AZ

Slovakiyanın baş nazirinə sui-qəsd buna görə baş tutub - sabiq prezidentin mühafizəçisi açıqladı  

 

Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsd cəhdinin baş tutması onun mühafizəsi ilə bağlı müzakirələrə səbəb olub. Xüsusi qoruma altında olan baş nazirə qoca bir yazıçı - şair Yuray Çintulanın 5 dəfə ardıcıl güllə ata bilməsi mühafizəçilərin professionallığını böyük şübhə altına qoyub.

 71 yaşlı yazıçı müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarlarındandır və baş naziri onun yürütdüyü siyasətlə razı olmaması səbəbindən güllələdiyini deyib.

Bəs onun qarşısını mühafizəçilər niyə ala bilməyib? 

Rusiyanın ilk prezidenti Boris Yeltsinin təhlükəsizlik xidmətinin rəhbəri olmuş Aleksandr Korjakov Fitsoya qarşı sui-qəsdin baş tutmasında onun mühafizəçilərini günahlandırıb və mühafizəçilərin səhvlərini sadalayıb. O, Rusiya mətbuatına deyib ki, mühafizəçilər küçəni əvvəlcədən hazırlamalı idilər. Siyasətçi kortəbii şəkildə insanlarla ünsiyyət qurmaq qərarına gəlsə belə, ən azı birinci onlar qaçmalı və hər kəsi sıx halqa ilə mühasirəyə almalı, baş naziri heç nə ilə təhdid etmədiyinə əmin olmalı idilər. Mühafizəçilərin səhvi belə acınacaqlı vəziyyəti ortaya çıxarıb. Fitsoya qarşı sui-qəsd Slovakiyanın Gandlova şəhərində baş verib. Yuray Çintula respublika hökumətinin iclasının keçirildiyi binanın qarşısında baş nazirə atəş açıb. Hadisə şahidlərinin sözlərinə görə, tədbir başa çatdıqdan sonra siyasətçi yerli sakinlərə yaxınlaşıb. Sonra izdihamdan bir neçə atəş səsi eşidilib və Fitso yerə yıxılıb. Slovakiya mətbuatının məlumatına görə, baş nazir döş qəfəsindən və mədəsindən yaralanıb və helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.  Şahidlərin sözlərinə görə, Fitso onu salamlayan insanlara yaxınlaşarkən təxminən 5 atəş açılıb. Yuray Çintula dərhal saxlanılıb.

Fitso hadisə yerindən Bratislavadakı xəstəxanaya götürülüb, lakin təyinat “təcili müdaxilə ehtiyacı” səbəbindən dəyişdirilib. Banska Bystrica Gandlovadan təxminən 30 km, Bratislava isə 100 kilometrdən çox məsafədə yerləşir. Robert Fitso sui-qəsddən sonra əməliyyat otağında 5 saat qalıb. Xəstəxananın rəhbəri Miriam Lapunikova jurnalistlərə bildirib ki, onu xilas etmək üçün iki həkim qrupu çalışıb, hazırda Fitsonun vəziyyəti ağır olaraq qalır.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
20
musavat.com

10Mənbələr