətirərək, açıqlamalar verirlər:

“Bununla belə, İran hökuməti sui-qəsd ehtimalını nəzərə alaraq, cəmiyyəti daha dinamik saxlamaq üçün İsraili xarici hücumda və düşmənçilikdə ittiham etməyə davam edəcək. Ötən aylarda Dəməşqdə İran səfirliyinə hücum edildikdən, İranın İsrailə raket zərbələri endirməsindən və İsrailin bu raket hücumunu dəf etməsindən sonra “Bizim qisas haqqımız, qisas hüququmuz qorunacaq, nə vaxt və harada olacağına biz qərar verəcəyik” deyə rəsmi Təl-Əviv açıqlama vermişdi”.

H. Oktayın fikrincə, İ. Rəisinin öldüyü helikopter qəzası qəza olsa belə, İsrail rəsmilərin səsləndirdiyi ifadələr sui-qəsd şübhəsini canlı tutacaq:

“Növbəti dövrdə İranda yeni prezident seçkiləri keçiriləcək, vitse-prezident hazırda dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək və sistem özünü bərpa edib davam etməyi seçəcək. Amma bununla yanaşı, dünya sistemində İrana qarşı təzyiqlər artmaqda davam edəcək. Çünki İbrahim Rəisinin təsadüfən və ya sui-qəsd nəticəsində ölməsi, istər-istəməz, dünyada İran haqqında təsəvvürün dəyişməsinə səbəb olacaq. İran daxili qarışıqlığa çevrilə, İraq və Suriya modelindən istifadə edərək, İrana müdaxilə oluna bilər. Bunların İran və onun qonşuları üçün son dərəcə təhlükəli nəticələri var. Bu səbəbdən, Türkiyə və türk dünyası İrana qarşı əməliyyatların qarşısını almalı və İranın daxildən normallaşmasına yol açmalıdır”.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
1
yenicag.az

2Mənbələr