AZ

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı: Ən çox nələrə diqqət yetirilməlidir?

Azərbaycan müstəqilliyini qazandıqdan sonra diqqət ayırdığı əsas məsələlərdən biri də məhz uşaqlar və gənclərin düzgün yetişdirilməsidir. Çünki dövlətin gələcəyini onlar müəyyən edir.

Belə olan təqdirdə, yetişən gəncliyin düzgün, savadlı, təcrübəli, ən əsası isə şəxsiyyət kimi formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, dövlətin son illər bu istiqamətdə diqqət və qayğısı daha da artıb.

Təbii haldır ki, uşaqların və gənclərin yetişdirilməsində təhsil vacib amil kimi qiymətləndirilir. Bu mənada, Azərbaycanda hər il yeni məktəblər tikilir, yaxud təmir edilərək, daha müasir tələblərə uyğun texnologiyalarla təchizdən sonra şagirdlərin istifadəsinə verilir. Əlavə olaraq, gənclərin fiziki inkişafı üçün stadionlar və olimpiya kompleksləri inşa edilir.

Xüsusi vurğulanmalıdır ki, uşaq və gənclərin düzgün yetişdirilməsində, onların fiziki və mənəvi, psixoloji cəhətdən sağlam olmasında əsas amil valideyn faktorudur. Çünki gözünü açıb ilk olaraq ana-atasını görən uşaq nə öyrənirsə, valideynlərindən öyrənir. Eyni zamanda, valideynlərlə birlikdə müəllimlərin də uşaqlara təsiri böyükdür. Cəmiyyət üçün sağlam düşüncəli, dövlət üçün milli ruhda gənclərin yetişdirilməsi məhz müəllimlərin öhdəliyindədir.

Mövzu barəsində Yenicag.az-a fikirlərini açıqlayan Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, istər yaradıcılıq, istərsə də təhsil baxımından uşaq və gənclərin inkişafı üçün dövlətin xüsusi qayğısı mövcuddur:

“Yetişən gəncliyin bilikli və təcrübəli olması, peşə bacarıqlarının artırılması üçün dövlət qurumları səviyyəsində lazımi addımlar hər zaman atılıb. Bu isə hər kəs tərəfindən təqdirəlayiq addım kimi qiymətləndirilib. Eyni zamanda, təhsil sahəsində xüsusi dövlət proqramlarının hazırlanması dövlətimizin bu istiqamətə göstərdiyi qayğının bariz nümunəsidir.

Göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri qlobal miqyasa çıxa biləcək layihələr hazırlayırlar. Onlara yaradılan şərait, göstərilən dəstək sayəsində ölkəmiz texnologiya sahəsində yeniliklər əldə etməyə, adını beynəlxalq aləmdə yazdırmağa başlayıb. Lakin daha çox inkişaf üçün regionlarda da müəyyən addımlar atılmalıdır. Azərbaycanın gələcəyi üçün ucqar məntəqələrdə yaşayan gənclər kənarda qalmamalıdır”.

Mövzu barəsində Yenicag.az-a fikirlərini bildirən təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, gələcək gəncliyin formalaşması ilk olaraq uşaqlardan asılıdır:

“Bildiyimiz kimi, hər bir uşağın sevdiyi əsas məşğuliyyətlərdən biri cizgi filmləri izləməkdir. Bizdə isə uşaqlara uyğun, onların təfəkkürünü inkişaf etdirəcək cizgi filmləri azdır. Əlavə olaraq, xarici cizgi filmləri ya tərcümə edilmir, ya da keyfiyyətli tərcümə olunmur. Eyni zamanda, uşaqların əylənə biləcəyi televiziya verlişləri də yoxdur. Həmçinin uşaq ədəbiyyəti ilə bağlı problem mövcuddur. Çünki bu istiqamətdə resurs zəngin deyil.

Bir çox gənclərin isə maraqları bəzən uyğunsuz kontentlər üzərinə qurulub. Xarici ölkələrdən bəzilərində hər kəsin bildiyi sosial platformalardan istifadə ya qadağandır, ya da müəyyən süzgəclər mövcuddur. Bir növ yaxşı mənada “senzura” tətbiq edilib.

Həmçinin bizdə məktəblər də qəribə təşkil edilib. Uşaqların üzərlərinə həddindən artıq yük verilir. I sinfə başlamaq üçün hazırlıqlara getmək, yay tətilini oxumaqla keçirmək uşaqları çox yorur. Tələbələrdə də eyni hal müşahidə edilir. Bu da biliklərə yiyələnmək baxımından heç də effektiv deyil.

Uşaqlar və gənclərin inkişafını təmin edən lazımi qanunlar mövcuddur. Həmin qanunların tələblərini düzgün formada icra edərək, bu sahədə də yüksək inkişafa nail olmaq mümkündür”.

Nəsimi Ələsgərli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanmışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
yenicag.az

1Mənbələr