AZ

İxrac 35 faiz azalıb, idxal artır – Azərbaycan xaricdən daha çox ərzaq almağa başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min dollar dəyərində ticarət əməliyyatı aparıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min dolları ixracın, 5 milyard 464 milyon 773,02 min dolları isə idxalın payına düşüb. Nəticədə xarici ticarətin müsbət saldosu 2 milyard 703 milyon 818 min dollar olub.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin ilk 4 ayı ərzində xarici ticarət əməliyyatlarının həcmi 17 milyard 882 milyon 674 min ABŞ dolları, o cümlədən idxal 5 milyard 297 milyon 861 min ABŞ dolları, ixrac 12 milyard 584 milyon 813 min ABŞ dolları, saldo 7 milyard 286 milyon 951 min ABŞ dolları təşkil etmişdi. Beləliklə, son 1 ildə ixrac 35,1 % az, idxal isə 3,1 % çoxdur.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “AzPolitika”-ya şərhində bildirib ki, ixracın azalmasına bir neçə faktor təsir edib. Onun sözlərinə görə, bura neftin həcminin və ixrac qiymətinin azalması, qazın 2 dəfəyədək ucuzlaşması və elektrik enerjisinə klimatik faktorlarla əlaqədar qonşu ölkələrdə tələbatın hiss ediləcək səviyyədə azalması faxildir.

Qeyd edək ki, neft və neft məhsulları ilə yanaşı Azərbaycanın sənaye mallarının ixracı da xeyli azalıb. Belə ki, əgər 2022-ci ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 27,4 milyard manatlıq, 2023-cü ilin həmin dövründə 24,3 milyard manatlıq məhsul ixrac edilibsə, 2024-cü ilin birinci rübündə bu rəqəm 21,1 milyard manat təşkil edib. Rəqəmlərdən görünür ki, Azərbaycanda sənaye məhsulları istehsalıdan gələn gəlirlər azala-azala gedir.

Ölkənin xaricdən idxalının əhəmiyyətli hissəsi ərzaq məhsullarıdır. Bu sırada ət, yağ, süd, buğda, çay, tütün məmulatları vəs. daxildir. 2023-cü ildə Azərbaycana başqa ölkələrdən təxminən 2.3 milyard dollarlıq ərzaq gətirilib. Ekspertlər ərzaq məhsullarının təminatında xaricdən asılılığı aqrar siyasətin icra olunmasında yol verilən ciddi nöqsanlarla əlaqələndirirlər.

Rasim Əliyev

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
azpolitika.info

1Mənbələr