AZ

Vətən igid oğullar sayəsində var olur!

Vətən, yurd uludan-ulu, doğmadan-doğmadır, insan üçün. Çünki bu gün biz varlığımızı vətənimizə, torpağımıza borcluyuq. Bəli, bu müqəddəs məkan bizim keçmiş tariximiz və gələcək yaşam, inkişafımızdır. Məhz bunun üçün vətənimizi qorumalı, bu uğurda candan belə keçməyə hazır olmalıyıq. Çünki, əsl vətəndaş vətəninin daşı, torpağı olmaqdan heç zaman çəkinməməli, bu yolda nəyin bahasına olursa-olsun yurdunu qorumalıdır. Tarixən vətənpərvərlik və qəhrəmanlıq dastanı yazan yurdumuzun igid qız-oğlu boynuna düşən bu borcu layiqi ilə yerinə yetirmiş, vətənimizi yağılardan qorumuşdur. Xalqımız vətənin belə övladlarını heç zaman unutmamış, xatirəsini əziz tutmuşdur. Elə Fikrət Əli oğlu Hacıyev kimi…



Bildirim ki, bu gün qəhrəmanımızın doğum günüdür.
Nəzərə çatdırım ki, 1905-ci ildən başlayaraq xalqımıza qarşı məkirli niyyətdə olan məfur qonşumuz ermənilər zaman-zaman iç üzlərini göstərərək torpağımıza, yurdumuza göz dikiblər. Onların bu xain niyyətlərinə göz yummayan xalqımız uzun illərdən bəri mübarizə aparmış, bu yolda lazım gələrsə, canından belə keçmişdir. 1990-ci illərdə məkirli niyyətini həyata keçirməyə çalışan ermənilər havadarlarının dəstəyi ilə Dağlıq Qarabağ problemini ortaya ataraq dinc əhaliyə hücumlar etməyə başladı. Bu haqsızlığa göz yummayan vətənin igid oğulları kimi Fikrətdə könüllü olaraq düşmənə qarşı döyüşə qatılanlardan oldu.
Vətən torpağı hansı bölgəsindən asılı olmayaraq qəhrəmanlar yetişdirir. Fikrət Hacıyev də 1964-cü il mayın 19-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olan vətənin igid oğlu idi. Doğulduğu kənddə orta təhsilini səkkizinci sinfə kimi oxuyan Fikrət Gəncə texniki-peşə məktəbinə daxil olaraq elektirik ixtisasına yiyələnir. Sonra vətənə xidmət borcunu yerinə yetirmək üçün 1982-ci ildə ordu sıralarına daxil olur. Əsgəri xidmətini Ufa şəhərində edən qəhrəmanımız hərbi sirlərə tez bir zamanda yiyələnib, qüsursuz xidmət etdiyi üçün komandanlıq tərəfindən mükafata layiq görülür. Xidmətini başa vuran Fikrət təhsilinə Bakı Kooperativ Texnikumuna daxil olmaqla davam edir. O, təhsilini başa vuraraq ixtisasının peşəkarı olaraq doğma kəndinə qayıdıb əmək fəaliyyətinə başlayır.
Ermənilərin ərazilərimizi intensiv atəşə tutması, torpaqlarımızın işğal olunmasına göz yumayan qeyrətli oğullar kimi Fikrət Hacıyev də bu vəziyyətlə barışmayaraq könüllü olaraq odlu-alovlu səngərlərə üz tutur.
Uzun müddət düşmənə qarşı verilən cavab əməliyyatlarında iştirak edən qəhrəmanımız bir çox düşmən texnikasının və canlı qüvvəsinin məhv edir. O, Şəfəq, Zeyvə, Qaraçinar və digər məntəqələrin erməni quldurlarından müdafiə olunmasında qəhrəmanlıq göstərir. Uğur qazandıqca daha da güclənən döyüşçülərimiz 1992-ci il may ayının 4-də yeni tapşırıqla Talış kəndində, “Yaltaxıl” adlanan ərazidə yerləşən erməni mövqelərini zərərsizləşdirmək üçün əməliyyatlara başlayırlar. Uğurlu hücumla düşmən igid oğullarımız qarşısında duruş gətirə bilməyərək öz mövqelərini tərk edir. Səngimək bilməyən hücumlar 5 mayda da davam edir. Qəfil hücuma keçən düşmən döyüşçülərimizlə qarşı-qarşıya qalır. Elə bu zaman qarşı tərəfin bir çox canlı qüvvəsini məhv edən Fikrət Hacıyev düşmən gülləsinə tuş gəlir. Ağır yaralanan qəhrəmanımız son damla qanına kimi vurşaraq şəhidlik zirvəsinə yüksəlir. Vətənin subay olan igid oğlu Qızılhacılı kənd qəbiristanlığında dəfn olunur.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Hacıyev Fikrət Əli oğlu vətən torpaqlarının qorunmasında göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Həmçinin Ballıqaya kənd orta məktəbinə qəhrəmanımızın adı verilmiş, Goranboy rayonunda büstü qoyulmuşdur.
Ruhun şad olsun Vətən oğlu! Uğruna canını verdiyin o torpaqlar qanınızı yerdə qoymayan Müzəffər Azərbaycan Ordusunun şücaəti ilə azad edilmiş və artıq öz doğma insanlarına qovuşmuşdur.
Səriyyə Salahova
NUHÇIXAN
 








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
1
nuhcixan.az

2Mənbələr