AZ

Latviya Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub » AzadMedia.az


Latviya Respublikası Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti mayın 19-da Füzuli və Şuşa şəhərlərində olub.
Əvvəlcə Füzuli rayonuna gələn nümayəndə heyəti burada 44 günlük Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılmış abidə, Merdinli kənd məscidi və Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Sonra Füzuli şəhərinə gələn qonaqlara Ermənistanın işğal dövründə Füzulidə törətdiyi dağıntılar, vandalizm aktları, işğaldan azad olunandan sonra isə şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, Füzuli şəhərində ilk yaşayış məhəlləsinin inşası yekunlaşıb və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı başlayıb. Səfər iştirakçıları Füzulidə yeni tikilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə tanış olandan sonra Şuşaya yola düşüblər.

Nümayəndə heyətinin Şuşaya səfəri Azərbaycanın tanınmış şəxsiyyətləri olan Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi şəhər mərkəzi meydanı ilə tanışlıqdan başlayıb.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Latviya nümayəndə heyətinə Şuşa şəhərin tarixi, işğal dövründəki vəziyyəti və burada aparılan quruculuq işləri barədə məlumat verib.
Nümayəndə heyəti sonra Yuxarı Gövhərağa məscidi, Bülbülün ev-muzeyi, qala divarları, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı ilə tanış olublar. Sonda Cıdır düzünə gələn qonaqlar oradan açılan gözəl mənzərəni seyr ediblər.
Səfərdə qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, parlamentin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, deputat Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov və digər rəsmi şəxslər müşayiət ediblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
5
azadmedia.az

5Mənbələr