AZ

“Qapıçının zədələnməsi bütün planlarımızı pozdu” - Rəcəb Fərəczadə

Srağagün minifutbol üzrə ölkə çempionatında 2023/24 mövsümünə yekun vurulub.

16 komandanın mübarizə apardığı ölkə çempionatının qalibi və mükafatçıları müəyyənləşib. Bakı Tennis Akademiasında keçirilən həlledici qarşılaşmada “Aznur” ilə “Birbaşa Bakı” üz-üzə gəlib. Oyun “Birbaşa Bakı”nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Birbaşa Bakı” ardıcıl 3-cü dəfə çempionluğu qazanıb və ölkəmizi Çempionlar Liqasında təmsil etmək hüququma yiyələnib. Ölkə çempionatının bürünc medallarına isə “Odlar Yurdu”na 3:1 hesabıyla qalib gələn “Real Bakı” futbolçuları sahib çıxıb.

“Birbaşa Bakı”nın oyunçularından Vəli Qafarov mövsümün ən yaxşı qapıçısı, Təmkin Xəlilzadə isə ən yaxşı futbolçusu adına layiq görülüb. Çempionatın ən məhsuldar futbolçusu isə 26 qolla “Zirə”nin futbolçusu Rəvan Kərimov olub. Son oyunla bağlı fikirlərini öyrənmək üçün "Aznur"un baş məşqçisi Rəcəb Fərəczadə ilə danışdıq:
"Hər şey istədiyimiz kimi gedirdi. Oyunun qırılma nöqtəsi qapıçımızın zədələnməsi oldu. Məcburiyyətdən onu əvəzlədim. Təəssüf ki, 5 gün öncə də ikinci qapıçımız əməliyyat keçirmişdi. Qorxduğumuz bu idi və başımıza gəldi. Birinci hissədə hər şey qaydasında idi. Rəqibə şans vermədik, hesabda irəli də çıxmışdıq. Lakin dediyim kimi, qapıçının zədələnməsi bütün planlarımızı pozdu. Matçdan öncə məşqlərdə hər şey hazır idi. Hər bir şeyin üzərində işləmişdik, amma gözləmədiyimiz yerdən yaxalandıq. Təəssüf ki, belə gözlənilməz hal baş verdi. Lakin komandamdan, uşaqlardan razıyam. Var gücləri ilə oynadılar. Bu cür maliyyə ilə çox yaxşı irəlilədilər. Onların büdcəsi ilə bizim büdcəmizi müqayisə etsək, yerdən göyə qədər fərq var. Buna baxmayaraq, çempionatda gümüş medalçı olduq. Futbolda elə məqamlar var ki, bizdən aslı olmayan səbəblərə görə alınmır. Finala çıxmağımız belə böyük ajiotaj doğurmuşdu. Amma biz öz yolumuzla gedirdik. Bilirdim ki, komandamın potensialı var, oynayacaqlar. Elə oyunlar var idi ki, bəzi səhvlər üzündən uduzurduq. Lakin pley-offa ciddi hazırlaşdıq və finala qədər gəldik. Düzdü, qalib də gələ və ya belə hesabla məğlub olmaya da bilərdik. Ancaq şans üzümüzə gülmədi. Qismətimiz bura qədər imiş".


GÜNAY SÜLEYMANOVA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
football-plus.az

1Mənbələr