AZ

Rusiya sülhməramlılarının fəaliyyətini qıənaətbəxş hesab etmirəm – Hərbi ekspert

Dünən Xocalı şəhərində Rusiya sülhməramlılarının Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirildi. Mərasimdə Azərbaycan və Rusiya müdafiə nazirliklərinin yüksək rütbəli hərbçiləri iştirak edib. Yaxın zamanlarda sülhməramlı kontingentin Qarabağdan çıxarılması prosesinin yekunlaşacağı bildirilir. 
Hərbi ekspert İbrahim Rüstəmov Herbiand.az-a açıqlamasında bu müddət ərzində Rusiya sülhməramlılarının ölkəmizdəki fəaliyyətini qənaətbəxş hesab etməyib. Qeyd edib ki, Rusiya sülhməramlıları çox təəssüf, Qarabağa tərəf kimi gəldilər:
“Onların Qarabağda başlanğıc dövrü ətrafda belə təsəvvür formalaşdırırdı ki, sanki torpaqları işğal olunan Azərbaycan deyil, Ermənistandır. Yurdundan-yuvasından qaçqın düşənlər azərbaycanlılar deyil, ermənilərdir. Əgər onların missiyasının nədən ibarət olduğuna nəzər yetirsək, ilk növbədə deməliyik ki, sülhməramlılar hər hansı regiona gedirlərsə, komandanlıq səviyyəsində o region haqqında məlumatlı olmalıdırlar. Yəni qarşı-qarşıya dayanmış güclərin tarixini mənimsəməli, yaranmış münaqişənin kökünü araşdırmalı və ona qiymət verməlidirlər. Təəssüf ki, sülhməramlıların müəyyən qisminin Azərbaycan təcridxanasında olan, müəyyən qisminin Ermənistana qaçan keçmiş Artsax rəhbərlərilə isti münasibəti, sonrakı mərhələlərdə baş verən hadisələr onların mövqeyini daha qabarıq şəkildə ortaya qoydu”. 
Hərbi ekspert sonrakı mərhələrdə sülhməramlıların vasitəsilə erməni separatçılarına, terrorçu qüvvələrinə silah daşınması hallarını müşahidə etdiyimizi söylədi: 
“Onların təminatı, müşayiət olunması və digər məsələr göstərdi ki, sülhməramlılar sülhü yox, Ermənistanın mövqeyini dəstəkləməyə gəlib. Yurd-yuvasından didərgin düşən insanların taleyi onları maraqlandırmırdı. Qərbi Azərbaycandan didərgin düşmüş insanlardan onların xəbəri yox idi. Bu anlamda Rusiya sülhməramlıların fəaliyyətini pis dəyərləndirirəm”. 
İbrahim Rüstəmov Azərbaycanın Kosovada, Əfqanıstanda və İraqda sülhü dəstəkləmə əməliyyatında uğurla iştirak etdiyini diqqətə çatdırdı. Bildirdi ki, ölkəmiz sülhməramlı qüvvələri ilə kifayət qədər çox ciddi nüfuz qazanıb:
“İstər NATO komandanlığı, istərsə də sülhü dəstəkləmə əməliyyatında iştirak edən dövlətlərin başçıları Azərbaycan sülhməramlılarının fəaliyyətini çox yüksək qiymətləndirmiş, onları müxtəlif mükafatlarla təltif etmişdilər. Yəni Azərbaycan sülhməramlı məsələsində kifayət qədər təcrübəli ölkədir. Və bu təcrübədən çıxış edərək deyirəm ki, Rusiya sülhməramlıları Qarabağdakı missiyalarını çox uğursuz yerinə yetirdilər. Əgər sülhməramlılar fəaliyyətlərində obyektiv olsa idi, Azərbaycanın bu gün qazandığı uğurlar daha erkən, eyni zamanda itkisiz olardı”. 

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
herbiand.az

1Mənbələr