AZ

Hər sözü ölçək ki?..


“Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”.
(Füzuli)

İnsan oxuduqca, öyrəndikcə qüsursuz danışmağın (hətta, düşünməyin də) nə qədər çətin olduğunu anlamağa başlayır. İnsanın elmi artdıqca tədbiri də, ehtiyatı da artır. O insan cahildir ki, heç bir şey bilmədiyi halda hər şey haqqında ehkam kəsir.
Çox gözəl bir söz var: “Necə ki, deməmisən, sən sözün ağasısan, necə ki, demisən, söz sənin ağandır”. İnsanın başına gələn bəlaların böyük əksəriyyəti məhz dilinin ucbatındandır. Başqa bir ifadə ilə isə cahil danışmağının, cahil düşünməyinin nəticəsidir.
Kim nə deyir-desin, qüsursuz danışa bilmək çox böyük elmdir. Dilini iftiradan, ən əsası da qeybətdən qoruya bilmək insanlığın çox yüksək mərtəbəsidir. Həqiqətən də, bu bəlalardan qurtulmadan böyük insan olmaq mümkün deyil.
Uca Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) bu qüsurlardan uzaq durmağı, dilini təmiz saxlamağı dönə-dönə tövsiyə edir.
Əgər bir insan dediyi hər söz üçün özünə hesab vermirsə, sözünün əvvəlində də, axırında da iftira, qeybət varsa, bu, o insanda mənəvi problemlərin olmasından xəbər verir.
Yeri gəlmişkən, onu da deyək ki, hər kəsin səhv sözü, hətta səhv düşüncəsi ola bilər. Ancaq səhvini etiraf etməmək, hələ bu az imiş kimi səhvində təkid etmək cəhalətin ən böyüyüdür. 
Ona görə də, gərək ağzımızdan hər çıxan sözü əvvəlcə ölçək ki, sonra başımız bəlada qalmayaq...

Murad Məmmədov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
yeniavaz.com

1Mənbələr