AZ

Qaluzin Avromissiyaya “hibrid müharibə aləti” dedi, Paşinyan “səhviniz var” cavabını verdi...

Image

Yəhya Babanlı: “Bu region ölkələrinin milli maraqları və təhlükəsizliyinə təhdiddir”

Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib ki, Avropa İttifaqının müşahidə missiyası regionda həm də təhlükəsizlik missiyasıdır:

“Və ümid edirik ki, Qlobal Demokratiya bütün bu problemlərin həllində bizə dəstək verəcək. Biz Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə missiyasını qəbul etməkdən məmnunuq. Və biz Aİ-nin bu potensialı genişləndirmək qərarını alqışlayırıq”.

Maraqlıdır, necə olur ki, onun adı mülki missiyadır, amma təhlükəsizlik missiyası rolunu oynayır? Silahı olmayan dəstə necə təhlükəsizlik missiyası rolunu oynayacaq? Deməli, Paşinyan bununla etiraf edir ki, Aİ müşahidə missiyası həqiqətən Azərbaycanın dediyi kimi hərbiləşdirilmiş missiyadır. Keçmiş hərbçilərdən, kəşfiyyatçılardan ibarətdir və silahlara, zirehli maşınlara malikdir. Bir sözlə, Paşinyan bununla özü-özqnü ifşa etdi. Paşinyanın bu yanaşması həm də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə kəskin əks cavabdır.  Qeyd edək ki, Qaluzin Aİ-nin müşahidə missiyasını pozuculuqda ittiham edib. O, missiyanın Aİ-nin hibrid müharibəsinin aləti olduğunu bildirib və açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərdiyini vurğulayıb: “Üstəlik, Aİ-nin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan, anti-Rusiya və anti-İran xarakteri alır”.

“Rusiya kimi yəqin ki, İran da öz obyektiv münasibətini bildirər” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix elmləri fəlsəfə doktoru, politoloq Yəhya Babanlı buna bir neçə prizmadan yanaşdı: “Avropa İttifaqının Azərbaycan və Ermənistan arasındakı sülh açılımındakı hərəkəti təəssüflə qarşılanır. Açıq-aydın görünür ki, müəyyən vasitələrlə münaqişə uzansın - davam etsin. Müstəqil siyasət yürüdülməsi nədənsə üzv ölkələri qorxudur. Əfsus ki, Avroittifaq öz ambisiyasına regionu qurban vermək istəyir. Bəli, Aİ-nin məlum müşahidə missiyası təkcə Azərbaycana qarşı deyil, eləcə də region üçün kəşfiyyat-pozuculuq fəaliyyətində şübhə yaradır. İstər 10 noyabr bəyanatında rolu olmayan, istərsə də sülhə doğru gedişatda xüsusi missiya daşımayan Aİ-nın belə birtərəfli mövqeyi narahatlıq doğurur və alt niyyətli maraq güddüyü görünür. Ermənistanın Baş nazirinin Avropada populist çıxışına gəldikdə isə, bu, qeyri-ciddi və qeyri-səmimi şablon sözlərdir. Erməni hökumətinin hazırkı diplomatiyası auditoroyaya görə dəyişir və mücərrəddir. Hər hansı bir məsələdə konkretliyi əks etdirmir. Sanki qarşıdakı tərəfi aldatma prinsipi ilə yola verirlər. Buna “Buqələmun” adını vermək olar. Cilid dəyişir və mahiyyət eynidir. O cümlədən, siyasi və maliyyə baxımından asılı dövlət olduqları üçün məcbur gediş edirlər. Çıxış yolunu forpost statusunu saxlamaqda görürlər. Aİ-nin dırnaqarası və ya sözdə Müşahidə Missiyasının bölgədə yerləşdirilməsi yolverilməzdir. Bu region ölkələrinin milli maraqları və təhlükəsizliyinə təhdiddir. Rusiya kimi yəqin ki, İran da öz obyektiv münasibətini bildirər. Baş nazir Paşinyanın mülki missiya adı altında zonada yaratmaq istədiyi Aİ poliqonu inşa edilməz. Məlumdur ki, Rusiya sülhməramlıları yola salınıb, Türkiyə-Rusiya müşahidə məntəqəsi ləğv edilib. Belə bir vəziyyətdə təzədən “missiya” axtarışına çıxmaq absurddur”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
baki-xeber.com

1Mənbələr