“Azərbaycanda normal şərtlər altında iş saatı 8 saatdır”. Bu sözləri SİA-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, amma müəyyən kateqoriyalar üçün güzəştli şərtlər də var: “İş vaxtından əlavə istirahət və bayram günlərində işə cəlb olunma var ki, burada işçiyə ödəniş ikiqat həyata keçirilməlidir”.
Sahib Məmmədov sözlərinə belə davam edib: “İşçi iş vaxtından əlavə işə cəlb olunursa, işçinin razılığı olmalı və bu işəgötürənin əmri ilə təsdiqlənməlidir.
İş vaxtından əlavə işlərə cəlb olunmaq Azərbaycanda geniş yayılıb. Bəzən işçini 10-12 saat işlədirlər. Onunla bağlı heç bir rəsmiləşdirmə aparmır və əlavə işə görə ödəniş də etmirlər. Dövlət Əmək Müfəttişliyi Xidməti yerlərdə yoxlamalar apara bilmir. Buna görə sui-istifadə halları çoxalıb. Bunun üçün inzibati məsuliyyət nəzərdə tutulub. Yəni, işçi şikayət etsə, müvafiq nəzarət orqanı qahunsuzluğu üzə çıxarsa, işə götürənin bu halda əlbəttə məsuliyyəti var”.
Ayşən Vəli