AZ

"Bu aksiyalar Qərblə Rusiya arasında gedən mübarizənin tərkib hissəsidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"İstər Ermənistanda, istərsə də Gürcüstanda baş verən aksiyalar əslində Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda gedən mübarizənin tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, qarşılarına Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağı məqsəd qoyan Qərb gücləri bütün mümkün vasitələrlə Cənubi Qafqaz ölkələrinə təsir, təzyiq göstərməyə davam edirlər: "Təbii ki, Azərbaycana da bu istiqamətdə təzyiqlər oldu. ABŞ konqresində olan dinləmələr, sanksiya hədələri ilə bağlı çıxışlar, ayrı-ayrı Avropa İnstitutlarının Azərbaycanla bağlı qərəzli qətnamələri, bəyanatları, hamısı əslində rəsmi Bakıya təzyiq məqsədilə edilirdi. Amma Azərbaycanın bütün bu təzyiqlərə boyun əyməməsi, eləcə də öz xarici siyasətində balanslı siyasəti həyata keçirməsi, müstəqil xarici siyasət kursunu davam etdirməsi böyük ölçüdə müxtəlif Qərb dairələrini Azərbaycana təzyiq göstərməklə nəyəsə nail olmağın mümkünsüzlüyünə inandıra bildi. Bundan sonra konkret olaraq Cənubi Qafqazın digər iki ölkəsi ilə bağlı fəaliyyətə başlanıldı.

Məlumdur ki, Ermənistan tərəfi böyük ölçüdə artıq Rusiyadan uzaqlaşmaq üçün müəyyən addımlar atır. Bu da Qərbin təzyiqləri və sifarişi nəticəsində həyata keçirilir. Eyni şəkildə indi Gürcüstanda da Qərbin bir çox ölkələrinin qəbul etdiyi ABŞ, Böyük Britaniya, Fransanın qəbul etdiyi xarici agentlər haqqında qanun bəhanəsi ilə insanların küçəyə çıxarılması və etirazlar baş verir. Əslində bu qanun bəhanədir. Hətta bu qanun qəbul olmasaydı belə, Qərb dairələri hər hansı başqa bəhanə ilə Gürcüstana təzyiq etmək niyyətlərini ortaya qoyacaqdılar və təzyiq edəcəkdilər".

Onun sözlərinə görə, Ermənistanda baş verənlər hal-hazırda sərhədlərin demarkasiyası və delimitasiyası və dörd kəndlə bağlı olduğu görünsə də, əslində o da hakimiyyət uğrunda mübarizədir: "Ermənistanda bu aksiyaların arxasında Rusiyanın V kolon qüvvələri dayanırsa, Gürcüstanda əksinə aksiyaların arxasında Qərb dayanır və yerdə də Qərbin V kolonu meydanlara tökülüb. Bütün bunlar onu deməyə əsas verir ki, Qərb dairələri Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasına cəhd göstərirlər. Qərb Rusiyanı regiondan uzaqlaşdırmaq üçün mübarizə aparır, Rusiya isə regiona təsir imkanlarını əlindən verməmək üçün fəaliyyətə başlayıb. Proseslərin bundan sonrakı gedişinin nə olacağını indidən proqnozlaşdırmaq çətindir. Çünki hər iki tərəf sonacan mövqe mübarizəsini davam etdirəcək. Amma nəticə əldə olunmazsa, böyük ehtimalla Qərblə Rusiya arasında bir-birinə güzəştli şəkildə razılaşma həyata keçiriləcək. Ermənistanın Rusiyanın nəzarətində qalması şərtilə Gürcüstanın Qərbin nəzarətinə verilməsi və ya əksinə Qərbin Ermənistanda möhkəmlənməsi fonunda Rusiyanın Gürcüstandakı mövqelərinin qorunub saxlanması istiqamətində hansısa razılaşma elementləri ola bilər. Amma bu sonrakı mərhələnin işidir. Hələ ki, biz hər iki tərəfin sonacan mövqeləri əldən verməmək, Qərbin də yeni mövqelər əldə etmək üçün mübarizəsinə şahidlik edirik".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
sia.az

1Mənbələr