AZ

Bir sıra hallarda ailələri elə psixoloqlar dağıdır- psixoloqlar özbaşlarına buraxılıb...

Image

Könül İsmayılova: “Bakalavr təhsili psixologiya ixtisası olmayan, amma özünü ictimaiyyətə psixoloq kimi təqdim edən şəxslər var”

Son illərdə dəbə düşən işlərdən biri də psixoloq xidmətidir. Sosial şəbəkələrdə, telekanallarda, saytlarda reklamına ən çox rast gəlinən xidmətə çevrilib. Efirlərdə, sosial şəbəkələrdə qalmaqallı, əslində insan psixologiyasına, dəyərlərə ciddi ziyan vuran açıqlamaları pullu reklamlara qoymaqla böyük aidutoriyaları cəlb edir və piarlarını aparırlar.

Faktiki olaraq məqsədləri yardım etmək yox, daha çox gəlir əldə etməkdir. Araşdıranda bəlli olur ki, psixoloq xidməti təklif edənlərin əksərinin ali təhsili yoxdur, sadəcə, haradasa 3-6 aylıq kurslar keçiblər, sertifikatla bu xidməti göstərirlər. Nəticədə isə psixoloji yardıma gedənlər daha aqressiv duruma düşür, cəmiyyətə mənfi mesajlar ötürülür və s. 

Məlum problemlə bağlı fikir bildirən Mediasiya Şurasının sədri Nadir Adilov bu günlərdə qeyd edib ki, ölkədə 3 aylıq kurs keçən "psixoloq"lar ailə məsələləri ilə məşğul olur: “Psixoloq fəaliyyətinə nəzarət edən ciddi nəzarət orqanı və mərkəz yaradılmalıdır. Mediasiya ailəni barısdırmaq yox, ailə mübahisələrinin aradan qaldırmasına dəstək verməkdir".

Maraqlıdır ki, ailə psixoloqları boşanmaların qarşısını ala bilər? Ümumiyyətlə, bu sahəyə necə nəzarət olunmalıdır?

“3 aylıq kursla özlərini psixoloq adlandıranlar qeyri-peşəkardır və onların yanına gedənlər əliboş, ümidsiz qayıdır” 

Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, psixoloq kimi fəaliyyət göstərmək üçün şəxsin bakalavr təhsili psixologiya ixtisası olmalıdır: “Bakalavr təhsili psixologiya ixtisası olmayan, amma özünü ictimaiyyətə psixoloq kimi təqdim edən şəxslər var. Həmin şəxslər keçdikləri 3, 6 ay və ya 1 illik kursların onlara psixoloq kimi fəaliyyət göstərməklərinə icazə verdiyini iddia edirlər. Bu doğru deyil. Bakalavr təhsili psixologiya ixtisası olmayan şəxslər özlərini sosial platformalar üzərindən ictimaiyyətə mütəxəssis kimi tanıdıblar. Televiziya və digər media qurumlarının layihələrində psixoloq kimi çıxış edirlər. Diplomsuz fəaliyyət göstərən psixoloqlara qarşı aidiyyəti qurumlar ən sərt addımlar atmalıdırlar. Onlar qanun qarşısında cavab verməlidirlər. Psixologiya elmi əsaslı elmdir. Ona görə təhsil vacibdir. Həm hüquqi, həm ictimai qaydalarla yaranmış mənzərəni dəyişmək olar”.

Psixoloqun sözlərinə görə, müasir dövrdə cəmiyyətimizin ali təhsilli, peşəkar psixoloqlara ehtiyacı çoxdur. Amma təəssüf ki, bu gün onların sayı azdır: “Belə bir fikir var ki, ailələrin dağılmasında ailə psixoloqlarının rolu var. Mən bu fikirlə tam razı deyiləm. Psixoloq ailəsində problem olan şəxsə demir get boşan. Əslində psixoloqun işi xəstəyə qulaq asmalı və şuüraltındakı problemləri meydana çıxarıb, onun üzərində işləməkdir. Şüuraltı terapiyanın nə olduğunu hər psixoloq bilmir.  Şuüraltı terapiya olduqca çətin və zaman aparan prosesdir. Danılmaz faktdır ki, özlərini psixoloq adlandıranlar qeyri-peşəkardır və bu kimi proseslərin nə olduğunu bilmir. Bu səbəbdən psixoloq yanına gedənlər əliboş, ümidsiz qayıdır”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
baki-xeber.com

1Mənbələr