AZ

Kobaxidzenin Ankara səfəri: Baş nazirin qovluğunda nə var?

Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın 16-da Türkiyəyə rəsmi səfərə gedib.
Gürcüstan Hökumətinin administrasiyasından yayılan məlumat görə İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşəcək, birgə mətbuat konfransı keçiriləcək.
Nümayəndə heyətinə Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri İlya Darçiaşvili, təhsil naziri Giorgi Amilaxvari, Acarıstan hökumətinin başçısı Tornike Rijvadze və digər rəsmi şəxslər daxildirlər.

Politoloq Tural İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə və Gürcüstan arasındakı münasibətlər kifayət qədər yaxşı vəziyyətdədir:
"Rəsmi Ankara və Tbilisi bir çox platformada mehriban qonşuluq münasibətlərini davam etdirir. Bizə məlumdur ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçlü görüş formatı yaranıb ki, bu həm xarici işlər nazirləri, həm də müdafiə nazirləri səviyyəsində dəfələrlə təkrarlanıb. Bu gün Gürcüstan Türkiyənin regional əhəmiyyətini yaxşı başa düşür və bu səbəbdən Türkiyəylə münasibətləri, siyasi və iqtisadi inteqrasiyanı inkişaf etdirməyə çalışır. Bu baxımdan hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğanla İrakli Kobaxidzenin görüşü iki ölkənin əlaqələrinin inkişafında mühüm rol oynayacaq".

Analitik əlavə edib ki, hazırda Gürcüstanda müəyyən  neoimperalist dairələr “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsi prosesini sabotaj etməyə, vəziyyəti gərginləşdirmək üçün aranı qarışdırmağa çalışır:
"Yaxın keçmişdə xarici qüvvələrin dəstəyi ilə çevriliş cəhdlərinə məruz qalan Türkiyəni belə məsələlərdə təcrübəli hesab etmək olar. Düşünürəm ki, Türkiyə görüşdə xaricdən bu tip təhlükəli çevriliş tendensiyaları ilə bağlı təcrübələrini Gürcüstanla paylaşacaq. Rəsmi Ankara Gürcüstanın milli suverenliyini, hüquqlarını qorumağını daim dəstəkləyib. Türkiyə də Azərbaycan kimi Gürcüstanın milli dəyərlərinə zidd, orada vəziyyəti qarışdırmağa xidmət edən neoimperalist təhrikləri qəbul etməyəcək. Rəsmi Ankara Gürcüstanda Qərbin oynamağa çalışdığı təhlükəli tendensiyalara qarşı duruşunu daim göstərib və bundan sonra da göstərəcək".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
sherg.az

1Mənbələr