AZ

"Minsk qrupu koma vəziyyətindədir" — Politoloq

"Bu illər ərzində ATƏT-in Minsk qrupu Ermənistan tərəfindən ərazilərin işğal olunması faktı qarşısında susub, Ermənistana qarşı heç bir real siyasi və hüquqi təzyiqlər göstərilməyib və işğal faktına siyasi və hüquqi qiymət verilməyib. Əksinə, tərəflər arasında ziddiyyətlərin artırılması, münaqişənin həllinin uzadılması və reallığa uyğun olmayan həll variantlarının təklif edilməsini müşahidə etmişik".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Amid Əliyev deyib. O bildirib ki, bu tendensiyanın davam etməsini görən Azərbaycan real addımlar ataraq işğala və bölgədə separatizmə son qoydu:

"Hazırda isə Azərbaycan-Ermənistan sülh gündəliyi çərçivəsində heç bir vasitəçiyə ehtiyac olmadan müxtəlif vektorlu məsələlər öz həllini tapır. Buna görə də bölgədə sülhün təminatçısı və təşviqatçısı rolunda çıxış edən Azərbaycan Minsk qrupunun yenidən müstəviyə gəlməsində və hansısa şəkildə vasitəçilik prinsiplərinə yenidən yiyələnməsində maraqlı deyil".

Politoloqun sözlərinə görə, hazırda bölgədə yaranmış yeni geosiyasi vəziyyət, sülh gündəliyinin aktiv müzakirə olunması, sərhədlərin müəyyənləşdirilməsi və eləcə də Minsk qrupunun keçmiş həmsədrləri arasında kəskin ziddiyyətlərin olduğu bir şəraitdə belə bu qurumun fəaliyyətini yenidən bərpa etmək mümkün deyil:

"Ən doğru yol bu qurumu ləğv etməkdir. Bunun üçünsə sadəcə olaraq ATƏT-ə üzv olan dövlətlərin növbəti yığıncağında bu məsələni gündəliyə salıb müvafiq hüquqi prosedurları icra etmək lazımdır. Bu məqamlar sətiraltı və açıq şəkildə ATƏT sədrinin diqqətinə çatdırılıb.

Düşünürəm ki, ATƏT-in Minsk qrupunun indiki məqamda ləğv olunması üçün üç həmsədrin bir araya gətirilməsi bir qədər çətin məsələdir. Ən azından ona görə ki, onlardan 2-si bir cəbhədə digər 3-cüyə qarşı müharibədə tərəf qismində çıxış edirlər.

Bu qurumun ləğv edilməsi bir qədər vaxt apara bilər. O vaxta qədərsə Minsk qrupu koma vəziyyətindəki qrup kimi qiymətləndirilməlidir".

Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
demokrat.az

1Mənbələr