AZ

Azərbaycan Prezidentinin hərbi-siyasi yolla yaratdığı reallıqlar fonunda beynəlxalq hüquqa əsaslanan mövqeyi artıq nəticə verir - Bəhruz Məhərrəmov

“Mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı çatmasına dair bəyanatı Azərbaycanın yaratdığı obyektiv hərbi-siyasi reallığın inikasıdır. Azərbaycan elə bir reallıq yaradıb ki, Cənubi Qafqaz tarixində sülh və dayanıqlı sabitlik üçün hələ heç vaxt belə ümidverici mənzərə yaranmayıb”.
Bu fikirləri “Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat söyləyib ki, inkarolunmaz reallıqdır ki, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində başlanan prosesin təşəbbüskarı Azərbaycan olub: “Vətən müharibəsi və antiterror tədbirlərində mütləq qələbələrinə baxmayaraq, Azərbaycan beynəlxalq hüququn şərtlərini rəhbər tutaraq ərazi bütövlüyü və suverenliyi ehtiva edən sülh şərtlərini irəli sürüb. Bakının irəli sürdüyü beş şərt əsasında bir neçə platformada dialoq başlanıb”.
Deputatın sözlərinə görə, Bakı qəti olaraq o qənaətdədir ki, Azərbaycan və Ermənistan arasında münasibətlər, o cümlədən sülh prosesi beynəlxalq gündəliyin məsələsi deyil. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında ABŞ Dövlət katibi və ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlərində bu məsələ ilə bağlı yekun mövqeyini ortaya qoyub və bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Etiraf edək ki, bu məsələ ilə bağlı artıq prosesdə marağı olan subyektlər Azərbaycanın direktivləri ilə barışmalı olub.
“Mayın 14-də ATƏT rəsmisi ilə görüşdə Prezidentin təkrar bu mövzuya dönməsi, bu təsisatın fəaliyyətinə dair mövqeyini xüsusilə açıq şəkildə bildirməsi öz növbəsində yaranan yeni geosiyasi konfiqurasiya ilə bağlıdır. Dövlət başçısı ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də onun Minsk qrupunun həmsədrlik mexanizminin münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etmədiyini bir daha İan Borqun diqqətinə çatdırmaqla Bakı-İrəvan münasibətlərinin normallaşmasının beynəlxalq gündəlikdən kənar daha effektiv formada realizə oluna biləcəyini göstərdi. Eyni zamanda İlham Əliyev kifayət qədər sərt ritorika seçərək illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesinin sülhə yox, Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərdiyini bəyan etdi”, – deyə müsahibimiz bildirib.
Bəhruz Məhərrəmov əlavə edib ki, proseslərin gedişatında Azərbaycan ötən dövrün təcrübəsinə istinad edərək sülh danışıqlarının delimitasiya və demarkasiya prosesindən tamamilə ayrılmalı, eyni zamanda vasitəçisiz davam etməli olduğu tezisində israr edib: “Möhtərəm Prezidentin andiçmə mərasimində də ifadə etdiyi kimi, “Ermənistanın havadarları daim yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər, amma bizə bu məsələdə vasitəçi lazım deyil”. Yekun sülh üçün ümidverici hal bundadır ki, Azərbaycan Prezidentinin bu tezisləri də əsas direktivə çevrildi. Bakı və İrəvan bu gün faktiki olaraq vasitəçisiz şəkildə “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” üzərində işləyirlər. Eyni zamanda sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində əhəmiyyətli nailiyyətlər mövcuddur. ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə də ifadə olunduğu kimi, məhz ölkəmizin təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin və mətnin Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilən sülh müqaviləsinin əsasında hazırda sülh gündəliyinin irəliyə aparılması üçün danışıqlar prosesi davam etdirilir. Üstəlik, Azərbaycan Prezidentinin hərbi-siyasi yolla yaratdığı reallıqlar fonunda beynəlxalq hüquqa əsaslanan mövqeyi artıq nəticə verir”.
Müsahibimiz onu da deyib ki, ötən il dekabrın 7-də, habelə bu il aprelin 19-da Bakı və İrəvan arasında əldə edilən razılaşmalar münasibətlərin beynəlxalq gündəliyin məsələsi olmadığını, habelə vasitəçisiz təmasların daha effektiv olduğunu sübut etməklə bərabər, həm də regionda sülh üçün unikal imkan yaradıb: “Düzdür, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Qazaxıstanın Almatı şəhərində danışıqlarda hələ də fikir ayrılıqlarının və açıq qalan məsələlərin olduğu üzə çıxsa da, sülh sazişi üzrə müddəaların müzakirəsini davam etdirməyə razılaşıblar. Məsələdə Azərbaycanın mövqeyi kifayət qədər sabitdir. Cənab Prezidentin də ifadə etdiyi kimi, “Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”. Təbiidir ki, aprelin 19-da dövlət sərhədinin delimitasiyası üzrə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında əldə olunan razılığın ardınca yaranan pozitiv mühit haqlı olaraq bizdə Almatıdan daha qəti nəticələr gözləntisi yaratmışdı. Lakin görünən odur ki, Ermənistan daxilində artan məqsədli gərginlik fonunda, habelə İrəvanda bəzi dairələrdə yanlış olaraq belə bir eyforiya yaranıb ki, Fransa, Hindistan və Yunanıstandan daşınan silahlar hesabına bu ölkə yenidən işğal dövrünün status-kvosunu bərpa edə bilər. Nəticədə də Ermənistanın ikili oynamaq niyyəti sezilməkdədir. Daha dəqiq desək, İrəvan sülhə getmək məcburiyyətində qalmaqla bərabər, eyni zamanda revanşist niyyətlərindən də tam əl çəkə bilmir”.
Deputat Azərbaycanın sülh danışıqlarını sonsuza qədər uzatmaq niyyətində olmadığını və sülhə sadiq qalmaqla bərabər, bütün situasiyalara hazır olduğunu söyləyib. Bildirib ki, aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda da Prezidentin ifadə etdiyi kimi, “Biz gələcəyimizi real vəziyyətə əsaslanaraq planlaşdıracağıq. Yəni sülh sazişi imzalanmasa, dediyim kimi, silahlanma yarışı davam etdirilməlidir”. Aydındır ki, proseslərin məhz bu ssenaridə inkişaf etməsini arzulayan qüvvələr var və xüsusən Fransa bu məsələdə “baş rol”a iddialıdır”.
Bəhruz Məhərrəmov həmçinin qeyd edib ki, sülh üçün yaranmış unikal imkan, əslində, Ermənistanın və erməni xalqının maraqlarına xidmət edə bilər. Bu isə ən qısa zamanda Azərbaycanla münasibətlərin normallaşdırılmasını diktə edir: “Lakin Fransa regionda özünün neokolonist maraqlarına görə sülhə təhdid kimi baxdığı üçün Bakı və İrəvan arasında gərginliyin artmasında nəinki maraqlı görünür, üstəlik, yenidən münaqişənin alovlanması üçün silah-sursat verilməsindən tutmuş revanşist kəsimin maliyyələşdirilməsinə qədər çoxsaylı təxribatçı davranışlar sərgiləyir. Fransa rəsmilərinin, o cümlədən bu ölkənin Ermənistandakı səfirinin bu fonda bəyanatları da göstərir ki, Fransa Ermənistana müstəmləkəsi kimi baxır və bunu gizlətmir, Fransanın Ermənistandakı səfiri isə özünü Parisin İrəvandakı canişini kimi aparır. Xüsusən ABŞ-nin Azərbaycandakı səfirinin Şuşaya səfəri çərçivəsində Fransanın İrəvandakı səfirinin kinayəli bəyanatları fonunda bunu daha aydın formada müşahidə etmək olur. Bu isə öz növbəsində ciddi beynəlxalq hüquq pozuntusudur. Fransanın Cənubi Qafqazda sülh prosesinə mane olmaq cəhdləri beynəlxalq hüququn dövlətlərin daxili işinə qarışmamaq prinsipinə, bu ölkənin Ermənistandakı səfirinin təxribatçı fəaliyyəti isə “Diplomatik münasibətlər haqqında” 1961-ci il Konvensiyasına köklü şəkildə ziddir. Görünən odur ki, təcavüzkar niyyətlərinin əsiri olan Fransa üçün artıq diplomatik və hüquqi hədlər qalmayıb. Lakin reallıq ondan ibarətdir ki, Parisin nə istəməsi, yaxud nəyə cəhd etməsi regionda artıq əhəmiyyət kəsb etmir. Təbii ki, biz situasiyanın nəzarətdən çıxmaması üçün prosesləri diqqətlə izləyirik və Bakının mövqeyi də kifayət qədər aydın və adekvatdır”.
Deputat yekunda Prezident İlham Əliyevin Şuşada sakinlərlə görüşdə açıq şəkildə etdiyi “Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz” xəbərdarlığına diqqət çəkib. Deyib ki, Ermənistan hakimiyyəti və ictimaiyyəti proseslərə məhz bu rakursdan baxmalıdırlar ki, Azərbaycan nə qədər sülhə sadiq olsa da, İrəvanla münasibətlərin normallaşdırılmasının bizim üçün prioritet olmadığını başa düşməlidirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
yenigundem.az

1Mənbələr