AZ

Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi - Zakir Bayramlı yazır

Zakir BAYRAMLI​​​​​​​Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü


Son illərdə iqlim dəyişikliklərilə bağlı dünyamızda ortaya çıxan ciddi problemlər və ağır nəticəli hadisələr düşüncəli insanları, mütərəqqi dövlətləri dərindən həyəcanlandırır, onları bu sahədə birgə mübarizə aparmağa sövq edir. İqlim dəyişiklikləri ilə bağlı məsələlərin həll olunması ona görə vacibdir ki, günümüzün olduqca təhlükəli iqlim anormallıqlarından təkcə müasir insanlar deyil, həm də gələcək nəsil zərər çəkə bilər. Dünya yaranan vaxtdan indiyədək heç vaxt belə narahat, münaqişəli, təhlükəli vəziyyətdə olmayıb. İndi dünya ölkələri öz daxili problemləri ilə yanaşı, müxtəlif siyasi-iqtisadi və hərbi münaqişələrlə üzləşib. Bir yandan da qlobal istiləşməyə, ən əsası iqlim dəyişiliklərinin yaratdığı fəsadlara qarşı mübarizə aparmağa məcbur olub. Azərbaycan dünyanın ən cənnətməkan bir guşəsidir. Ərazisi iri ölkələrə nisbətdə kiçik olmasına baxmayaraq, regionda üstün mövqe qazanmış, beynəlxalq aləmdə böyük nüfuza yiyələnmiş ölkəmiz bu gün yenə də bütün dünyanın, xüsusilə enerji təhlükəsizliyinə görə ABŞ-nin və Avropanın diqqət mərkəzindədir. Çünki son dövrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr olduqca əhəmiyyətlidir. Dövlət başçısının apardığı müdrik siyasət və gedən proseslər göstərir ki, bu əhəmiyyətli mövqe "yaşıl enerji" imkanları hesabına gələcəkdə də qorunub saxlanacaq.

Azərbaycanda son 30 ildən bəri geniş yaşıllıqların salınması, çirklənmiş ərazilərin təmizlənməsi və bərpası, bitki və heyvanat aləminin qorunması, meşələrin mühafizəsi, yeni meşə zolaqlarının yaradılması yönündə ardıcıl işlər aparılır. Eləcə də Xəzər dənizi sahillərinin və digər istirahət zonalarına yaxın ərazilərin zibil və tullantılardan təmizlənməsi istiqamətində əhəmiyyətli işlər həyata keçirilir. Bütün bu işlərlə yanaşı, qlobal iqlim dəyişikliklərilə əlaqədar beynəlxalq əməkdaşlıq məsələlərində də Azərbaycanın rolu ildən-ilə artmaqdadır.

Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsilə müstəqillik dövründə Azərbaycanın və regionun ekoloji problemlərinin həll edilməsi yolunda yaşıl işıq yandı. Ulu öndərin hakimiyyətə qayıtdığı ilk vaxtlardan başlayaraq respublikamızda ətraf mühitin qorunması və təbii sərvətlərdən düzgün istifadə olunması sahəsində mühüm işlər həyata keçirilməyə başladı. Məhz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi ilə bağlı mühüm qanunlar, qərarlar və proqramlar qəbul edildi. Bütün bu sənədlərin həyata keçirilməsi üçün bütün qüvvələr səfərbər olundu. Faydalı qazıntıların, təbii ehtiyatların istifadəsi ciddi nəzarət altına alındı. Xüsusilə meşələrin qanunsuz qırılması, heyvanların qeyri-qanuni ovlanmasına qarşı sərt tədbirlər görüldü.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli və uğurlu davamçısı Prezident İlham Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan təbiətinin, onun təbii ehtiyatlarının qorunması daha da güclü diqqət və qayğı ilə əhatə olundu.

25 dekabr 2023-cü ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası beynəlxalq aləmdə iqlim dəyişmələrinin fəsadlarına qarşı aparılan mübarizədə uzun müddətdir ki, öz töhfəsini verməkdədir.



Qeyd olunur ki, Azərbaycanın erməni işğalından azad edilmiş Qarabağ və Zəngəzur iqtisadi rayonu, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisi "yaşıl enerji" zonası elan edilir. Respublikamızda "yaşıl enerji"yə aid yeni növlərin yaradılması və "yaşıl enerji" istehsalı, eləcə də, onun dünya bazarına nəql edilməsi Azərbaycanın enerji siyasətinin ana xəttidir. Ölkənin elektrik enerjisinin ümumi istehsal gücündə bərpa edilən enerji mənbələrinin payını 2030-cu ilə qədər 30 faizə çatdırmaq qarşıya qoyulan mühüm məqsəddir.

2015-ci ilin dekabr ayının 21-də BMT-nin İqlim Dəyişilikləri üzrə Çərçivə Konvensiyasına üzv ölkələr Paris Razılaşmasını qəbul etdilər. Sənədi 171 ölkənin dövlət və hökumət başçıları, xarici işlər və ətraf mühit nazirləri imzaladılar. Paris Razılaşmasının tələbi karbon qazını ilk mərhələdə 1,5 dərəcə məhdudlaşdırmaq olmuşdu. Lakin dünya ölkələrinin güclü dəstəyi olmadan bu vəzifənin yerinə yetirilməsi qeyri-mümkün idi. Beynəlxalq təşkilatlar, o cümlədən, BMT-nin İqlim Dəyişilikləri Konfransı (COP) məsələnin ciddiliyini nəzərə alaraq dünyada iqlim fəaliyyətlərini dəyişdirmək üçün Paris Razılaşmasının məqsədlərinə çatmaq naminə nəzərdə tutulan COP formatında tarixi görüşləri hər il keçirməyi qərara aldı. Azərbaycan Respublikası da beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi iqlim dəyişmələri ilə bağlı qlobal problemlərin həlli istiqamətində həmişə mühüm rol oynayıb, xüsusilə son illərdə baş verən qlobal iqlim dəyişmələrinin qarşısının alınması üzrə aparılmış beynəlxalq mübarizədə müsbət mənada xeyli fərqlənib.

Tarixi bir hadisədir ki, Azərbaycan Prezidentinin ali rəhbər kimi dünya siyasətində nümayiş etdirdiyi çevik və güclü siyasi iradə, respublikamızın ildən-ilə dünyada artan siyasi nüfuzu və iqtisadi qüdrəti möhtəşəm bir nəticəyə - BMT-nin iqlim dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) məhz Azərbaycanda təşkil olunmasına yol açdı. Bu hadisə təkcə respublikamızın mənafeyinə, bizim milli maraqlarımıza xidmət etmir. Belə bir vacib beynəlxalq tədbirin uğurla keçirilməsi həm də dünyəvi maraqlar naminə, regional və qlobal səviyyədə iqlim dəyişikliklərinə qarşı birgə mübarizədə rol oynayacaq və bu istiqamətdə həmrəyliyə öz dəyərli töhfələrini verəcəkdir.

Bundan əvvəlki illərdə COP-un hər ildə bir dəfə olmaqla, cəmi 28 sessiyası keçirilmişdi. BMT-nin bu mötəbər məclisinin - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 11-24 noyabr 2024-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana, xüsusən dövlətimizin başçısına göstərdiyi böyük hörmət və etimadın növbəti təzahürüdür. Bu tədbir həm də Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınması sahəsində dünyaya yeni fürsətlər yaratması deməkdir.

Əsas məqsədlərindən biri iqlim sisteminə insanlar tərəfindən edilmiş təhlükəli müdaxilələrin qarşısını almaq olan COP-un son 3 konfransı - 2021-ci ildə Böyük Britaniyada, 2022-ci ildə Misirdə, 2023-cü ildə sə BƏƏ-də - Dubayda keçirilib. Keçən il COP28 üzrə Dubaydakı sessiyada, 70 min nəfər xarici qonaq olmaqla, ümumilikdə 100 min nəfərə yaxın nümayəndə iştirak etmişdi.

Bu il Bakı şəhərində keçiriləcək COP29-da199 ölkənin nümayəndə heyətinin iştirakı gözlənilir. Azərbaycanın siyasi, iqtisadi gücünə diqqətlə yanaşan əksər ölkələr COP29-un respublikamızda keçirilməsini dəstəkləyir. COP29-a sədrlik çərçivəsində Azərbaycanın üzərinə düşən məsul vəzifələrdən biridə iqlim dəyişikliyi ilə mübarizə sahəsində nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə edilməsi sahəsində resursların cəlbini təşviq etmək və nüvə təhlükəsizliyi məsələlərini ön planda saxlamaqdır.

Hazırda COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq BMT-nin bu sahə üzrə ixtisaslaşmış orqanları da respublikamızla səmərəli iş aparırlar. Onlar sıx əməkdaşlıq formasında konfransın mütəşəkkil və təhlükəsiz şəraitdə keçirilməsi üçün mühüm hazırlıq işləri görürlər. BMT-nin İqlim Dəyişilikləri Konfransının (COP29) mütəşəkkil qaydada keçirilməsi üçün indi respublikamızda bütün aidiyyəti nazirliklər və təşkilatlar ciddi hazırlıq işləri görürlər. Mütəxəssislər COP29-u "Gözəl düşüncə platforması" da adlandırırlar. Onlar ümid edirlər ki, Azərbaycanda keçiriləcək COP29 bütün dünya üzrə "yaşıl enerji"yə keçiddə həlledici rol oynayacaq. COP29-un uğurlu fəaliyyəti və nəzərdə tutulan məqsədlərə çatmaq planının tam icrası Azərbaycanı dünyaya daha da yaxından tanıdacaq, siyasi-iqtisadi cəhətdən inkişaf etmiş bir dövlət kimi onun nüfuzunu daha da yüksəldəcək.

Xatırladaq ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində görüləcək işlərə aid tərtib edilmiş tədbirlər planı Şərqi-Zəngəzur və Qarabağ iqtisadi rayonu da daxil olmaqla bütün respublika ərazisini əhatə edəcək.

"Yaşıl enerji zonası" elan edilmiş ərazilərimizi 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevirmək nəzərdə tutulur. Hal-hazırda respublikamızın bütün nazirlikləri, komitələri və digər baş idarələri, eləcə də ölkəmizdəki yerli idarə, müəssisə və təşkilatlar "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təsdiq olunmuş tədbirlər planını əsasında mühüm işlər həyata keçirməkdədir.

İşğal zamanı qırılmış və ciddi zərər görmüş Azərbaycan meşələri artıq bir neçə ildir ki, davamlı şəkildə bərpa olunur. "2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı" çərçivəsində il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 30 min hektar meşəbərpa işləri həyata keçiriləcək. Ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrespublika ağacəkmə aksiyasıda davam edir. Həmin aksiya xüsusilə mart ayında daha böyük vüsət aldı. Naxçıvanda təşkil edilmiş ağacəkmə aksiyasında təkcə bir gündə ümumilikdə 100 min ədəd müxtəlif meşə və meyvə tingləri əkildiyi bildirildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri isə cari ilin mart ayında su çərşənbəsində 18 min, torpaq çərşənbəsində 32 min, 21 mart Beynəlxalq Meşə Günündə isə 42 min ağac əkiblər. İşğaldan azad olunmuş Laçın rayonunun Zabux kəndində 7 min meyvə və digər ağac tingləri əkildiyi məlumdur.

Arzu edirik ki, çox mötəbər tədbir olan COP29 Azərbaycanda ən yüksək səviyyədə, milli və qlobal birlik şəraitində keçirilsin, dövlətimiz və xalqımız bu dəfə də öz uğurları ilə dünyaya parlaq nümunə olsun!

 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
284
525.az

1Mənbələr