AZ

Qarşılıqlı əməkdaşlığa töhfə verən beynəlxalq layihə

2016-cı il may ayının 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib

Fins.az xəbər verir ki, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın daha da güclənməsi sayəsində Cənub Qaz Dəhlizinin işə salınması ilə Avropa ölkələri və dünya bazarları böyük əhəmiyyət kəsb edən yeni marşrut, həm də  yeni mənbə əldə etdi. 2014-cü il sentyabr ayının 20-də təməli qoyulan, "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) kimi 4 seqmentdən ibarət olan, XXI əsrin ən mühüm infrastruktur layihəsi - Cənub Qaz Dəhlizinin yaradılmasında əsas məqsəd "Şahdəniz" qaz-kondensat yatağının istismarının 2-ci mərhələsini həyata keçirmək və bu zaman hasil olunan təbii qazı Türkiyə və Cənubi Avropaya ixrac etmək idi. Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya dövlətlərinin iştirakı ilə 33 milyard ABŞ dolları dəyərində olan Cənub Qaz Dəhlizi layihəsinin reallaşması ölkəmizin təbii qaz ehtiyatlarının  beynəlxalq bazarlara çıxışını təmin etdi.

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" dünyanın iri qaz-kondensat yataqlarından biridir. 1999-cu ilin iyununda yatağın kəşf edilməsi və "Şahdəniz" qaz layihəsinin uğurla həyata keçirilməsi ölkəmizi dünyaya həm də qaz ixrac edən ölkə kimi tanıtmış, irihəcmli investisiyalar ölkə iqtisadiyyatını daha da gücləndirmişdir. Bu gün dünyanın ən böyük qaz-kondensat yataqlarından olan "Şahdəniz" Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz, etibarlı şəkildə qazla təchiz edir.

2012-ci il iyunun 26-da "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" imzalanmış Sazişə əsasən Türkiyənin Qars şəhərində təməlqoyma mərasimi keçirilmiş və kəmərin inşasına başlanılmışdır. 2018-ci il iyunun 12-də istifadəyə verilən TANAP nəinki "Şahdəniz" yatağından, eyni zamanda ölkəmizin ərazisindəki digər qaz yataqlarından hasil ediləcək təbii qazın nəqli potensialına görə böyük əhəmiyyət kəsb edir. Trans-Anadolu Boru Kəməri "Şahdəniz" qaz yatağını Cənubi Qafqaz Boru Kəməri və Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya bağlayan Cənub Qaz Dəhlizinin mərkəzi hissəsidir. Boru kəməri həm ölkəmiz, həm də qardaş Türkiyə üçün mühüm strateji əhəmiyyətə malikdir. TANAP Azərbaycan, Gürcüstan, Türkiyə xətti ilə Avropaya - TAP xəttinə birləşir və Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki ölkələr də ondan faydalanır. 3500 kilometrlik enerji dəhlizinin ən önəmli hissəsi olan TANAP-ın uzunluğu təxminən 1812 kilometr, illik ötürmə qabiliyyəti isə 16,2 milyard kubmetrdir. 2019-cu ildə TANAP-ın tikintisi tamamlanmış və noyabr ayının 30-da kəmərin Avropa ilə birləşən hissəsinin rəsmi açılışı olmuşdur.

Dünya, Avropa Yenidənqurma və İnkişaf, Asiya İnkişaf, Avropa İnvestisiya, Asiya İnfrastruktur və İnvestisiya bankları kimi aparıcı beynəlxalq maliyyə institutlarının ayırdığı kredit və maliyyə vəsaiti ilə ərsəyə gələn Cənub Qaz Dəhlizinin sonuncu hissəsi - Trans-Adriatik Qaz Boru Kəmərinin hazırda illik ötürmə qabiliyyəti 12 milyard kubmetrdir, 2027-ci ilin sonunadək isə 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazı Avropaya nəqli edən TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında  "Hökumətlərarası Saziş" 2013-cü ildə imzalanmış, 2016-cı il may ayının 17-də  isə Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilmişdir. Yunanıstanın keçmiş baş naziri Aleksis Tsipras mərasimdə çıxış edərək TAP-ın Yunanıstan və region iqtisadiyyatı üçün həlledici rol oynayacağını demişdir: "Layihənin olduqca böyük geostrateji və iqtisadi əhəmiyyəti var. Hər il TAP vasitəsilə 10 milyard kubmetr qaz nəql olunacaq. Lakin gələcəkdə kəmərin ötürücülük qabiliyyəti 20 milyard kubmetri ötə bilər. Tikinti işlərinə 800 insan cəlb olunacaq ki, bu da olduqca əhəmiyyətlidir. Yunan şirkətlərinin layihəyə cəlb olunması bizim üçün olduqca vacibdir".

Azərbaycan təbii qazının Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təmin edən, Türkiyə-Yunanıstan sərhədinin Kipoy ərazisində TANAP-a qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanan TAP Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsində böyük rol oynayır. İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurla birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən "SNAM Rete Gas" (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılır. Nəticə etibarilə Azərbaycan dünyada ən çox  təbii qaz idxal edən ölkə kimi Avropanın qaz bazarına birbaşa çıxır ki, bu da ixrac imkanlarını şaxələndirən respublikamızın iqtisadiyyatının inkişafına, iqtisadi müstəqilliyinin güclənməsinə zəmin yaradır.

Bu il Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovun  TAP-ın icraçı direktoru Luka Skyepatti ilə görüşü zamanı boru kəmərinin 2026-cı ildən etibarən əlavə olaraq 1,2 milyard kubmetr genişləndirilməsinin birinci mərhələsi üzrə görülən işlərə, növbəti genişlənmə üçün aparılan bazar sınaqlarının gedişatına, regional qaz təchizatı infrastrukturlarının inkişafına dair müzakirələr aparılıb. Həmçinin 2025-ci ilin sonuna hazır olacaq əlavə boru kəməri ilə İtaliyaya 1 milyard, Albaniyaya isə 200 milyon kubmetr mavi yanacağın nəql ediləcəyi bildirilib. 2020-ci ilin sonundan Trans-Adriatik Boru Kəməri vasitəsilə təbii qazını Avropaya idxal edən Azərbaycan ötən müddət ərzində qitə ölkələrinə 31 milyard kubmetrdən çox təbii qaz tədarük edib. Dünya bazarına birbaşa çıxışla ixrac imkanlarını şaxələndirən respublikamız bu gün beynəlxalq aləmdə etibarlı enerji təchizatçısı kimi qəbul edilir.

Cənub Qaz Dəhlizi milli iqtisadiyyatın inkişafında mühüm amil olaraq Azərbaycanın təkcə enerji ixracatçısı kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi də əhəmiyyətini artırır. Avropanın enerji təchizatının şaxələndirilməsində, region ölkələrinin enerji resurslarının dünya bazarına çıxarılmasında, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayan, qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verən Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng beynəlxalq layihədir.

Mehparə ƏLİYEVA,

"Respublika"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
fins.az

1Mənbələr