AZ

Bakıda ŞOK HADİSƏ: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - YENİLƏNİB + VİDEO

Bakıda bir neçə sakin başına gələnlərin şokunu yaşayır.

Evlərini rəsmi müqavilə ilə əmlakçılara uzunmüddətli kirayə verdikləri halda bir neçə ay sonra mülklərinin onlardan xəbərsiz satıldığını öyrəniblər.

Mülkləri naməlum şəraitdə əllərindən çıxan sakinlər araşdırma zamanı müəyyən ediblər ki, bu cür qanunsuz işlərin həyata keçirilməsi ilə məşğul olan şəbəkə mövcud imiş. Şəbəkənin ortada olan üzvləri isə əsasən əmlakçılardır. Bu şəxslər müxtəlif əmlak satışı saytlarından əldə etdikləri nömrələr vasitəsilə birbaşa mülk sahibləri ilə əlaqəyə girərək elanda göstərilən evləri uzun müddətə kirayəyə götürmək istədiklərini bildiriblər.

Qeyd edək ki, qanunsuz satılan evlərin əksəriyyəti Rusiya Federasiyasının Tümen vilayətində ayrı-ayrı notariuslar tərəfindən verilən baş etibarnamələrlə satılıb. Həmin saxta etibarnamələr hansısa şəkildə Rusiya Federasiyasının Notarial Xidmətinin elektron qeydiyyat sistemində də yerləşdirilib. Bakıda alqı-satqı zamanı da sistemdə bu sənədlər göründüyündən yerli notariat kontorları heç bir şübhə duymadan sövdələşməni həyata keçiriblər.

Bir müddət sonra bir neçə sakin evinin satıldığından duyuq düşərək alqı-satqını həyata keçirən notariusa üz tutub. Bundan sonra notarius da öz növbəsində baş etibarnamənin alındığı Tümen vilayətindəki notariat kontoruna sorğu göndərib və sənədin saxta olduğu müəyyənləşib.

Maraqlı olan odur ki, Rusiya Federasiyasının notariat sistemində görünən baş etibarnamənin saxta olduğu dəqiqləşdirildikdən sonra da həmin ev iki dəfə ayrı-ayrı şəxslərə satılıb.

Məlum saxta alqı-satqı proseslərinin əsas fiqurları isə Rauf və Anar adlı əmlakçılar olublar. Onlar ev sahiblərinin məsələdən duyuq düşməsini hiss edərək ölkəni tərk edə biliblər.

Satılan evlərin əksəriyyəti ilkin olaraq Raufun, daha sonra isə Anar və üçüncü şəxslərin adına rəsmiləşdirilib.

Rauf evlərin qanunsuz alqı-satqısında iştirak etdiyini etiraf etməklə yanaşı, bu məsələdə icraçı funksiyasını yerinə yetirdiyini vurğulayaraq əsas təşkilatçıların digər şəxslər olduğunu bildirib.

Qeyd edək ki, bu yolla mənzilləri özlərindən xəbərsiz satılan bir çox mülk sahibi var ki, hələ də başına gələnlərdən xəbərsizdir.

Zərərçəkənlərin dediyinə görə, sözügedən problemlə bağlı hüquq-mühafizə orqanlarına məlumatlar verilsə də, məsələ pərakəndə şəkildə araşdırılır. Bir epizodla bağlı Binəqədi polisi, digəri ilə bağlı isə Abşeron prokurorluğunda araşdırmalara başlanılıb. Bütün epizodlar üzrə dələduzluq edənlərin isə eyni şəxslər olduğu ehtimal olunur. Onların isə heç nə olmamış kimi ortalıqda gəzib məsuliyyətdən yayındıqları bildirilir.

Ətraflı Baku TV-nin süjetində:

*********************

Bakıda vətəndaş dələduzluq edərək kirayə qaldığı evləri sahiblərinin xəbəri olmadan satıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) “Qafqazinfo”nun sorğusuna cavab verib.

“Bakı şəhər sakini Leyla Nəbiyevanın müraciəti əsasında polis orqanında müvafiq araşdırma aparılıb, istintaq hərəkətləri icra olunub.

Araşdırmalarla müəyyən edilib ki, Rauf Kazımov özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Leyla Nəbiyevanı aldadaraq xüsusi mülkiyyət hüququ ilə sonuncuya məxsus Xətai rayonunda yerləşən mənzili ötən ilin iyun ayında icarə müqaviləsi əsasında 1 il müddətinə icarəyə götürüb. 10 gün sonra Rusiya Federasiyasında yerləşən notariat dairəsinə yalan informasiya verməklə etibarnamə əldə edib. Azərbaycana qayıtdıqdan sonra isə Leyla Nəbiyevanın razılığı və məlumatı olmadan həmin etibarnamə əsasında daşınmaz əmlakı başqa şəxsə sataraq ev sahibəsinə 300 min manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törədib.

Binəqədi Rayon Polis İdarəsində fakta görə cinayət işi başlanılıb və cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilib ki, R.Kazımov tanışları Anar Hacıyev, Emin İbrahimov və qeyriləri ilə qabaqcadan əlbir olaraq qrup halında cinayət əlaqəsinə girərək qeyd edilən əməli törədiblər.

Sonra istintaqla araşdırılan yolla mülkiyyətçi tərəfindən sözügedən mənzilə dair bütün mülkiyyət hüquqlarını R.Kazımova etibar edilməsinə dair əldə olunan etibarnamə ilə əvvəlcə Anar Hacıyevə, bundan sonra Dəyanət Əmrahova və nəhayət Azər Həsənova satılmasını həyata keçirərək özgəninkiləşdirilməsinə nail olunub.

İstintaq zamanı R.Kazımov və A.Hacıyevin alqı-satqı proseslərini həyata keçirdikdən sonra ölkə hüdudlarından kənara getmələri müəyyən edilib. 

Bundan başqa Emin İbrahimovun da eyni üsulla cinayət törətməsi faktı əsasında onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi istintaq olunub, həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Hazırda həmin şəxslərin saxlanılması və qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”, - açıqlamada qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
235
23
arazmedia.az

10Mənbələr