AZ

Bakıda oğul atasını qətlə yetirdi — MƏHKƏMƏ

Bakının Xəzər rayonunda 1983-cü il təvəllüdlü Azər ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı atası İbrahimi qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Azər 9 yanvar 2023-cü ildə, təxminən saat 02-03 radələrində yaşadığı evin mətbəx otağında atası İbrahim ilə aralarında şəxsi müasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı mətbəx mebelindən götürdüyü çapacaqla boyun nahiyəsinə zərbə vurub. 

Daha sonra İbrahim Azərin onun sağlamlığına zərər vurmasının qarşısını almaq üçün əlindən çapacağı almaq istəyib. Bu zaman Azər atasının bədənin müxtəlif nahiyələrinə yumruq zərbələri endirib. İbrahim aldığı xəsarətlərdən həmin ilin yanvarın 12-də müalicə aldığı xəstəxanada vəfat edib. 

Hadisəni törədən Azərin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə baş verən gün ona atasından zəng gəlib: “Telefonda danışarkən onun nəyəsə ehtiyacı olub-olmadığını soruşdum. Atam da cavabında heç nəyə ehtiyacı olmadığını bildirdi. Sonra yanıma gəlmək istədiyini dedi. Mən də gəlməyini söylədim. Öncəki vaxtlardan onunla münasibətim yaxşı olmayıb. Atam bizə gəldi və oturub söhbət etdik. Söhbət zamanı mübahisəli məqam yarandı. Mən illərdir ki, bu mübahisəli məsələlərdən uzaq gəzirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra atası və o alkoqollu içki qəbul ediblər: “Bu zaman atam ilə aramızdakı problemə görə əsəbləşərək mətbəxdəki çapacaq vasitəsilə özümə, boyun nahiyəmə xəsarət yetirdim. Həmin vaxt atam zor gücü ilə məndən çapacağı alaraq gizlətdi. Çöldən səsləri eşidib çölə çıxdım. Atamın  yerdə qan içində gördüm. Atamın üzərini təmizləmək üçün hamama apardım. Bu zaman mətbəxdə yatıb qaldım. Səhər artıq atamın vəfat etdiyini gördüm. Təcili yardım çağırdım, özüm isə polis idarəsinə getdim. Mənə və ailəmə qarşı işgəncə tətbiq etməsinə görə atam ilə münasibətlərim yaxşı olmayıb. Atama qarşı 15-16 yaşlarından etibarən münasibətim pis olsa belə müəyyən vaxtdan sonra ona yardım etmişəm”. 

Azər qeyd edib ki, atası bibisi ilə birgə yaşayıb: “Atam ilə tez-tez yox, nəvələrini görmək istəyəndə görüşürdük. Hadisə günü atamın hansı səbəbə gəldiyini bilmirəm. Hadisə baş verən günü mən yox, atam mənim yanıma gəlib. Atam ilə görüşən gün evdə heç kim olmayıb. Mən evdə tək yaşayırdım. Özüm içki aludəçisi olmuşam. Müyyən dövrdə içkiyə ara vermişəm. Hadisə günü içki icməyi atama mən təklif etmişəm. Əvvəlcədən alkoqollu içki qəbul edəcəyimizi dəqiqləşdirməmişik. Atam ilə olan söhbətdən qıcıqlanıb özümə xəsarət yetirmişəm. Pilləkənin əltutanları olmadığı üçün yıxıldığını güman edirəm. İçkinin təsirindən atamın bədənindəki digər yara və zədələri görməmişəm. Atam yeriyə bildiyi üçün düşünmüşəm ki, vəziyyəti yaxşıdır, ona görə də həkimə müraciət etməmişəm. Atamı öldürmək məqsədim olmayıb. Atama bir çox məsələlərdə maddi dəstək göstərmişəm. Atam yaralandığı vaxt yanımızda heç kim olmayıb”.

Zərərçəkmiş İbrahimin hüquqi varisi qismində ifadə verən bacısının sözlərinə görə, hadisə günü yas yerinə gedib: “Hadisədən xəbərim olmayıb. Gəlinimiz mənə zəng edərək İbrahimin nə etdiyini soruşdu. Mən isə İbrahimin şəhərdə olduğunu dedim. O isə İbrahimi komada olduğunu bildirdi. Mən həmin vaxt hadisədən xəbər tutmuşam. Həmin gün İbrahim özü mənə şəhərə çıxıb sonra qayıdacağını demişdi. Mən qardaşım İbrahimlə bir evdə yaşamışam. Bəzi söz-söhbətlər olmasına baxmayaraq ata və oğulun münasibəti yaxşı olub. Mənim də qardaşım ilə münasibətlərim yaxşı idi”. 

İş üzrə şahid qismində ifadə verən mərhum İbrahimin həyat yoldaşı, təqsirləndirilən şəxsin isə anasının sözlərinə görə, hadisə baş verən zaman evdə olmayıb: “Qardaşımın hüzur yerinə, rayona getmişdim. Zərərçəkmiş İbrahim mənim ərimdir. 20 il əvvəl aramızdakı münasibət pozulub. Səhər gələndə oğlum ilə zəngləşdim. Mənə dedi ki, özü-özünü vurmaq istəyib, ancaq atası ət çapacağını əlindən almaq istəyib. Atası sonra aparıb çapacağı gizlədib. Oğlum dedi ki, bundan sonra atasını gözləyib. Görüb ki, gəlib çıxmır. Gedib baxıb ki, atası yıxılıb. Oğlum ondan üzr istəyib, deyib ki heç nə etməyib, sonra aparıb hamama çimizdirib. Özü isə gedib yatıb. Səhər duranda isə görüb ki, Ibrahim ölüb. Oğlumun mərhumla münasibəti yaxşı olub. Atası oğluma qarşı qəddar olub. Dəfələrlə mübahisə etsələr də, oğlum həmişə atasına qayğı göstərib. Azər ailəli olub, arvadından ayrılıb. Uşaqlarına da biz baxırıq”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Azər 9 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
demokrat.az

10Mənbələr