AZ

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə: Rəsmən imzalandı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Cənubi Qafqaz üzərindən Asiya ilə Avropa arasında əlaqəni daha da genişləndirmək və asanlaşdırmaq üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzrə anlaşma memorandumu imzalayıb.

Teleqraf.com xəbər verir ki, tərəfdaşlıq ticarət, yaşıl enerji, yeni sektorlara investisiyalar, eləcə də Azərbaycan, Ermənistan və Gürcüstanda nəqliyyat və rəqəmsal infrastrukturun genişləndirilməsinə yönələcək.

Qeyd olunub ki, Orta dəhlizin gücləndirilməsi regionda yeni iqtisadi imkanlar yaradacaq və mövcud ticarət dəhlizlərinə alternativ nəqliyyat marşrutu təqdim edəcək. Memorandum regionda mühüm enerji, nəqliyyat, rəqəmsal və kənd təsərrüfatı infrastrukturunun planlaşdırılması, dizaynı və tikintisini təkmilləşdirmək məqsədi daşıyır.

Sənəd həmçinin gömrük, tarif və sərhəd əməliyyatlarının səmərəliliyinin artırılmasına, Orta dəhlizinin inkişafı üçün Cənubi Qafqaz ölkələrinə xüsusi investisiyaların cəlb edilməsinə, bölgə dövlətlərinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafı üçün ən yüksək beynəlxalq standartların qəbuluna yönəlib.

Əməkdaşlığın digər prioritetləri karbonsuz enerjinin inkişafı istiqamətində investisiyaların artırılması və korrupsiyaya qarşı mübarizədə islahatların təşviqi, vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlıdır.

Memorandum İrəvanda AYİB-in illik biznes konfransı çərçivəsində imzalanıb.

Xatırladaq ki, hazırda Transxəzər dəhlizi Gürcüstan və Azərbaycandan keçir. Ermənistan orada iştirak etmir. AYİB-in toplantısında çıxış edən Avropa Komissiyasının nümayəndələri Avropa Birliyindən Mərkəzi Asiyaya kommunikasiyaların açılmasının faydasını gündəmə gətiriblər. Söhbətin həm də Zəngəzur dəhlizi layihəsindən getdiyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
teleqraf.com

2Mənbələr