AZ

İlin üç ayında 10,2 min ailəyə 10,6 min uşağın anadan olmasına görə birdəfəlik müavinət verilib

İlin

Bakı, 16 may, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 13,8 faiz artırılaraq 1652,1 milyon manata çatdırılıb. Sərf olunmuş vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2024-cü il aprelin 1-nə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda 1097,3 min nəfər pensiyaçı qeydiyyatda olub. Onların 64,2 faizi yaşa, 23,5 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 11,2 faiz artaraq 490,7 manat təşkil edib və orta aylıq əmək haqqının 49,8 faizinə bərabər olub.

Bu ilin üç ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 10,2 min ailəyə 10,6 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,7 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1,6 min nəfərə birdəfəlik müavinətlər verilib.

2024-cü il aprelin 1-nə olan məlumata görə, 64,4 min aztəminatlı ailənin 276,7 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Müxtəlif kateqoriyadan olan 395,7 min şəxsə Prezidentinin təqaüdü təyin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
9
azertag.az

10Mənbələr