AZ

"Qarabağ klanı" son nəfəsini verir

İrəvanda keçirilən etiraz aksiyalarına artıq erməni separatçıları da qoşulub.

Bunu özünü buraxmış qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan deyib.

“Biz bəyanat verib “Vətən naminə” hərəkatına qoşulduq və onu dəstəkləyirik. Mən bütün ömrüm boyu Erməni Apostol Kilsəsinin yanında durmağa hazıram”, - deyə o qeyd edib.

Tezliklə Vitali Balasanyan və digər erməni separatçıların rəhbərliyi ilə Qarabağ ermənilərinin də İrəvanda keçirilən etiraz aksiyalarına qoşulacağı iddia olunur. 

Maraqlıdır, Qarabağ ermənilərinin bu etiraz aksiyalarına qoşulacağı təqdirdə Ermənistanda hansı proseslər baş verəcək?

Məsələ ilə bağlı Qarabağ məsələsi üzrə ekspert və jurnalist Asəf Quliyev “Cebhe.info”-ya şərhində qeyd edib ki, Vitali Balasanyan həm Qarabağ ermənilərinin içərisində, həm də Ermənistan ictimaiyyətində kifayət qədər önəmli fiqurdur:

“Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın dağlıq ərazilərində antiterror əməliyyatlarından sonra bəzi erməni separatçılarının həbs olunmasına baxmayaraq, Vitali Balasanyan rahat şəkildə Ermənistana qaçdı. Onun qaçısını isə müəyyən qüvvələr təmin etdi.

Balasanyan hələ də bəzi qüvvələrə lazımdır. Qarabağ erməniləri arasında Balasanyana hörmət edənlər kifayət qədər çoxdur. Xatırladım ki, həm 2016-ci ilin aprel döyüşləri, həm də 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Qarabağdakı erməniləri ruh düşkünlüyündən xilas etmək üçün Vitali Balasanyana ehtiyac yarandı.

Buna görə də Balasanyan Vətən müharibəsindən bir müddət keçəndən sonra qondarma “Artsaxın təhlükəsizlik şurasının katibi” təyin edildi. Bir müddət o, bu postda xidmət etdi. Ancaq Erməni əsilli Rusiyanın sabiq vətəndaşı, milyarder Ruben Vardanyanın Qarabağa gəlişindən və qondarma qurumun “dövlət katibi” təyin ediləndən sonra Vitali Balasanyan inciklik göstərərək vəzifəsini tərk etdi.

Bildirim ki, Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusuna qarşı Samvel Babayan və Vitali Balasanyan vuruşub. Erməni separatçıları arasında bu iki şəxs önəmli fiqurdur.  Samvel Babayan vaxtaşırı Nikol Paşinyana qarşı fikirlər səsləndirsə də, mahiyyət etibarı ilə Paşinyanın diktəsi ilə oturub durur. 

Ona görə də Samvel Babayan Qarabağ ermənilərinin gözündə güclü fiqur kimi görünmür. Vitali Balasanyana gəlincə, bu şəxsə təkcə Qarabağ erməniləri yox, həmçinin vaxtilə Qarabağda vuruşan Ermənistan vətəndaşları tərəfindən də dəstəklənir. 

Əgər Vitali Balasanyan Paşinyan hakimiyyətinə qarşı qüvvələr ilə həmrəy olduğunu bəyan edirsə, bu, onu göstərir ki, son prosesləri koordinasiya edən dairələr son “kozur”undan istifadə edirlər.

Qarabağ ermənilərinin aksiyalara qoşulacağı təqdirdə ölkədə hansı proseslərin baş verəcəyini indidən proqnozlaşdırmaq çətindir, bunu yalnız zaman göstərəcək” .

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
1
cebheinfo.az

2Mənbələr