AZ

Fransa – Azadlığın həbs edildiyi irtica yuvası!

Fransa artıq əsl yırtıcı simasını çəkinmədən ortaya qoymağa başlayıb. Davam edən iğtişaşlara görə Fransa hakimiyyəti Yeni Kaledoniyaya ordu yerləşdirəcək. Fransa hökuməti etirazları yatırmaq üçün Yeni Kaledoniyada fövqəladə vəziyyət də elan edib. Rəsmi Paris var gücü ilə öz haqları uğrunda mübarizəyə qalxan minlərlə insanın haqq səsini boğmağa, onları azadlıq yolundan çəkindirməyə çalışır.
Bütün tarixi boyu başqa xalqlara qarşı olmazın müsibət və faciələrini törədən, istismar siyasəti yeridən rəsmi Paris, iyirmi birinci əsrin bu vaxtlarında da öz murdar siyasətini davam etdirir. Budur, Yeni Kaledoniyada bu istismara və hüquqsuzluqa qarşı etiraza qalxan insanlara qarşı Fransanın qəddarlığı pik həddə çatıb.

Fransanın müstəmləkəsi olan, Avropadan min kilometrlərdə uzaqda, Sakit okeanın tam ortasında adalardan ibarət Yeni Kaledoniyanın uzun illərdən bəri apardığı azadlıq mübarizəsi əslində Fransanın tarixdəki yırtıcı mahiyyətini bütün dünyaya çatdıran vacib məqamdır.

Yeni Kaledoniyabarədə qısa məlumat: Yeni Kaledoniya Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumudur. Sakit okeanın cənub-qərb hissəsində, Melaneziyada eyniadlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunur. Cənub-qərbdə Avstraliyanın iqtisadi zonası, şimalda Vanuatu, cənub-şərqdə Fici ilə həmsərhəddir. Yeni Kaledoniyanın əhalisi Qarabağda yaşayan və Fransanın dəstək verdiyi erməni separatçılarının sayından 6 dəfə çox - 245,580 nəfərdir. Paytaxtı Numea şəhəridir və şəhərin 98 min əhalisi var.

Fransa kanak xalqının ilk növbədə mədəniyyətinə hücum edib. Əgər bir xalqın mədəniyyəti məhv edilirsə, o, öz silahını itirmiş hesab olunur. Kanak xalqının 3 min ilə yaxın tarixi var. Fransa buna müdaxilə etməməlidir. Fransa bu sivilizasiyanı özündən asılı vəziyyətə gətirmək və Qərb mədəniyyəti ilə eyniləşdirmək istəyir. Lakin bu gün gördüyümüz kimi bu məsələdə də Fransa öz istəyinə çatmayacaq.
Bu gün dünyada hər kəsə gün kimi aydındır ki, neokolonializmin ən bariz nümunəsi Fransanın timsalında təzahür edir. Bu ölkədə insan hüquq və azadlıqlarına münasibət birmənalı şəkildə fərqli standartlara əsaslanır. Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu dövlət istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə almağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub.
Gələk Fransa üçün əsl utanc yeri olan Əlcəzairdə törətdiyi soyqırımlara. Fransanın soyqırımlarla dolu tarixində 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirilməsi bu ölkənin cinayətlərlə dolu tarixinin bir vərəqidir. Əlcəzairdə Fransanın müstəmləkə işğalına qarşı mübarizə aparan yerli müqavimətçilərin kəllə sümükləri həmin dövrdə Parisə kolleksiya üçün göndərilmişdir. Amma rəsmi Paris bu gün nə Əlcəzairdən, nə də soyqırımına məruz qoyduğu digər ölkələrdən üzr istəmək istəmir. Əvəzində Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərini qənimət kimi saxlayır və ziyarətçilərə qürur mənbəyi kimi sərgiləyir.

Fransanın yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibəni unutdurmağa çalışır. Əlcəzairlilər isə kütləvi qəddarlığı əsla unutmayacaq. Fransanın törətdiyi daha bir faciə isə 1961-ci ilin oktyabrında baş verib. O zaman on minlərlə əlcəzairli işğalı pisləmək üçün Parisdə nümayişə çıxıb və polisin açdığı atəşlə 1500 etirazçı qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Buna "Sena qətliamı" da deyirlər. Yelisey sarayı hələ də bu faciə ilə bağlı susqunluq nümayiş etdirir.

Bu gün Fransanın tərkibindəki subyektlərə qarşı tətbiq etdiyi assimilyasiya konsepsiyası sivil dünya üçün əsl utanc faktıdır. Özünü Avropanın “sivil mərkəzi” kimi saxta piarla gözə soxmağa çalışan Fransa hakimiyyəti sözün əsl mənasında bəşəriyyət üçün təkcə utanc yeri deyil, həm də insan hüquqlarına və azadlıq ideyalarına qarşı canlı həbsxanaya çevrilib. “Mədəni Avropa” bunu görməzdən gəlsə də reallıq budur.
Belə bir irtica ölkəsinin Olimpiya Oyunlarına ev sahibliyinin özü Fransa müstəmləkəsində inləyən xalqlar üçün, minlərlə azadlıqsevər insanlar üçün əsl təhqir olardı. İrtica yuvasına çevrilən belə bir ölkədə dostluq, sülh, azadlıq rəmiz olan Olimpiya Oyunlarının keçirilməsi idman ruhuna ziddir. Azadlıq üçün ayağa qalxan insanların qanı ilə idman ruhu heç zaman bir araya sığmaz. İrtica və azadlıq bir araya sığmadığı kimi!

Mətləb Salahov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
sia.az

2Mənbələr