2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 30 valyuta hərracında 2 milyard 409 milyon ABŞ dolları satılıb.

Bu göstərici isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Bəs bu artım dolların bahalaşmasına səbəb ola bilərmi?

İndex.az məsələ ilə deputat Tahir Kərimli ilə əlaqə saxladı.

İndex.az-a danışan Tahir Kərimlinin sözlərinə görə, dolların bahalaşması gözlənilmir.

“Azərbaycan tam olaraq üzən məzənnəyə keçməyib. Ölkəmizdə bu proses dövlət tərəfindən tənzimlənir. Buna görə də, dolların bahalaşacağını düşünmürəm. Ola bilər ki, başqa məsələlər var. Bir neçə gün əvvəl FED-in uçot dərəcəsini artırması dolların bahalaşacağına dair söhbətlərin yaranmasına şərait yaratdı”.

Tahir Kərimli bildirdi ki, dolların bahalaşmasının ölkəmiz üçün bir o qədər də ziyanı yoxdur:

“Bizim əsas gəlirimiz neftə görə dollarla olduğu üçün dolların bahalaşmasının bizə bir o qədər də ziyanı yoxdur. Lakin eyni zamanda ticarətin dollarla aparılması qlobal miqyasda baş verən hadisələrin bizə birbaşa təsir etməsinə yol açır. Mənim fikrimcə, ölkəmizdə kəskin devalvasiya gözlənilmir”.

Deputat Rüfət Quliyev də, dolların bahalaşmayacağını bildirib:

“Devalvasiyanın olub-olmayacağını aydınlaşdırmaq üçün bir neçə makroiqtisadi göstəriciyə baxmaq lazımdır. Bu göstəricilərə nəzər saldıqda isə həm xarici ticarətin, həm qızıl ehtiyatlarının, həm də iqtisadi tempin artdığını görərik. Beləliklə, nəzər saldığımız göstəricilər bizə devalvasiyanın qəti surətdə olmayacağını göstərir. Çünki ölkədə devalvasiyanın olması 90% ölkənin iqtisadi göstəricilərindən asılıdır. Qlobal iqtisadiyyatda baş verən proseslərin devalvasiyaya göstərdiyi təsir çox azdır”.