AZ

Çimərliklərə gedərəkən nələrə diqqət olunmalıdır? - Ekspert açıqladı


Bildiyimiz kimi, yaz fəslini yaşayırıq, qarşıdan yay mövsümü gəlir. Artıq isti günlər bizlərə qucaq açır. İsti havalarda insanların üz tutduğu yerlər sırasında çimərliklər demək olar ki, ön planda durur. Lakin bəzən həmin məkanlarda təhlükəsizlik qaydaları gözlənilmədikdə xoşagəlməz hadisələr yaşana bilir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Missiya.Az-a açıqlamasında deyib ki, çimərliyi düzgün seçmək lazımdır:

“Hansı çimərliklərin fəaliyyətinə icazə verilibsə yalnız ora getmək lazımdır. Fəaliyyətinə icazə verilməmiş yerlərə - çaylara, göllərə, su kanalları, su anbarları çimərlik üçün nəzərdə tutulmayıbsa bunlardan istifadə etmək həyat və sağlamlıq üçün olduqca risklidir. Habelə hava şəraiti də nəzərə alınmalıdır. Hava küləklidirsə, dəniz dalğalarının hündürlüyü 1,5 metrdən yuxarıdırsa və küləyin sürəti saniyədə 12 metri keçibsə çimərliyə getmək olmaz. Günün qızmar vaxtlarında - saat 12:00 – 16:00 aralığında həmin məkanlara üz tutmaq tövsiyə edilmir. O cümlədən çimərliklərdə spirtli içki içib suya girmək, saatlarla suda vaxt keçirmək, oranı yarış meydançasına çevirmək, üzmə sərhədindən dəfələrlə uzaqlaşıb daha dərin hissələrdə üzmək yolverilməzdir. Azyaşlı uşaqlar da sözügedən yerlərdə mütləq nəzarətdə saxlanılmalıdır”.



Elmar Nurəliyevin sözlərinə görə, çimərliklərdə daş və qaya parçalarının üzərində metal konstruksiyaların üzərinə çıxaraq suya baş vurmaq olmaz:

“Bu məkanlarda özü ilə kiçik həcmli gəmi, qayıq və s. kimi vasitələr suya daxil etmək yolverilməzdir. Bunlar yalnız xüsusi icazə əsasında həyata keçirilə bilər. Günün qaranlıq vaxtı suya girmək düzgün deyil. Çimərliklərdə suyun təmizliyi yerində olmalıdır. Həmçinin, xilasetmə xidməti fəaliyyət göstərməlidir ki, hər hansı təhlükə anında müdaxilə olunaraq insanlara yardım edilməlidir”.

Ekspert onu da vurğulayıb ki, çimərlik mövsümü başlamamış hər il aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən həmin ərazilərə baxış keçirilir:

“Burada həm suyun akvatoriyasının öyrənilməsindən tutmuş sualtı axınlar, yarğanlar suyun dibində daş, qaya parçalarının olması, sanitar normalar qədər hamısı müəyyən olunur və sonra fəaliyyətə icazə verilir. Digər bir məqam isə Xəzərin sularının bəzi çimərliklərdə geriyə çəkilməsi halıdır. Əgər belə yerlərə gedən şəxslər illərlə eyni çimərliyə üz tutub ancaq növbəti il gedəndə orada bir neçə metr, hətta 5-10 metr və daha çox geriyə getməsinin şahidi oluruq. Bir daha təkrar edirəm, üzmə sərhədləri müəyyənləşdirilən məkanlara gedilməlidir”.

Zərintac Mayisqızı
Missiya.Az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
missiya.az

1Mənbələr