AZ

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır.

Rəsul Rza altı yaşı olarkən məktəbə getmiş və onun ağır təhsil və iş illəri başlamışdır. On dörd yaşında ikən oxumaqla yanaşı həm də şəhər kitabxanasında işləmişdir. 1925-ci ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıtmışdır. O, 1930-cu ildə Bakıya köçür; o vaxt boyük bacıları şəhərdə yaşayırdılar.

Bakıda Rza məktəb yoldaşı və şair Abdulla Faruqdan başqa heç kimi tanımırdı. Ancaq çox çəkmir o, şair A. Faruq vasitəsi ilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olur, onlarla bir cəbhədə yeni ədabiyyatın yaradıcılıq və təşkilati vəzifələrinin həyata keçirilməsində bilavasitə yaxından iştirak edir. R.Rza tərcüməçi vəzifəsinə işə düzəlir. O illərdə "Gənc işçi" ədəbiyyata yenicə gələn şairlərin, yazıçıların toplaşdığı, görüşdükləri əsas yer idi. R. Rza burada bir çox yaşıdları ilə, o cümlədən şair M. Müşfiqlə tanış otmuşdur.

1927-ci ildə Tiflisdə Gürcüstan Proletar Yazıçılar Assosiasiyasının türk seksiyasının "Qığılcım" almanaxında ilk şeri - "Bu gün" şeri dərc olunmuşdur. Həmin illərdə "Yeni fikir" qəzetində də şeirləri və hekayələri çıxmışdır. "Gənc işçi" redaksiyasında çalışdığı vaxtda isə bu qəzetin səhifələrində "Avropanın ölüm çağı", "Arş", "Bir avqustda", "Qara yelin xəbəri" və s. şeirləri dərc olunur. Yaradıcılıqla yanaşı R. Rza təhsilini də davam etdirir. Təhsil aldığı məktəblər, institutlar sırasında şair Tiflisdəki Zaqafqaziya Kommunist Universitetini, Azərbaycan Tibb İnstitutunun hazırlıq kursunu, Azərbaycan Tibb institutunu, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunu, Moskva Millətlər İnstitutunu, Ümumittifaq Kino Akademiyasını və s. elm və təhsil ocaqlarını qeyd etmişdir.

1941-ci ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti "Döyüşən Krım"da işləməyə başlayır. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedir, müharibəni bilavasitə müşahidə edir, cəbhə həyatının çətinliklərini mənən yaşayıb, bütün bunları da şeirlərində öz təkrarsız ifadəsini tapırdı. Onun burada yazdığı ilk əsər "Bəxtiyar" şeiri idi.

Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937–1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938–1939), Bakı kinostudiyasının müdiri (1942–1944), kinematoqrafiya idarəsində rəis (1944–1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946–1950), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, "Novosti" Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.

Rəsul Rza 1931-ci ildə Azərbaycan ədəbi gəncliyinin toplaşdığı əsas mərkəzlərdən olan "Maarif evi"ndə şairə Nigar Rəfibəyli ilə tanış olur. 1937-ci il fevralın 11-də Rəsul Rza və Nigar Rəfibəyli evləndilər.

Onların oğlu – Anar, 1938-ci il martın 18-də anadan olmuş, yazıçı, dramaturq, ssenarist və kinorejissoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü və sədridir.

Rəsul Rza 1981-ci il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
anspress.com

1Mənbələr