AZ

Respublika Kliniki Uroloji Xəstəxanasında akademik Mirməmməd Cavadzadəyə həsr olunan konfrans keçirilib

Böyrək cərrahiyyəsində bir sıra yenilik və ixtiraların müəllifi, akademik Mirməmməd Cavadzadənin 97 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-in, Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın, Azərbaycan Uroloqlar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.


Konfrans iştirakçıları əvvəlcə akademik Mirməmməd Cavadzadənin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyaraq alimin xatirəsini ehtiramla anıblar.


Tədbirdə çıxış edən Respublika Kliniki Uroloji Xəstəxananın direktoru Fariz Babayev görkəmli cərrah Mirməmməd Cavadzadənin tibb sahəsindəki əvəzsiz xidmətlərindən danışıb. Akademiklə uzun illər birlikdə çalışdığını deyən direktor Mirməmməd Cavadzadənin dərin biliyi və təcrübəsi sayəsində tibbin inkişafında əhəmiyyətli addımlar atıldığını vurğulayıb. O, son illərdə xəstəxanadakı yeniliklərdən də bəhs edib:

 

“Bu yeniliklər arasında yeni texnologiyaların tətbiqi, müasir müalicə üsullarının inkişafı və xəstələrin yüksəkkeyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzindədir. Akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə klinikada tibbi elmin ən son nailiyyətlərindən istifadə edilərək, bir çox kompleks əməliyyatlar və müalicə prosedurları uğurla aparılır. Bu yeniliklər tibb sahəsində böyük irəliləyişlərə yol açıb və xəstələrin sağlamlıq göstəricilərinin yaxşılaşmasına mühüm təsir göstərib”.

 

Sonra klinikada həkim-uroloq kimi fəaliyyət göstərən Samir Cavadzadə çıxışında akademik Mirməmməd Cavadzadənin həyat və tibb sahəsində göstərdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

 

Tədbirdə AMEA-nın müxbir üzvü, professor Sudeyif İmamverdiyev, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasının müdiri Fuad Sərdarlı çıxış edərək akademik Mirməmməd Cavadzadə, eləcə də 1966-cı ildən indiyədək fəaliyyət göstərən klinika barədə fikirlərini bölüşüblər.

 

TƏBİB-in Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərli akademikin 97 illiyinin qeyd olunmasının Azərbaycan səhiyyəsi üçün önəmli olduğunu bildirib və bu sahədə fəaliyyət göstərən həkimlərə uğurlar arzulayıb.

 

Tədbirdə “Distal və proksimal hipospadiya cərrahiyyəsi”, “Sidik kisəsinin xərçəngönü xəstəlikləri”, “Testikulyar feminizasiya zamanı müalicə taktikası”, “HoLEP: XXI əsrdə prostatın xoşxassəli hiperplaziyasının cərrahi müalicəsi üçün qızıl standartmı?”, “Böyrək daşlarının müalicəsində qızıl standart: ECIRS (Endoskopik Kombinə edilmiş Böyrəkdaxili Cərrahiyyə)”, “Anomaliya zamanı nefrolitiazın endoskopik müalicəsi”, “Böyrək ləyəni daşı zamanı perkutan nefrolitotomiya və laparoskopik pielolitotomiya: ilkin nəticələrimiz”, “Böyrək daşlarının müalicəsində miniperkutan və retroqrad intrarenal nefrolitotripsiya üsullarının müqayisəsi”, “Kişi sonsuzluğunun müalicəsinin bu günü və sabahı”, “Prostat xərçənginin diaqnostikasına müasir yanaşma” və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
2
aztibb.az

2Mənbələr