AZ

2016-cı ildə yeni evlə təmin olunması üçün şirkətlə müqavilə bağladı – 8 ildir evini ala bilmir

Bakıda MTK tərəfindən evi sökülən vətəndaş ona vəd edilən yeni evi illərdir ala bilmir.

Bu barədə Cəbrayıl rayonundan məcburi köçkün olan vətəndaş İlham Məmmədov “Unikal”a müraciət edib. O bildirib ki, Nərimanov rayonu, Şirin Mirzəyev küçəsi 58 ünvanında yerləşən mənzili ilə bağlı “İnteks” MMC şirkəti ilə 2016-cı ilin may ayında müqavilə bağlayıb:

“Şirkət binanı söküb, yerində yeni 16 mərtəbəli bina tikməli və sakinləri həmin binada mənzillərlə təmin etməli idi. Mənim həmin binada 2 otaqlı evim var idi. Qeyd etdiyim tarixdə “İnteks” MMC ilə müqavilə imzaladım, bir müddət sonra binanı sökdülər. 

Müqaviləyə əsasən, şirkət mənə həmin binadan 2 otaqlı təmirli mənzil verməli idi. Bina tikilib sakinlər üçün təhvil veriləndən sonra mənə mənzil verməkdən imtina ediblər”.

İlham Məmmədov deyib ki, o, əvvəl Azərbaycan Dövlət Neft Şirkətində işləyib:

“Həmin ev də mənə illər əvvəl Neft Şirkəti tərəfindən verilmişdi. Şirkət isə müqavilənin tələblərini pozdu və mənə yeni binadan ev verməkdən imtina etdi. 

Bu məsələ ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə qərar verdi ki, müqaviləni “İnteks” MMC bağlayıb və adıçəkilən şirkət məni 2 otaqlı evlə təmin etməlidir. 

“İnteks” MMC apellyasiya və daha sonra şikayəti verdi. Həm Bakı Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə qərarı qüvvədə saxladı. 2021-ci ildə Ali Məhkəmənin qərarı qüvvədə saxlamasından sonra iş icra şöbəsinə yönləndirildi.

Bu işə Nərimanov rayon icra şöbəsində əvvəl Vüsal adlı şəxs baxırdı. 2024-cü ildə isə iş icra şöbəsinin digər əməkdaşı Zaur Əlizadəyə ötürüldü. Bütün bunlara baxmayaraq, 2021-ci ildən bugünədək icra şöbəsinin əməkdaşları bu məsələni həll etmirlər. 

2021-ci ildə, yəni Ali Məhkəmənin də qərarından sonra şirkət mənə ev ayırdı, amma onlar 1 otaqlı evi 2 otaqlı adı ilə təqdim etdilər. Belə ki, mənim əvvəlki evim 2 otaqlı idi və şirkətlə aramızda imzalanan müqavilədə də ev 2 otaqlı qeyd edilmişdi. Təbii ki, mən bununla razılaşmadım və evi qəbul etmədim. İşi Layihə İnstitutuna verdilər ki, evin neçə otaqdan ibarət olması dəqiqləşdirilsin. Həmin qurum da təyin etdi ki, mənə verilən ev 1 otaqlıdır”.

Şikayətçi qeyd edib ki, icra şöbəsi şirkət barəsində inzibati qaydada protokol tərtib olunması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib:

"Məhkəmə də qərar çıxardı ki, burada inzibati xəta yoxdur. Mən yenidən apellyasiya şikayəti verdim. Apellyasiya məhkəməsi qərar verdi ki, “İnteks” MMC 1200 manat cərimələnsin və məni 2 otaqlı evlə təmin etsin.

Mart ayında şirkətə xəbərdarlıq edildi. Şirkət də 1 ay müddətində öhdəlik götürdü ki, guya məni evlə təmin edəcəklər, amma həmin müddət də keçdi və “İnteks” MMC yenə də verdiyi vədi yerinə yetirmədi. 

Daha sonra icra şöbəsi yenidən həmin şirkətə 10 gün vaxt verdi ki, bu məsələni həll etsinlər. “İnteks” MMC-nin cavabdeh şəxsləri yenə də məsələni həll etmədilər və icraçıların çağırışına da gəlmədilər. 

Şirkətin sahibi Ruslan Məmmədov adlı şəxsdir. İcraçılar onun bu məsələni uzatmasına və icra şöbəsinə gəlməməsinə göz yumurlar”. 

Murad İbrahimli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
235
50
unikal.az

10Mənbələr