AZ

Fransanın davam edən kolonial siyasəti-Xəyal Bəşirov- ÖZƏL

"Fransanın kolonial siyasəti davam edir. Əslində, bu siyasətə qarşı Azərbaycan dövləti  Qoşulmama Hərəkatı çərçivəsində və ondan sonra Bakı təşəbbüs qrupu vasitəsilə kifayət qədər mübarizə aparıb. Çox təəssüflər olsun ki, bəşəriyyət üçün, insanlıq üçün, ümumilikdə dünya üçün utancverici, ləkə bir siyasətin bu gün-XXI əsrdə belə davam etdirilməsi prosesində dünyanın bir çox hissəsi etinasız və laqeydlik nümayiş etdirir. Məhz bu amillər, yəni bu etinasızlıq, laqeydlik müxtəlif məqamlarla bağlıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov qeyd edib:

"Bəziləri Fransadan çəkinir, bəziləri Fransa ilə eyni siyasəti zamanında davam etdirir, bəziləri hətta Fransa ilə bu siyasətin yürüdülməsinin bu gün də tərəfdarıdır. Azərbaycan terrordan, işğaldan, ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir dövlət kimi, təbii ki, bu prosesə qarşı olmaqda haqlıdır və Prezident İlham Əliyevin rəhbərliyi altında biz sona qədər bu məsələdə prinsipiallığımızı və qətiyyətimizi göstərəcəyimizlə bağlı mövqe ortaya qoymuşuq. Mən düşünürəm ki, bu gün dünyada eyni anda baş verən proseslərə diqqət yetirəndə görürük ki, dünya nə qədər ikiüzlü siyasət yürüdür. Fransanın bu gün Heni Kaledoniya kimi onun ərazilərindən 10000 km-dən artıq uzaqda yerləşən bir ərazidə xalqın səs hüququnu, xalqına etiraz etmək hüququnu, xalqın digər hüquq və azadlıqlarını kobud şəkildə, cinayətlər törətməklə, hüquqa və qanuna zidd addımlar atmaqla boğmasına bütün dünya etinasız yanaşmamalıdır. Bu gün Gürcüstanda baş verən hadisələrə Cənubi Qafqazın iki dövlətində eyni şəkildə etiraz aksiyaları gedir. Bir-biri ilə qonşu olan Gürcüstan və Ermənistanda baş verən etiraz aksiyalarına kollektiv Qərbin yanaşmasını görürük. Nə qədər ikiüzlü, nə qədər ədalətsiz, nə qədər qərəzli və ikili yanaşmanı özündə ehtiva edən münasibəti görürük. Gürcüstanda baş verən proseslər kollektiv Qərbin maraqlarına ziddir. Niyə? Çünki "xarici agentlər" haqqında qanunun qəbul edilməsinə insanlar etiraz edirlər. Kollektiv Qərb bunu Rusiya yönümlü siyasət adlandırır. Kollektiv Qərbə arxa çevirən bir siyasət adlandırır. Ona görə də onlar həmin Gürcüstanda baş verən proseslərin ən xırda detalına qədər işıqlandırılmasında maraqlıdırlar. Bu gün hətta belə bir məlumat yayıldı ki, İslandiyanın, Litvanın və Estoniyanın Xarici İşlər nazirləri bu gün Tbilisidə baş verən etiraz aksiyalarına qoşulublar. Yəni bu, açıq şəkildə, ayrı-ayrı dövlətlərin bir dövlətin daxili işlərinə qarışması deməkdir. Xarici İşlər nazirlərinin, hansısa bir digər dövlətin özü də, ümumiyyətlə regional baxımdan bir-biri ilə əlaqəsi olmayan uzaqlıqda yerləşən dövlətin etiraz aksiyalarında iştirak etməsi təbii ki, absurddur. Bu  dövlətlərin daxili işlərinə qarışmaq,  suverenliyini pozmaq, dövlətlərin müstəqilliyinə təhdid yaratmaqdır. Fransanın atdığı addımlara gəldikdə isə təbii ki, Fransa, ümumiyyətlə nəinki Olimpiya oyunlarının keçirilməsi, ümumiyyətlə, bu gün beynəlxalq aləmdə qlobal səviyyədə, insanlıq və bəşəriyyət üçün həmrəylik nümayiş etdirilən istənilən prosesdə iştirak etmək haqqına malik deyil. Fransa 21-ci əsrdə dünyanın bir ərazisində insanların hüquqlarının kobud şəkildə pozulmasına etiraz etmək, səs vermək hüquqlarının kobud şəkildə pozulmasını özündə ehtiva edən müddəanı konstitusiyaya daxil etməyə cəhd göstərir.  Bu konstitusiyaya qəbul edilmiş dəyişikliyə etiraz edən şəxslərin səslərini boğur, etirazlarını dağıdır. Bunu qanunsuz yolla edir. Təbii ki, bu məsələnin kökündə o durur ki, Fransa hökuməti Yeni Kaledoniyaya fransızları köçürərək orda istənilən fransıza səs vermək hüququ ilə bağlı konstitusiyaya etdiyi dəyişiklikləri zorla tətbiq etməyə çalışır. Yəni bundan sonra Yeni Kaledoniyada istədiyi məsələ ilə bağlı səs vermək hüququnda səslərdə üstünlük əldə etmək üçün Makron hakimiyyəti belə bir qanunsuz hüquqi və qanunazidd mürtəce müddəanın Konstitusiyaya daxil edilməsi məsələsində  addımlarını atır. Təbii ki, buna dünya etinasız yanaşıb, buna laqeydlik nümayiş etdirir və belə dünyanın belə ikiüzlü siyasətinin biz, təbii ki, dünyanın ayrı-ayrı regionlarında şahidiyik. Rusiya-Ukrayna müharibəsinə münasibət və Qəzzada baş verən proseslər həm yəhudi, həm Fələstin xalqının marağına qəti şəkildə uyğun olmayan proseslərin reallaşdırılması gələcəkdə həm Fələstin, həm də yəhudi xalqı arasında düşmənçilik toxumlarının daha da genişləndirilməsinə xidmət edir. Bunun da əsas ideyaçısı, əsas idarəedicisi,  dirijoru təbii ki, Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb dövlətləridir. Onlar bu siyasətdə maraqlıdırlar. Çünki heç bir regionda, xüsusilə də onlar üçün əhəmiyyət kəsb edən Yaxın Şərq, Cənubi Qafqaz, Rusiya, Ukrayna, məsələn Ərəb ölkələrində, Şimali Afrikada, digər dövlətlərdə heç bir xalqlar arasında dostluq olmamalıdır, sülh olmamalıdır, əmin- amanlıq olmamalıdır. Əgər belə olacaqsa, o halda həmin xalqlar kollektiv Qərbin həmin regionlara daxil olmasında maraqlı olmayacaqlar və onlar da istədiklərinə nail olmayacaqlar. Təbii ki, bu proses bu gün Fransa vasitəsilə Yeni Kaledoniyada davam etdirilir və Fransaya nəinki təpki göstərilir, əksinə, Fransaya bu məsələdə dəstək nümayiş etdirilir və mən düşünürəm ki, bu gün sülhün, təhlükəsizliyin, həmrəyliyin, əməkdaşlığın dostluğun rəmzi olan Olimpiya Oyunlarının Fransa kimi dostluğa, həmrəyliyə, əməkdaşlığa, sülhə və əmin-amanlığa qarşı olan, sabitliyə qarşı  siyasət  yürüdən   dövlətin həmin oyunları keçirmək haqqı yoxdur. Nə üçün? Çünki bir tərəfdən Olimpiya Oyunları, digər tərəfdən isə Fransa dövlətinin yürütdüyü siyasət ümumiyyətlə bir-birləri ilə daban-dabana zidd olan amillərdir. Bu məqamları nəzərə alsaq və Fransa dövlətinin hazırkı mərhələdə dünya üzrə yürütdüyü siyasətini müqayisə etsək,  görərik ki, Olimpiya oyunlarını  dünyanın digər 192 ölkəsinin bəlkə də hər birində keçirmək daha məqsədəuyğun olar, nəinki Fransada. Bəlkə də Fransa bu haqqa sahib olan ən sonuncu dövlətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
olaylar.az

1Mənbələr