AZ

Görkəmli coğrafiyaçı alimlərin xatirəsi anılıb

Bakı, 16 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının növbəti iclası görkəmli coğrafiyaçılar - Hadı Əliyevin 125, Əbdürrəhim Hacızadənin 105 illik yubileylərinə həsr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, direktor Zakir Eminov Azərbaycan elminin inkişafına töhfələr vermiş coğrafiyaçı alimlərin yubileylərinin qeyd edilməsinin, onların şəxsiyyəti, həyat və fəaliyyəti barədə məlumatların işıqlandırılmasının, qoyub getdikləri dəyərli irsin günümüzə və gələcək nəsillərə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin (BDU) Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri professor Aydın İbrahimov professor Hadı Əliyev haqqında məruzə edib. Bildirilib ki, H.Əliyev Azərbaycanda coğrafiya təhsilinin əsasını qoyanlardan biri, Coğrafiya İnstitutunun ilk direktoru, SSRİ EA-nın Azərbaycan filialında ilk İqtisadi coğrafiya şöbəsinin təşkilatçısı və rəhbəri, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri olub. Onun təşəbbüsü ilə 1944-ci ildə universitetdə yaradılmış Geologiya-coğrafiya fakültəsinin nəzdində İqtisadi coğrafiya kafedrası açılıb və o, 1980-ci ilədək həmin kafedraya rəhbərlik edib. H.Əliyev 1960-cı ildən universitetdə Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası kafedrasına rəhbərlik edib. Ali məktəb tələbələri üçün “Azərbaycan SSR-in iqtisadi coğrafiyası” dərsliyini yazan alim yüzlərlə elmi məqalənin müəllifidir. Onun “Çin Xalq Respublikası”, “Misir Ərəb Respublikası” və “Afrika bu gün” kitabları indi də öz əhəmiyyətini saxlamaqdadır.

Sonra Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri professor Çingiz İsmayılov elmi rəhbəri olmuş professor Əbdürrəhim Hacızadə haqqında məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, Ə.Hacızadənin elmi yaradıcılığının başlıca mahiyyətini iqtisadi-coğrafi ərazi komplekslərinin araşdırılması təşkil edib. İlk dəfə olaraq o öz tədqiqatlarında sadə təsvirlərdən dərin təhlilə keçərək təbii ehtiyatların bal göstəriciləri ilə iqtisadi coğrafi qiymətləndirmə aparıb, sənayenin ümumi və hər birinin ayrılıqda istehsal-ərazi kompleksləri şəklində formalaşmasının təbii-iqtisadi əsaslarını tədqiq edib. O, Azərbaycan sənaye kompleksində tam istehsal silsilələrinin yaradılması metodlarını, əhəmiyyətini və əlaqələrini ətraflı şəkildə təhlil edib və orijinal xəritə-sxemlərini verib. Onun elmi əsərlərindəki əməli təkliflər Azərbaycan təsərrüfat sahələrinin daha səmərəli yerləşdirilməsində, düzgün iqtisadi-coğrafi rayonlaşdırma aparılmasında xüsusi əhəmiyyət kəsb edib. Ə.Hacızadə, eyni zamanda, Azərbaycanın dövlət-plan və idarə orqanları tərəfindən sifarişlər verilən böyük iqtisadi əhəmiyyəti olan irimiqyaslı elmi konstruktiv xarakterli tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik edib.

İki yüz elmi məqalə yazmış alim “Azərbaycanın sənaye kompleksi”, “SSRİ-nin iqtisadi coğrafiyası”, “Azərbaycan SSR sənayesinin inkişafının təbii ehtiyatları”, “Azərbaycan SSR-in əhalisi və onun məskunlaşması”, “Bakı – iqtisadi-coğrafi səciyyəsi” və s. mühüm əsərlərin müəllifi, “Əhali coğrafiyası”, “Zaqafqaziya respublikalarının coğrafiyası”, “Qafqaz”, “Coğrafiya tarixi” və digər kitabların həmmüəllifi olub.

Şöbə müdirləri, coğrafiya elmləri doktorları, dosent Nəriman Paşayev və professor Rza Mahmudov görkəmli alimlər haqqında xatirələrini bölüşüblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
1
azertag.az

2Mənbələr