AZ

Xarkov istiqamətində hücumlar gözlənilirdi - Elxan Nuriyev

Yazını böyüt
Yazını kiçilt

Hazırda Ukraynada yaşayıb fəaliyyət göstərən hərbi ekspert, ehtiyatda olan polkovnik Elxan Nuriyevlə hafta.az üçün budəfəki söhbətimizdə ABŞ Konqresinin Ukraynaya yardım paketini təsdiq etməsindən və  Rusiyanın Xarkov istiqamətində hücumlarını intensivləşdirdikdən sonra cəbhədə formalaşmış durum, ABŞ Dövlət katibi Entoni Blinkenin Kiyevə son səfəri, Rusiya daxilində gedən son proseslər, Putinin ordu komandanlığında etdiyi dəyişikliklərin  və s. cəbhədəki hərbi əməliyyatların gedişinə təsiri və digər məsələlər haqqında danışdıq.

– Mayın 14-ü səhər saatlarında “Axilles” zərbə dronları taborunun komandiri Oles Malyareviç nikbin xəbərlər verdi ki, artıq düşmən Xarkov istiqamətində dayandırılıb və demək olar ki, tələyə düşüb.   Ukrayna Silahlı Qüvvələri Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun günortadan sonrakı bəyanatı xeyli bədbin idi. O, deyirdi ki, düşmən hücumunun qarşısını almaq üçün ehtiyat qüvvələrimiz çatışmır və s. Ümumiyyətlə, ABŞ Konqresinin Ukraynaya yardım paketini təsdiq etməsindən və  Rusiyanın Xarkov istiqamətində hücumlarını intensivləşdirdikdən sonra cəbhədəki durumu ümumi şəkildə necə xarakterizə edərdiniz?

– Bir neçə cümlə ilə Rusiya-Ukrayna cəbhəsindəki durumu xarakterizə etmək çətin məsələdir... Xarkov istiqamətində hücumlar gözlənilirdi. Ukraynanın siyasi və hərbi rəhbərliyi bunu bilirdi. İşğalçıların konkret olaraq hansı məntəqələrə hücum edəcəyi dəqiq müəyyənləşdirilməmişdi... Görünən odur ki, indiyədək ciddi bir uğura imza ata bilməyən Rusiyanın başqa əlacı yox idi. Kreml Ukraynanı, daha doğrusu, Qərbi danışıqlar masasına əyləşdirmək üçün “iri balıq tutmaq” xəyalına düşüb. “İri balıq” da Ukraynanın ikinci böyük şəhəri, 2 milyon yarımlıq meqapolisdir.  Putin də yaxşı bilir ki, Xarkov şəhərini ələ keçirmək üçün Rusiyaya 350-400 min qoşun gərəkdir və azı, 100-150 min nəfərlik hərbçi itkisinə hazır olmaq lazımdır. Xarkov balaca bir kənd deyil ki, onu asanlıqla ələ keçirəsən...  

Xülasə, Xarkov istiqamətindəki hücumları intensivləşdirməkdə Kremlin məqsədi birincisi, Ukraynanı danışıqlar masasına əyləşməyə məcbur etməkdi. İkincisi, Qərbə, ABŞ-yə göstərməkdir ki, guya artıq Ukraynaya yardım-filan etməyin əhəmiyyəti yoxdur – bu ölkə döyüşməyi bacarmır... Üçüncüsü, bununla Rusiya Qərb ölkələrinin xalqlarına, ictimaiyyətinə demək istəyir ki, sizin hökumətlərinizin Ukraynaya bütün yardımlarına, dəstəyinə rəğmən mən istənilən halda istədiyimi edirəm. Dördüncüsü, bildiyiniz kimi, Avropa parlamentinə seçkilər başlayır və qitənin müxtəlif ölkələrindəki radikal solçular və sağçılar aktivləşiblər. Sözsüz, onlar seçkilərdə bu cür məsələlərdən istifadə etməyə çalışacaqlar. Təbii ki, Rusiya da onlara dəstək verəcək. Bir sıra digər səbəblər də var... 

Xarkova hücum, eyni zamanda, hərbi baxımdan Ukrayna ordusunun bir neçə istiqamətdən ehtiyat qüvvələrini çıxarmasına hesablanıb. Hazırda düşmən nə Çasov Yar, nə Avdeyevka, nə də Pokrovsk, Kupyansk istiqamətlərindən uğurlu əməliyyatlar həyata keçirə bilir. Odur ki, hər şeyə, hər metoda əl atmağa çalışır və təbii ki, Ukraynanın müdafiəsində zəif yer axtarır. Gerçək vəziyyət bundan ibarətdir. Deyək ki, guya sabah Rusiya hücum edib Xarkovu ələ keçirəcək – bu, baş tutan məsələ deyil. Xarkovu götürmək üçün nəhəng canlı qüvvə və texnikadan əlavə, həm də illər lazımdır. İndiki reallıq da ondan meydana gəldi ki, Qərbdən yardımlar ləngidi, Rusiya tərəfi də bundan istifadə etdi. Belə proqnozlaşdırıram ki, qarşıdakı ayyarım-iki ay ərzində Rusiyanın hərbi əməliyyatları bu tempdə davam etdirməsi mümkün olmayacaq.

– ABŞ Müharibə Təhqiqatları İnstitutunun (“İSW”) ekspertləri iddia edirlər ki, Xarkov istiqamətindəki hücum Rusiya üçün buferzona yaratmaq məqsədi daşıyır. Bu fikirlə razılaşmaq olarmı?

– Bu fikirlə, nəticə ilə mən də razıyam. Rusiya Xarkov istiqamətindəki hücumları, həm də buferzona yaratmaq məqsədilə həyata keçirir. Yəni Xarkov vilayəti ilə həmsərhəd olan öz ərazilərini – Belqorod,  Voronej, Kursk vilayətlərini  qorumağa çalışır. Ruslar bu məsələni dəfələrlə dillərinə gətiriblər. Rusiyanın ehtiyatda olan generalları, hərbi ekspertləri KİV-də, telekanallardakı verilişlərdə bu haqda danışıblar. Yəni biz son hücumların buferzona məqsədi daşıdığını dəqiq bilirik. Bu barədə ruslar özləri danışırlar...

– ABŞ-nin dövlət katibi Entoni Blinkenin Kiyevə son səfəri haqqında hansı məlumatlarınız var? Görünür, ABŞ, kollektiv Qərb Ukraynaya daha da ciddi dəstək vermək qərarına gəlib...

– ABŞ dövlət katibi Ukraynaya yardım paketinin təsdiqlənməsindən sonra ilk dəfə idi, Kiyevə gəlirdi. Onun səfəri ilə bağlı Ukrayna rəhbərliyində çox az sayda şəxs məlumatlı olub. Blinken Ukraynaya gəldi və bir daha bildirdi ki, biz sizin yanınızdayıq, sizinlə bir yerdəyik. Bundan sonra da Rusiyaya qarşı döyüşmək üçün sizə lazım olan hər şeyi verəcəyik...

Təbii ki, Qərb liderləri, bir qayda olaraq, Ukraynaya əliboş gəlmirlər, onlar gəlməmişdən öncə ölkə ərazisinə hansısa yeni partiya silahlar, texnikalar gətirilir. Təbii ki, Blinken də əliboş gəlməyib. Prezident Zelenski də mətbuata açıqlamasında bildirdi ki, cənab Blinkendən Xarkov şəhərinin və vilayətin müdafiəsi üçün əlavə iki “Patriot” sistemi istədim...

Bilirsiniz, Ukraynanın əsas tərəfdaşı, dostu və donoru ABŞ və Avropa Birliyi ölkələridir. Cənab Blinken Kiyevə son səfəri zamanı “ABŞ sizi tək buraxmayacaq” ifadəsini işlətdi. Bunun ardınca Böyük Britaniyanın baş naziri, xarici işlər naziri və digər Avropa ölkələrinin rəsmiləri bəyanatlar verdilər. Baş verənlər, həm də Ukraynanın Avropa Birliyinə və NATO-ya üzv olmaq iddiasından əl çəkməyəcəyini ifadə edir.  Rusiya tərəfinin də başqa əlacı yoxdur.

– Necə hesab edirsiniz, Rusiya daxilində gedən son proseslər, Putinin ordu komandanlığında etdiyi dəyişikliklər, Şoyqunu azad etməsi cəbhədəki hərbi əməliyyatların gedişinə nə dərəcədə təsir göstərir?

– Rusiya rəhbərliyində baş verənlər cəhbədəki proseslərə də bu və ya digər dərəcədə təsir göstərir. Məsələ ondadır ki, istənilən halda, məsələn, bir müdafiə naziri Şoyqunun dəyişməsi ilə bütövlükdə Kremldəki idarəçilik sistemi, düşüncə tərzi dəyişmir. Bildiyiniz kimi, Rusiya, təxminən, 360 milyard dollarlıq büdcəsinin üçdəbirini, yəni 120 milyard dollarını hərbi sahəyə xərcləyir. Sözsüz ki, müharibəyə ayrılan vəsait oğurlanır. Görünür, Putin bundan narahat olub və Şoyqunun yaxın ətrafındakıların, o cümlədən müavini Timur İvanovun da həbsi bununla bağlıdır. Müdafiə naziri təyin etdiyi şəxs – Andrey Belousov isə indiyədək Putinin baş köməkçisi olub. O, qruplaşmaların üzvü deyil, Putinin ən yaxın adamlarından biridir. Deyilənə görə, yaxşı menecerdir, odur ki, ordunu Şoyqudan daha düzgün idarə edə bilər. Yenə də motivasiyası olmayan, yəni bütövlükdə nə üçün döyüşdüyünü bilməyən Rusiya ordusu yerində qalacaq. Təəssüf ki, yanlış təbliğat öz işini görür. 1990-cı lin 20 Yanvar qətliamından sonrakı günlər yadıma düşür; faciədən bir neçə gün sonra rus əsgərləri danışırdılar ki, bizə öncədən Bakıda rusların kütləvi şəkildə qətlə yetirildiyini demişdilər, ona görə də biz şəhərə daxil olan kimi qarşımıza çıxan hər kəsə atəş açırdıq. Ukraynaya qarşı da illərboyu aparılmış  oxşar təbliğat öz işini görüb. Yenə də biz axı internet dövründə yaşayırıq. Nəyinsə xüsusi dəyişəcəyini demək çətindir.  Rusiya isə silahlanma yarışına girişir, buna da ölkənin nə iqtisadiyyatı, nə də texnologiyaları yol verir. Rusiyanın istifadə etdiyi mərmilər 1970-ci illərdə istehsal olunmuş və Şimali Koreyadan alınan mərmilərdir. Sovet dövründə belə ölkələrə verdiyi mərmiləri indi geri alır. Bu gün Rusiya hərbi sənaye kompleksini  müəyyən həddə qədər qaldırıb, bundan artığını edə bilmir. Belousovun nazir təyin edilməsi hərbi sənaye kompleksini (HSK) qaydaya salmaq, yeni növ müasir silahların, o cümlədən dronların istehsalı məqsədi güdür. Belousov Nazirlər Kabinetində məhz Rusiyanın dronlarla bağlı dövlət proqramına rəhbərlik edən bir şəxs olub. Putin həm də özünə yaxın şəxsi nazir təyin edib ki, HSK-ya ayrılan pul vəsaitlərinə nəzarət etsin. Rusiyada hərbi büdcənin oğurlanması çox ciddi bir faktdır...

–     Rusiyanın içərilərində Ukrayna partizan hərəkatının, o cümlədən əsasən Krım tatarlarından ibarət “Ateş” qruplaşmasının əməliyyatları nə dərəcədə effektivdir?

–     Əlbəttə, hamımız arzu edərdik ki, Ukraynada partizan hərəkatı daha da effektli olsun. Yəni tam olmamaqdansa,  bu da yaxşıdır. Bu gün nəinki işğal edilmiş Ukrayna ərazilərində, eyni zamanda, Rusiyanın öz ərazisində, hətta bu ölkənin ən dərinliklərində belə partizan qrupları var. Müharibə başlayan iki ildən çox müddətdə  zaman-zaman Rusiyanın mərkəzindən çox uzaq məkanlarda  ölkənin hərbi obyektlərinə, yanacaq və dəmiryol infrastrukturlarına qarşı diversiyalar həyata keçirilir. Bunları törədənlər yalnız ukraynanılar, tatarlar deyil; onların arasında etnik ruslar da olur.

 Ukraynaya xidmət edən partizan hərəkatı Rusiya ərazisində də fəaliyyət göstərir. Onu da nəzərə almaq lazımdır ki, Rusiyada bu tip hərəkatlara qarşı mübarizədə təcrübəsi olan əks-kəşfiyyat qurumları var. Ona görə də belə bir durumda partizanlıq etmək çətindir. Odur ki, mümkün olanı etməklə kifayətlənməyə məcburuq... 

– Ukraynada, xüsusən cəhbə xəttinə yaxın yerlərdə əhalinin əhval-ruhiyyəsi haqqında nə demək olar?

– Ukraynada savaş gedir və əhalinin əhval-ruhiyyəsi də buna uyğun formalaşır. Müharibə şəraitində illərlə yaşamaq, o əzab-əziyyətə duruş gətirmək çətindir. İnsanlar müxtəlifdir və bu durumu fərqli cür qarşılayırlar. Elə insanlar var, hətta hərbi komandanlıq, dövlət onları təhlükədə olduqlarını görür. Düşmənin artilleriya məsafəsində yerləşdikləri üçün evakuasiya olunmaları haqqında xəbərdar etsə də, onlar öz doğma yurdlarını tərk etmək istəmirlər... Bütün hallarda müharibə gedir və hamıdan fədakarlıq, cəsarət gözləmək doğru olmaz. Hamı müharibənin bitməsini, Ukrayna xalqının qələbəsini, ən azı, nəyinsə dəyişməsini gözləyir...

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
hafta.az

1Mənbələr