AZ

“Qızın oğlana qoşulub nikaha daxil olması onların sərbəstliyini sübut etsə də, digər tərəfdən sonralar...” - Ekspert

Azərbaycanda evlənmək məqsədilər qız qaçırma halları mütəmadi olaraq baş verir. Daxili İşlər Nazirliyi bildirir ki, qız qaçırma adam oğurluğudur. Dövlət Statistika Komitəsi bildirib ki, 2023-cü ildə 31 adam oğurluğu hadisəsi törədilib ki, bunun da 17-si qız qaçırma olub. 2022-ci ildə adam oğurluqlarına dair 45 hadisə qeydə alınıb, bundan da 25-i evlənmək məqsədilə qızların qaçırılması faktıdır.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının və www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Herbiand.az-a bildirib ki, Azərbaycan xalqının tarixində və etnoqrafiyasında qız qaçırma, yaxud valideynlərin razılığı olmadan iki gəncin ailə münasibətlərinə daxil olması həmişə olub:

“Biz buna əslində milli sosial məişət münasibətlər sistemində həm də ictimai nikahın bir forması kimi baxırıq. Amma 20-ci əsrin ortalarından etibarən bu adət yavaş-yavaş köhnəlməyə başladı. Çünki artıq 1930-cu illərdən dövlət tərəfindən şəhadətnamə ilə təmin edilən rəsmi nikah və el arasında ictimailəşmiş toy formasında nikaha daxil olma mərasimi bu halın aradan qaldırılmasına qismən də olsa təsir göstərdi. Əvvəllər, qız qaçırma nəsillər arasında böyük münaqişələrə səbəb olurdu. Uzun müddət hər iki tərəfin valideynləri oğlanı və ya qızı ictimai qınağa, təzyiqə məruz qoyurdular. İllər boyu bu insanlar el-oba tərəfindən qəbul edilmirdi. Hətta, onların toyu baş verməsə uşaqları qəbul edilmirdi. Amma sonra ictimai nikah dünyada və Avropada inkişaf etdikcə Azərbaycanda da buna bir qədər normal baxmağa başladılar. Qanunvericilik dəyişiləndən sonra, eyni zamanda cinayət məcəlləsinə yeni maddələr əlavə edildikdən sonra qız qaçırılma həm də insan oğurluğunun bir forması kimi qəbul edildi. 21-ci əsrdə qız qaçırmaq, yaxud valideynlərin razılığı olmadan nikaha daxil olmaq bir qədər qəribə görsənsə də artıq ictimai nikah rəsmi nikahın bir formasına çevrilib. Artıq valideynlərin, qohum-əqrabanın, nənə-babanın razılığı o qədər də önəmli sayılmır. Amma bunun kəskin forması kimi əlbəttə qız qaçırmaq, xüsusən hələ orta məktəbi bitirməmiş qızların çöldə maşına basıb kiminsə arvadı və ya gəlini olması üçün bir çox hadisələrin törədilməsi, əlbəttə cinayət hadisəsi kimi qəbul edilir”.

Yazıçı-kulturoloq qeyd edib ki, biz qızlarımızın ən azı 24-25 yaşa qədər nikaha daxil olmasının qəti qadağan edilməsini təklif etmişdik:

“Çünki 25 yaşa qədər orqanizm bioloji olaraq formalaşır. Artıq gənc qızlar və ya oğlanlar valideyn olmaq üçün hazır olurlar, həmçinin sosial-mədəni baxımından da. Eyni zamanda, biz qızlarımıza və oğlanlarımıza imkan yaradırıq ki, onların bir qismi iqtisadi vəziyyətini düzəltsinlər və peşəyə yiyələnsinlər. Bununla da evləndikdən sonra ailənin sosial-iqtisadi çətinliyinin ağırlığını öz çiyinlərində daşıya bilsinlər. Ali təhsil almaq istəyənlər də bundan istifadə edə bilsinlər, oğlanlarımız hərbi xidmətlərini keçə bilsinlər. Nə cəmiyyətə, nə də valideynlərə və yaxınlarına yük düşməmək üçün ən azı 23-25 yaş həddi təklif olunurdu. Bu, qanunvericilik səviyyəsində tənzimlənsə həm valideynlərin məsuliyyəti artar, həm də qız qaçırılmanın qarşısı qısmən alınar.45 və ya 31 adam oğurluğu hadisəsindən bir qisminin qızların qaçırılması olması, əlbəttə 10 milyondan artıq əhalisi olan ölkə üçün elə hadisə deyil ki, bunu ümumi cinayət faktı, yaxud ictimai sosial bəla kimi qəbul edək. Amma bu hallar olmasa daha yaxşı olar. Gənclərimiz fikirləşməlidirlər ki, hər bir hadisənin çıxış yolu var. Yetər ki, səbirsiz olmasınlar, müəyyən mənada problemi zamanın ixtiyarına buraxsınlar. Eyni zamanda, həmin gənclərlə bağlı Azərbaycanda psixoloji xidmətlərin olması da vacibdir. Düşünürəm ki, bir sıra qurumlar, mətbuat, sosial şəbəkələr və ictimai birliklər bununla bağlı maarifləndirmə işlər apara bilərlər. Əgər bu maarifləndirməni düzgün qursaq, hüquq-mühafizə orqanaları və prokurorluğunun iştirakı ilə tez-tez bu yöndə tədbirlər keçirilsə problem də aradan qalxacaq”.

Prezident təqaüdçüsü sonda gənclərə deyib ki, qızın oğlana qoşulub ictimai nikaha daxil olması bir tərəfdən onların sərbəstliyini sübut etsə də, digər tərəfdən sonralar çox böyük ailə məişət və hüquqi problemlər ortaya qoyur:

“Uşaq dünyaya gələndə, ailələr ayrılanda alimentdən və əmlakdan tutmuş uşağın böyüdülməsinə qədər çox böyük problemlərə yol aça bilər. Ona görə də 100 dəfə düşünsünlər və bir dəfə qərar qəbul etsinlər”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
herbiand.az

1Mənbələr