AZ

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərinə atıb.

Vəkil iddia edib ki, Bob Menendes evində gizlədilən qızıl külçələr haqqında heç nə bilməyib. O, məhkəmədə bu iddia üzərində israr edərək, siyasətçinin həyat yoldaşını müvəkkilinin xəbəri olmadan birlikdə yaşadıqları evlərində “var-dövləti gizlətməkdə” ittiham edib.

Rüsvayçılıqla üzləşən senatorun vəkili Manhetten Federal Məhkəməsində çıxışı zamanı bildirib ki, Menendesin arvadı Nadin Arslanyan ərinə tələ qurub.

Prokurorların iddia etdiyi kimi, Menendes öz nüfuzundan xarici iş adamlarının maraqları naminə istifadə etmək müqabilində qızıl külçələr, habelə yüzminlərlə dollar nağd pul və “Mercedes” markalı kabriolet rüşvət alıb, arvadı isə bu işdə onunla əlbir olub.

“Qızıl külçələr haradan tapıldı? Qızıl külçələr kilidli şkafda tapıldı. Bu, Nadinin şkafıdır”, - deyə Menendesin vəkili Avi Vaysman qeyd edib.

O, şkafın fotolarını nümayiş etdirib və şkafın Nadinin paltarları ilə dolu olduğunu söyləyib.

“Senator qızıl külçələrin orada olduğunu bilmirdi”, - deyən Vaysman andlılar məhkəməsinin üzvlərində Nadin haqqında “məkrli həyat yoldaşı” təəssüratı yaratmaq istəyib.

Xatırladaq ki, 2022-ci ilin iyununda cütlüyün Nyu-Cersi ştatında yerləşən Enqlvud-Kliffsdəki evinə basqın zamanı təhlükəsizlik qüvvələri dəyəri 150 min dollardan çox olan 13 qızıl külçə və təxminən 500 min dollar məbləğində nağd pul tapıblar. İttiham tərəfinin fikrincə, bütün bu vəsaitlər 2018-ci ildə, Bob və Nadinin yenicə görüşməyə başladıqları vaxtlarda başlayan korrupsiya sxeminin “bəhrələridir”.

“O, güclü idi. Həm də korrupsioner idi. Və onun qiyməti nə idi? Qızıl külçələr. Menendes öz tamahını təmin etmək və arvadını xoşbəxt etmək üçün vəzifəsindən sui-istifadə edib”, - deyə ittiham tərəfi bildirib.

İttiham tərəfi hesab edir ki, Menendes ehtiyatlı olub və heç vaxt rüşvətalma sxemini həyat yoldaşı ilə yazılı şəkildə müzakirə etməyib. Əksinə, rüşvət verən insanlara mesaj göndərmək və onlardan mesaj almaq üçün məqsədyönlü şəkildə Nadindən istifadə edib.

Bob Menendesin həyat yoldaşı məhkəməyə gəlməyib, onun işi üzrə proses iyunda keçiriləcək.

Federal hakimiyyət orqanları iddia edirlər ki, Menendes, həmçinin, ipoteka üzrə ödənişlər və evin təmiri üçün xərcləri də rüşvət qismində qəbul edib. Bu, ona qarşı federal korrupsiya ittihamının irəli sürüldüyü ilk hal deyil.

2015-ci ildə Menendes Florida ştatının göz cərrahı Salomon Melgendən hədiyyələr almaqda ittiham olunub. “Hədiyyələr” sırasına Parisdə tətillər, şəxsi təyyarə ilə uçuşlar və Melgenin Dominikan Respublikasındakı villasında istirahət də daxil olub. Əgər senatora bütün maddələr üzrə ittiham irəli sürülərsə, onu 45 ilə qədər həbs gözləyir.

Mənbə: RG.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
6
oxu.az

7Mənbələr