AZ

Rusiya Abxaziya və Cənubi Osetiyadan imtina edir? – “Bu məndə sual doğurur”

“Rusiyanın müəyyən şərtlər daxilində Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytaracağı ilə bağlı fikirlər nə qədər həqiqətə uyğundur, deyə bilmərəm, lakin bu məndə sual doğurur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, analitik Tofiq Zülfüqarov deyib.

Sabiq nazir Rusiyanın post-Ukrayna dövründə Cənubi Qafqazda “yumşaq siyasət” yürüdəcəyi ilə bağlı səslənən iddialara münasibət bildirib.

Onun sözlərinə görə, Ukraynada olan nəticələr buna imkan vermir ki, Rusiya Cənubi Qafqazla bağlı siyasətini dəyişsin:

“Ona görə də bu məsələdə hələlik heç bir əsas görmürəm. Mənə elə gəlir ki, sözügedən iddiaların gündəmə gəlməsi Qarabağda olan hazırkı vəziyyət və Rusiya sülhməramlı kontingentinin bölgəni tərk etməsi ilə əlaqədardır. Lakin Gürcüstanda olan münaqişələrə baxsaq, Qarabağdakı hadisələrlə onun oxşarlığı yoxdur. Ona görə ki, bunlar fərqli vəziyyətlərdir”.

T. Zülfüqarova görə, Azərbaycan geopolitik vəziyyəti dəyişməyə nail ola bildi, o cümlədən, burada bir çox faktorlar öz rolunu oynadı:

“Əsas faktorlardan biri isə Azərbaycan-Türkiyə müttəfiqliyi idi. Digər tərəfdən, Azərbaycan dövlətçiliyinin güclənməsi, baş vermiş hərbi əməliyyatların nəticələri regiondakı geosiyasi vəziyyəti dəyişdirdi. Bu məsələləri isə avtomatik şəkildə Gürcüstana şamil etmək səhvdir. Qısacası, bu adıçəkilən iddialarla bağlı əsaslar görmürəm”.

Qeyd edək ki, ötən gün “Caucasian Live” “Telegram” kanalı Rusiya tərəfinin müəyyən şərtlərlə Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılmasını nəzərdən keçirməsi ilə bağlı informasiyalar dərc etmişdi.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
yenicag.az

1Mənbələr