AZ

Amerika siyasəti “qısır döngə”də - SSRİ-ni dağıtdı, amma...

ABŞ-nin yanlış siyasəti Rusiya və Çini yaxınlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

“Qərbdə müasir dövr xarici siyasət konsepsiyasının ataları sayılan Henri Kissincer və Zbiqnev Bjezinski SSRİ dağılandan sonra yazdıqları əsərlərdə, publik çıxışlarda dafələrlə vurğulamışdılar ki, bundan sonra Qərbin bir nömrəli hədəfi Rusiya ilə Çini bir-birindən uzaq saxlamaq, yaxınlaşması və müttəfiqliyinə imkan verməmək olmalıdır. Təxminən son 20 ildə ABŞ bunun üçün hər şeyi etdi, amma Çinlə Rusiya Çin tarixlərində olmadıqları qədər bir-birinə yaxın oldu və bundan ən çox udan Pekindir. ABŞ Çini “stateji təhlükə” elan etmişdi, amma Rusiyanı onun qucağına itələməklə bu ölkənin gücünə güc qatdı. Çin-Rusiya ticarət dövriyyəsi 2023-cü ildə 240 milyard dollara çatıb. Çin həmin il Rusiyaya 110.9 milyard dollarlıq mal satıb, 2022-ci ilə nisbətən artım 47 faiz olub. Rusiya isə Çinə 129.3 milyard dollarlıq mal satıb, 2022-ci illə müqaisədə artım 12.7 faizdir”, - ekspert bildirib.

Natiq Cəfərli qeyd edib ki, Rusiya Çinə möhtac qalıb, Mendeleyev cədvəlində nə qədər element və yeraltı sərvət varsa, hamısını Pekin Moskvadan ucuz qiymətə alır:

“Dünya bazarından 25-30 faiz ucuz neft-qaz, 20 faiz ucuz taxta-şalban, 25 faiz ucuz metallar, 30 faiz ucuz əlvan metallar alır. Bunun hesabına Çində istehsalın maya dəyəri kəskin düşür, malları ucuzlaşır, artıq ölkədə inflyasiya 0 faiz civarına enib. ABŞ də Çin mallarına rüsumları artırır ki, bəs “haqsız rəqabət” aparır.

Dünyada məntiq ölüb, uzun zamandır gündəmdə olan, arxasında ciddi “siyasi mühəndislik” dayanan strategiya məhv olub. Putin Çinə səfərə gedir, bundan bir gün əvvəl ABŞ Çin mallarına qarşı rüsumları kəskin artırır, nəticədə Pekini Kremllə daha da yaxınlaşır. Yaxınlaşdıqca da Çin Rusiyanı özündən daha çox asılı vəziyyətə salır. Beləliklə, Rusiya Çin üçün öz xammalının qiymətini daha çox endirməyə məcbur olur. Çinin istehsal etdiyi məhsulların maya dəyəri daha da ucuzlaşır, rəqiblərini qiymət və keyfiyyətdə udur. ABŞ yenə Çinə sanksiya qoyur ki, bu rəqabətə davam gətirsin, nəticədə Çin Rusiya ilə bir az da yaxınlaşır. Belə bir “qısır döngə”də ilişib qalan siyasət yürüdürlər”.

İqtisadçı Kissincerin vaxtilə yürütdüyü uğurlu Çin siyasətinə də diqqət çəkib:

“Yəqin ki, indi Kissincer məzarında əsəbdən fırlanır, halbuki ölümündən bir neçə ay əvvəl məsələni düzəltməyə çalışmışdı, o yaşında Çinə səfər etmişdi. Amerikada siyasətçilərə ağıl verməyə çalışdı, amma onu eşidən olmadı.

ABŞ siyasətindəki keyfiyyətin kəskin düşməsi dünya üçün təhlükəyə çevrilib. Amerika Rusiyanı Çinin xammal bazasına çevirməklə Avropanı zəflədir. Son 70 ildə Avropanın iqtisadi yüksəlişi həm də SSRİ-Rusiyanın ucuz xammalı hesabına idi. Avropa dünya üçün çox mühümdür, onun zəifləməsi sivilizasiya üçün xoş heç nə vəd eləmir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
teleqraf.com

1Mənbələr